Bakı-Tiflis-Qarsla Naxçıvandan Məşhədə - Ermənistan əl uzada bilmədiyi dəmir yolunun əhatəsində…

27 Fevral 2020 19:57 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında dinamik inkişaf edən münasibətlər, bu istiqamətdə atılan yeni addımlar Ermənistanda daim böyük narahatlıqla izlənilir. Bu narahatlıq Türkiyə prezi­denti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə son səfərindən sonra daha da artıb.

Xüsusən də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin perspektivdə Naxçıvana qədər uzadılması məsələsi düşmən ölkədə ciddi təşvişlə qarşılanır. Ermənistanın "İrates" qəzeti yazır ki, Türkiyə bununla Naxçıvanda iqtisadi cəhətdən də möhkəmlənmək istəyir:"Türkiyənin Naxçıvanda bu şəkildə möhkəmlənməsi Ermənistan üçün təhdiddir. Amma bu təhdidin aradan qaldırılması İrəvanın imkanları xaricindədir. Türkiyə bizə təzyiqləri müxtəlif istiqamətlərdən artırmaqda davam edir".

Qeyd edək ki, Naxçıvanın iqtisadi cəhətdən güclənməsində Türkiyənin böyük rolu var. Buradan Türkiyəyə ixrac və idxal muxtar respublikanın iqtisadi həyatında vacib rol oynayır.

Təbii ki, belə vəziyyətdə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Naxçıvana qədər uzadılması muxtar respublikanın iqtisadi inkişafına yeni mühüm təkan verəcək. Bu mövzuya prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış zamanı da xüsusi toxunublar.  İlham Əliyev məsələ ilə bağlı qeyd edib: "Nəqliyyat sahəsində böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tiflis-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır". Rəcəb Tayyib Ərdoğan da bunu önəmli hal sayır: "14 sənəd - memorandum, saziş və protokol imzaladıq... Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir".

Əslində, Naxçıvan Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınan yüklərin qəbul elilməsinə hələ 2018-ci ildən başlayıb. Belə ki, həmin ilin avqustunda Naxçıvana sözügedən dəmir yolu xəttilə yüklərin daşınmasına başlanıb. Bakı-Tiflis-Qarsla daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq, yük maşınları vasitəsilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılır. Bakı-Tiflis-Qars  xətti vasitəsilə daşımaların təşkili Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı deməkdir. Bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir. Amma yükdaşımalarn daha da asanlaşdırılması üçün Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bu məqsədlə Qars-İqdır-Aralıq-Dilucu dəmiryol xətti tikintisinin Naxçıvan istiqamətində davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Sözügedən xətt Bakı-Tiflis-Qars yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə tərəf bütün Türkiyə ərazisindən keçən Qars-Kapıkule xəttinə, daha sonra Avropaya doğru uzanacaq. Bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə və Naxçıvanda istehsal olunan məhsulların xarici ölkələrə rahat daşınmasına səbəb olacaq. Lakin Bakı-Tiflis-Qarsın Azərbaycan üçün əhəmiyyəti təkcə yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Məsələ burasındadır ki, bu dəmir yolunun muxtar respublikaya kimi uzadılmasından sonra gələcəkdə onun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi də nəzərdə tutulur. Xatırladaq ki, 2017-ci il dekabrında Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlayıb. Elə bundan sonra Bakı-Tiflis-Qarsın Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi aktuallaşıb. Beləliklə, Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat-Sivas-Erzincan-Qars dəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək. Həmin xətt də məhz Naxçıvandan keçəcək. Bununla da Bakı-Tiflis-Qars Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı demək olacaq və bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir. İndilikdə isə Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tiflis-Qars regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla, onu tranzit daşımalar mərkəzinə çevirir. Perspektivdə bundan Naxçıvan da əhəmiyyətli dərəcədə yararlana biləcək. Elə bu fonda erməni tərəfinin Bakı-Tiflis-Qarsdan hələ də ciddi narahatlıq keçirməsi başadüşüləndir. Çünki Azərbaycanda qurulan tranzit infrastruktur, ölkənin nəqliyyat imkanlarının artıq beynəlxalq miqyasda kifayət qədər diqqət cəlb etməsi Ermənistanı sürətlə arxa plana atır. İran, Rusiya kimi ölkələrin də Bakı-Tiflis-Qarsa marağının artması isə Ermənistanın əndişəsini daha da artırır. Çünki bu ölkələr İrəvanla nəqliyyat sahəsində daha əvvəl nəzərdə tutulan bütün layihələrdən imtina edir.

Nahid SALAYEV