YAP-dan olan millət vəkillərinin açıq sosial şəbəkə səhifələri saxlamaq problemi...

13 Fevral 2020 16:27 (UTC+04:00)

Bu seçki prosesində namizədlərin daha çox istifadə etdiyi təbliğat metodlarından biri də sosial şəbəkələr oldu. Əsasən də “Facebook” üzərindən aparılan təbliğata daha çox rast gəldik.

Ən maraqlı tendensiya bu oldu ki, biz seçki prosesində sosial şəbəkələrdən illər uzunu aralı qalan şəxslərin istifadə etdiyinin şahidi olduq. Danılmaz faktdır ki, hakim Yeni Azərbaycan Partiyasından millət vəkili olan şəxslər sosial şəbəkələrdən elə də çox istifadə etmirdilər. Hətta elə millət vəkilləri vardı ki, onlarla telefon əlaqəsi qurub, informasiya almaq belə müşkül məsələyə çevrilirdi. Təbliğat dönəmində həmin adamların adından paylaşılan sponsorlu postları görəndə maraq bizi bürüdü. Baxdıq ki, sən demə, bəzi YAP namizədləri yalnız seçkidən-seçkiyə öz səhifələrini aktivləşdirirlər. Ancaq bunu heç də bütün YAP deputatlarına şamil etmək olmaz. Bu səbəbdən də hakim partiyadan deputat olan şəxslərin sosial şəbəkələrdəki aktivliyinin hansı dərəcədə olduğunu araşdırmaq qərarına gəldik.

YAP-ın keçmiş və yenidən seçilən deputatları arasında aktiv “Facebook” istifadəçiləri olanlara diqqət edək. Millət vəkili Aydın Mirzəzadənin adına həm şəxsi profil, həm də eyniadlı səhifə var. Hər gün profil üzərindən paylaşımlar edilir. Millət vəkili Nəsib Məhəməliyev də sosial şəbəkədə çox aktivdir. Hətta gedən polemikalarda yaxından iştirak edir. Gəncədən hakim partiyanın namizədi kimi mandat alan Naqif Həmzəyevin adına isə bir neçə profil var. O da sosial şəbəkələrdə aktiv iştirak edir. Gəncədən millət vəkili seçilən Pərvin Kazımzadənin adına şəxsi profilin olduğuna rast gəlmədik. Seçki dönəmində öz adına olan səhifə üzərindən aktiv təbliğat apardığını gördük. Qaradağdan millət vəkili olan Aydın Hüseynovun da adına profil var, seçki dönəmində sosial şəbəkələr üzərindən aktiv təbliğat apardığı üzə çıxdı. Elman Nəsirov da YAP deputatı olaraq, sosial şəbəkə istifadəçisidir, amma deyəsən daha çox izləməyə üstünlük verir. Parlamentdə YAP-ı təmsil edən nisbətən yaşlı millət vəkillərinin adına isə formal səhifələrin olduğunu gördük. Hadı Rəcəbli, Hüseynbala Mirələmovun adlarına səhifələr olsa da, demək olar ki, fəaliyyətsizdirlər. Yəni səhifələr formal olaraq yaradılıb. Məlahət İbrahimqızı adlı millət vəkilinin isə adına, ümumiyyətlə, sosial şəbəkələrdə rast gəlinmir. Siyavuş Novruzov sosial şəbəkəyə yeni qoşulanlardan sayılsa da, adına iki səhifə fəaliyyət göstərir, özü də aktiv çalışır. Bu YAP funksioneri heç bir virtual ictimai müzakirədə iştirak etmir, yalnız onun adından özü ilə bağlı xəbərlər paylaşılır. Hakim partiyanı ilk dəfə parlamentdə təmsil edəcək şəxslərin adı ətrafında apardığımız araşdırma da ürəkaçan olmadı. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən seçilən ən gənc namizəd Səbinə Xasıyevanın adına nəinki profil yoxdur, ümumiyyətlə, axtarış sistemlərində hər hansı bir məlumat belə əldə etmək mümkün deyil. İlk dəfə YAP-ı təmsil edəcək Hicran Hüseynovanın da adına profil və ya səhifəyə rast gəlmədik. Bütün bunlardan belə nəticə hasil olur ki, YAP-dan olan bir çox deputat virtual ünsiyyətdən çəkinir. Adlarına profil olsa da, orada aktivlik nümayiş etdirmirlər. İstənilən halda, hakim YAP-ı təmsil edən millət vəkilləri yalnız qeydiyyat xatirinə sosial şəbəkələrdə olmamalıdırlar. Olmayanlar isə həmin məkana gəlib, xalqı, seçiciləri maraqlandıran suallara cavab verməlidirlər. Çünki onların ən başlıca missiyalarından biri təmsil etdikləri partiyanı və hakimiyyəti müdafiə etmək olmalıdır.

Məhəmmədəli QƏRİBLİ