Bütün Ermənistan Rusiya səfirinin “qanını içmək” həddində - Lev Əsgərovun bir məqaləsi...

27 Fevral 2020 19:08 (UTC+04:00)

Bu günlərdə Rusiyanın aparıcı nəşrlərindən birində - “Nezavisimaya qazeta”da Sovet İttifaqının və Azərbaycanın tanınmış jurnalisti Lev Mobutoviç Əsgərovun “Sumqayıt faciəsi” adlı trilogiyası dərc olunub.

Hadisələrin haradan qaynaqlanması və necə baş verməsi barədə bəhs edilən məqalə SSRİ DTK-nın sənədləri əsasında hazırlanıb. “Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib” sərlövhəli yazıda müəllif arxiv materiallarına əsaslanır. Məqalədə Sumqayıt olayının baş verdiyi ərəfə, bu faciəyə gətirən hadisələr, səbəbkarlar, təqsirkarlar barədə ətraflı söhbət açılır.

1988-ci iliin 27-29 fevralında baş vermiş Sumqayıt hadisələrinin ildönümü ərəfəsində “Nezavisimaya qazeta”da əsl həqiqətlərin işıqlandırılması həmin hadisələrin əsl tərəfini və günahkarlarını ifşa edir.

Ancaq bütün bunlar erməniləri bərk narahat edir. Erməni mediası bununla bağlı Rusiyanı kəskin tənqid edib. Qeyd olunur ki, Rusiyanın Ermənistandakı səfiri Rusiya kanallarının erməni milli multipleksindən çıxarılması təklifindən narahatlığını bildirsə də, Rusiya KİV-də Moskva-Bakı bazasında azğınlaşmış antierməni təbliğatı davam edir. Bu fikirlər Ermənistanın lragir.am saytında yer alıb. Nəşr bildirir ki, bu, Rusiya rəhbərliyinin antifaşist ritorikası fonunda özünü qabarıq göstərir: “Bu günlərdə Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycan müəllifinin Sumqayıtda ermənilərin törətdiyi qırğınlar haqqında məqaləsini dərc edib. Bu cür yazılar Ermənistanın “strateji qardaşı” sayılan dövlətin mətbuatında dərc olunur. Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinə görə, “nifrət və ya ədavəti qızışdıran, həmçinin, insanın və ya bir qrup şəxsin ləyaqətinə toxunan” şəxslər fəaliyyətləri ilə məşğulolma hüququndan məhrum edilməli və ya üç ildən altı ilədək müddətə həbs cəzası almalıdırlar.

Bir il əvvəl bir neçə erməni saytı Rusiya vətəndaşı Ruben Tatulyan - Robsonun iddiası əsasında Rusiya ərazisində bloklanıb. Tezliklə kilidi silinib, lakin 2019-cu ilin dekabr ayında, xüsusilə lragir.am saytı yenə də eyni bəhanə ilə Rusiya ərazisində bloklanıb.

Ruben Tatulyan Rusiya mətbuatında irqçi xarakterli antierməni məqaləsi ilə bağlı məhkəməyə müraciət edəcəkmi? Halbuki, bu sualı Rusiya təbliğatının avanqardı – vəzifələrinə görə mühakimə olunan Marqarita Simonyana vermək lazımdır. Bu sualı Ermənistandan çox narahat olan görkəmli rus-erməni Andranik Migranyana yönəltmək olar. O, Ermənistanın sabiq prezidentləri üzərində məhkəmə prosesləri ilə əlaqədar “erməni olduğuna görə utandığını” demişdi. Ancaq onların özləri də antierməni təbliğatından utanmalıdırlar”.

Maraqlıdır, ermənilər niyə sözügedən məqalədən bu qədər narahat olub şivən qaldırırlar?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Sumqayıt hadisələri ilə bağlı əsl həqiqətlərin Rusiyanın aparıcı nəşrində işıq üzü görməsi ermənilərin yalanını ortaya qoyur: “Ona görə bu dərəcədə narahatdırlar. Şəxsən mən özüm “Nezavisimaya qazeta”da dərc olunan həmin yazını oxumuşam. Çox obyektiv yazıdır. Ermənilər utanmadan Rusiyanı ittiham edirlər. Hansı ki, bu günə qədər Rusiya KİV-də kifayət qədər ermənilərin maraqlarından çıxış edən yazılar dərc olunub. Rus mətbuatında çalışan erməni əsilli yazarlar Azərbaycana yönəlik ağla gəlməyən böhtanlar səsləndiriblər. Son vaxtlar Avropa ölkələrində və o cümlədən, Rusiyada ermənilərin iç üzünün ortaya qoyulması qarşı tərəfi narahat edir. Çünki bunun sayəsində ermənilərin əsl siması ortaya çıxır. Gerçəklər üzə çixdığı üçün ermənilər bu qədər narahatdır və istəmirlər ki, onların faşist siması ifşa olunsun. Bu baxımdan sözügedən məqalə çox ciddi rezonansa səbəb oldu. Bütün hallarda, bu səpkili daha çox yazının tanınmış Rusiya nəşrlərində dərc olunmasına çalışmalıyıq. Çünki Rusiya ictimaiyyətində ermənilərin əsl simasını bilməyən insanlar var. Onları bu minvalla məlumatlandırmaq lazımdır”.

Vidadi ORDAHALLI