İki evdən oğurluq – Xudatlı keçmiş məhkum saxlandı

25 Fevral 2020 13:17 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xudat şəhəri ərazisində yerləşən iki fərdi yaşayış evindən ümumi dəyəri iki min manatdan çox olan iki ədəd televizor, bir ədəd xalça, bir ədəd samovar və bir ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mursaibov saxlanıb.

Dindirilmə zamanı həmin şəxs evlərə gecə saatlarında qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətləri dəyərindən xeyli ucuz qiymətə - 250 manata satan V.Mursaibov əldə etdiyi pulları xərclədiyini bildirib.

Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, mallar maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.