Fransa XİN rəhbəri energetikanın Fransa və Azərbaycan arasında əməkdaşlığın vacib sahəsi olduğunu söylədi

24 Fevral 2020 16:15 (UTC+04:00)

Energetika Fransa və Azərbaycan arasında əməkdaşlığın vacib sahəsidir. Bunu “Trend”ə Fransanın Avropa və Xarici işlər naziri Jan-İv Le Drian deyib.

Nazir hesab edir ki, iki ölkə arasında ticarət potensialı hələlik tam reallaşdırılmayıb: “Biz idxal və ixrac həcmlərinin artırılması üzərində işləməliyik. 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsi 750 milyon avro təşkil edib ki, bunun da 600 milyon avrosu neft idxalının payına düşür. Müxtəlif sektorlarda əməkdaşlığı inkişaf etdirməklə ticarət balansımızı daha da yaxşılaşdırmaq lazımdır”.

Bununla əlaqədar olaraq Jan-İv Le Drian energetika (yeni neft-qaz yataqlarının işlənməsi), eləcə də bərpa olunan enerji sahəsində layihələri vurğulayıb: “Sizin Energetika Nazirliyinin yeni külək və günəş elektrik stansiyalarının tikintisi üzrə ambisiyalı planları var. Qeyd etdiyim kimi, energetika əməkdaşlığın vacib hissəsidir. Fransanın “Total” şirkəti Azərbaycan bazarında fəaliyyət göstərir və tezliklər ölkənin qaz ixracında iştirak edə biləcək. Biz yeni sazişlərin imzalanmasına ümid edirik”.

Ötən il Azərbaycanla Fransa arasında əməkdaşlığın yekunlarından danışan nazir qeyd edib ki, 2019-cu il ikitərəfli iqtisadi münasibətlər üçün məhsuldar il olub: “Səfirliyimiz Fransanın ən iri biznes ictimaiyyəti olan “Medef”in nümayəndə heyətnin vacib səfərini təşkil edib. Nümayəndə heyəti 43 iri və orta Fransa şirkətlərindən ibarət idi. Onlar hökumətin yüksək vəzifəli nümayəndələri ilə görüşüb və “Azpromo” ilə Fransa-Azərbaycan biznes forumunda iştirak ediblər. Daha bir vacib amil isə ötən ilin yayında Fransanın Maliyyə və İqtisadiyyat naziri Bruno Le Merin Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və bir sıra nazirlərlə görüşü olub. Nazir görüş zamanı beş prioritet sahəni əhatə edən iqtisadi tərəfdaşlığa aid olan məsələləri müzakirə edib: ətraf mühit, nəqliyyat, energetika, təhlükəsizlik və maliyyə. Ümid edirəm ki, fəal keçən ötən ilin ardınca bir çox ikitərəfli layihələrin reallaşdırılması gələcək”.

Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirə olunan tərəfdaşlıq sazişinə gəldikdə fransalı nazir bildirib ki, Fransa və Azərbaycan bu sazişin imzalanmasından fayda qazanacaq. O ümidvar olduğunu bildirib ki, saziş tezliklə imzalanacaq: “Ticarət sazişinin imzalanması ölkələrimiz arasında ticarət və investisiyaların inkişafı yolunda vacib element olacaq. Mən buna əminəm və məsələnin tezliklə həll olunacağına ümid edirəm”.

Fransalı nazir, həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bu məsələ ilə bağlı mən 2020-ci il yanvarın 30-da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatını xatırlatmaq istərdim. Bu bəyanatda həmsədrlər ədalətli və möhkəm sülhün əldə olunması üçün kreativlik və kompromiss ruhunun zəruriliyini xüsusi vurğulayıblar”.