Prezident Bakının sərnişin nəqliyyatı sektorunun inkişaf və problemlər mənzərəsini tam təsvir etdi

19 Fevral 2020 18:56 (UTC+04:00)

“Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır. Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir”. Bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Prezident bildirib ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir: “Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər.

Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir”.

Ölkə başçısının fikrincə, əldə edilmiş nailiyyətlərlə kifayətlənmək olmaz, hələ görüləsi işlər çoxdur: “Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar. Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir”.

Görünən odur ki, ölkə başçısı sərnişin nəqliyyatı sektorunun inkişaf və problemləri ilə bağlı bütün məqamlara toxundu. Bunların həll yollarını göstərdi.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi xeyli müddətdir bu məsələ ilə bağlı təkliflər verir: “Sürücülərin iş və istirahət rejiminə əməl olunmalıdır. Yəni 8 saatdan artıq sürücü avtobusu idarə etməməlidir. Ancaq gərək bunda daşıyıcı şirkətlərin özlərinin marağı olsun. Bəzi şirkətlər sürücüləri, sözün həqiqi mənasında, istismar edir. Sürücülər nəinki 8 saat, 12-14 saat işlədilir. Bu da müəyyən problemlərə səbəb olur. İş və istirahət rejimi pozulanda sürücülər gərgin və aqressiv olurlar. O baxımdan, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Bunun üçün daşıyıcı şirkətlər qarşısında məsələ qoyulmalıdır və onların buna nə dərəcədə əməl etməsinə nəzarət olmalıdır. Yalnız o halda problemlər aradan qaldırıla bilər. Təəssüf ki, bu problemlər hələ də qalmaqdadır. Problem qaldıqca da öz mənfi fəsadlarını göstərir. Nəticədə qəza risqi artır, sərnişin davaları yüksəlir. Bütün bunlar da ağır iş rejimi ilə bağlıdır. Sürücülər bəzən sərnişinlərə 30-40 qəpik gözü ilə baxırlar. Yarışırlar bir-birilə ki, daha çox sərnişin götürsünlər. Bu da ağır fəsadlara gətirib çıxarır. Ancaq normal maaş və iş rejimi olsa, sözügedən problemlər həllini tapacaq”.

Vidadi ORDAHALLI