Ərdoğan-Putin görüşündə nəticə olmasa, İdlibdə iki dövlətin müharibəsi başlayacaq…

19 Fevral 2020 19:15 (UTC+04:00)

Qardaş Türkiyə və Rusiyanın Suryiada münasibətlərinin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi indi daha çox diqqət mərkəzində yer almağa başlayıb. Çünki tərəflərin Suriyada əməkdaşlığı artıq İdlibdə dalana dirənib. Bu fonda Ankara savaşa başlayacağını anons edir, Rusiya isə bunun yolverilməz olduğunu bildirir.

Tərəflərin təması hələ ki, nəticə verir. Türkiyə prezidentinin sözcüsü İbrahim Qalın da faktı təsdiq edir. O bildirir ki, İdlibdə qarşıdurmanı əngəlləmək üçün Moskva türk ordusunun yerdəyişmə etməsini istəyir. Amma bu, Ankara üçün qəbuledilməzdir: “İdlibdə müşahidə məntəqələrimizin yerinin dəyişdirilməsi Türkiyə üçün günün müzakirə mövzusu deyil”. İbrahim Qalın deyib ki, rusiyalı diplomatik heyətlə Türkiyə tərəfinin apardığı son danışıqlardan rəsmi Ankaranı qane edəcək nəticələr olunmayıb:“Bizə təqdim edilən xəritə və bəzi kağızları qəbul etmədik. İdlibi və bögədəki insanları qorumaq üçün əraziyə hərbi güclərimizin göndərilməsi və hərbi fəaliyyətimiz davam edəcək. Çünki Türkiyə sərhədlərinə köç axını davam edərkən biz buna tamaşaçı qala bilmərik. Hərbi qüvvələrimizə hər hansı şəkildə hücumlar bir daha təkrarlanarsa, biz yerindəcə və yetərincə cavabını verəcəyik”. Prezident sözçüsü deyib ki, Suriya mövzusunda Türkiyənin əsas istəyi Soçi razılaşmasının şərtlərinə əməl olunmasıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə daha sərt mövqe sərgiləyib: "Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Mosvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir. Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Hər an əməliyyatlara başlaya bilərik. Daha açıq formada desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər". Ərdoğan onu da vurğulayıb ki, Suriyada Bəşər Əsədə sadiq qüvvələrin hücumları nəticəsində son günlər Türkiyənin 15 əsgəri şəhid olub, daha 45 hərbçi yaralanıb. Bu durumda Suriya ordusuna Türkiyənin cavab zərbələri Rusiyanı qane etmir. Digər tərəfdən Əsəd qüvvələri Rusiya ordusu ilə birgə hərəkət edir. Elə bu səbəbdən onlara qarış əməliyyatlar Rusiya qüvvələriən qarşı da fəaliyyət sayılır. Bu səbəbdən Moskva türk ordusunun İdlibi tərk etməsini və ya yerdəyişmələr etməsini istəyir. Belə vəziyyətdə Rusiya rəsmiləri Ərdoğanın İdlib bölgəsindəki vəziyyətlə bağlı çıxışına da maraqlı münasibət bildirib.  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya ordusunu dəstəklədiklərini deyərək tərəfləri İdlibə dair razılaşmaya əməl etməyə çağırıb. O, eyni zamanda, Rusiyanın Türkiyə ilə yüksək səviyyədə əməkdaşlığa hazır olduğunu söyləyib.  Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə rəsmi Kremlin Ankara ilə dialoqu davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Türkiyənin Suriya ordusuna qarşı hərbi əməliyyata başlaması ən pis ssenari ola bilər. Ona görə də Rusiya İdlibdə vəziyyətin gərginləşməməsi üçün Türkiyə ilə təmaslarını davam etdirəcək". 

Bu durumda türk Volkan Özdəmir bildirir ki, İdlib böhranı ilə bağlı yeni barışıq martın əvvəlində Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında əldə edilə bilər: "Türkiyə Suriyada daha bir hərbi hücuma cəhd edərsə, Qərb düşərgəsindən kömək gəlməyəcək. Bu məsələdə Türkiyə ilə Rusiyanın əlaqələrini dondurmaq və ölkəni təkrar Qərbin düşərgəsinə çəkmək olar. İdlibdə sıxışıb qalmaq Türkiyəyə Liviyadan daha baha başa gələ bilər". İdlib məsələsinin Şərqi Aralıq dənizi ilə əlaqəli olduğuna diqqət çəkən Özdəmir Türkiyənin vaxtilə rus hərbi təyyarəsini vurmasından sonra da tək qaldığını vurğulayıb. Özdəmir bildirib ki, liderlərin görüşündə İdlib böhranı həllini tapa bilər. Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlamasında rusiyalı həmkarları ilə İdlib görüşünün nəticə verməyəcəyi təqdirdə hər iki ölkə prezidentinin görüşə biləcəyi mesajını verib.  Hesab edilir ki, Putin və Ərdoğan arasında razılıq ələd olunmasa, onda tərəflərin Suryiada savaşı qaçılmaz ola bilər. Düzdür, bunu tərəflərdən heç biri istəmir. Amma mövqelərindən də geri çəkilməyi düşnümrülər. Türkiyənin “Takvim” qəzeti belə vəziyyətdə savaşı istisna etmir: “Hazırda İdlib yalnız bizim deyil, bütün dünyanın gözünü, qulağını dikdiyi yerdir. Suriyanın İdlibdə türk hərbi hədəflərinə etdiyi hücumların mərkəzində, təəccüblü görünsə də, nə Dəməşq administrasiyası, nə Əsədin hərbçiləri, nə də komandirləri durur. Ortaya fərqli səbəblər, təhlillər qoysaq da, türk hərbçilərini hədəf almalarının ilk böyük səbəbi Liviyadır. Çünki ortada bir çox anlaşmanın olmasına rəğmən, Rusiya Türkiyənin Liviyada olmasından çox narahatdır. İki ölkə arasında bir çox strateji tərəfdaşlıq olsa da, Moskva Türkiyənin Liviya ilə bağlı atdığı addımlardan narahatdır. Bu dəqiqdir. ABŞ da Liviyada Rusiya ilə gizli bazarlıq etdiyi halda, Türkiyənin Liviyanın heç bir nöqtəsində olmasını istəmədi. İndi Suriyada başlayan gərginlik Türkiyə ilə Rusiya arasındakı önəmli anlaşmalara təsir edəcək. Əsəd bir sarayından o birinə keçərkən belə, Kremlin xəbəri olur. Bu səbəblə, “Əsəd rejiminin gücləri” adlandırılan qüvvələr, əslində İran və Rusiyanın bölgədəki qüvvələridir. Hücum edən də onlardır. Mütəxəssislərin də altını cızdığı kimi, İdlib çox çətin bölgədir. İdlib bir çox qrupun olduğu, həll yolunun isə olmadığı bir bölgə kimi tanınır. Vaşinqton da, Moskva da, hətta Tehran belə, Türkiyənin İdlibdə əməliyyata başlaması halında Liviyada səssiz qalacağını düşünür. Bu səbəbdən Ankara uzaqgörən gedişlər etməlidir”.

Tahir TAĞIYEV