Gürcüstanda koronavirusdan şübhə doğuran şəxsin Azərbaycandan sağ-salamat keçib getdiyi aydınlaşdı

27 Fevral 2020 17:32 (UTC+04:00)

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə birgə məlumat yayıb.

“Trend”ə daxil olan məlumatda bildirilir ki, fevralın 25-də İran İslam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqda məlumat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıb.

Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.

Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.

Açıqlamada deyilir ki, göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı Dövlət Gömrük Komitəsi (DGK) də məlumat yayıb.

DGK-dən baki-xeber.com-a bildirilib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib.

Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib.

Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb.

Bu arada Dövlət Sərhəd Xidməti Gürcüstanla sərhədin bağlanması ilə bağlı yaranmış narahatlıqlara aydınlıq gətirib.

DSX-dan verilən açıqlamada bildirilir ki, Azərbaycan-Gürcüstan sərhədində sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Məlumatda o da qeyd olunur ki, hazırda sərhəddə gediş-gəlişə məhdudiyyət qoyulmayıb: "Hələ ki, bu məsələ ilə bağlı hər hansısa bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bakıdan Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur. Bu barədə “Trend”ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb:

"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir məlumat daxil olmayıb. Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də agentliyə hər hansı bir məhdudiyyətin olmadığı bildirilib: "Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər".