Azərbaycanlıların öz yurdlarından ermənilər tərəfindən zorakı deportasiya tarixləri... - I yazı

12 Fevral 2020 19:28 (UTC+04:00)

Dünyada Azərbaycan türkləri kimi çətin ikinci bir xalq tapıla bilər ki, öz tarixi ata-baba yurdlarından deportasiya edilələr, özü də torpağında yaşamaq üçün yer verdiyi soysuz, yurdsuz bir toplum tərəfindən. O toplum tərəfindən ki, XX yüzilliyin əvvəllərinə qədər Qafqazda onun heç bir dövləti olmayıb. Söhbət torpaqlarımıza sahiblənən ermənilərdən və onların xalqımıza yaşatdığı faciələrdən, silsilə deportasiya aktlarından gedir.

Azərbaycanlıların tarixi torpaqları olan Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilməsində heç şübhəsiz ki, onları Azərbaycan torpaqlarında məskunlaşdıran, bunun üçün bütün vasitələrə əl atan Çar Rusiyasının və digər iri dövlətlərin rolu danılmazdır. Azərbaycan torpaqlarında erməni dövləti qurulmasına rəvac verən, dəstək göstərən dövlətlər bununla Azərbaycan xalqına qarşı böyük tarixi ədalətsizlik ediblər. Nəticədə azərbaycanlılar öz ata-baba yurdlarından deportasiya ediliblər. Xalqımızın tarixinin faciəli səhifələrindən olan deportasiya aktını törədən ermənilər tarix qarşısında cavab vermək əvəzinə, torpaqlarımıza qarşı sonu bilinməz iddialar meydana qoymaqdadırlar.

Tarixçilər qeyd edirlər ki, azərbaycanlıların indiki Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası üç mərhələdə aparılıb. Tarixçilərin verdiyi məlumata görə, birinci mərhələ 1905-1920-ci, ikinci mərhələ 1948-1953-ci, üçüncü mərhələ 1988-1992-ci illəri əhatə edir.

Tarixçilərin bildirdiyinə görə, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiya zamanı -  1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən, doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini məbədləri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına diqqət çəkən mütəxəssislər bildirirlər ki, bu akt əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilib. Tarixçilər deyirlər ki, əgər Krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər ki, məqsəd Ermənistanın "təmizlənməsi" idi. Ermənistanda bütün toponimlərin də təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Sovetinin çoxlu saylda qərarı ilə 2 mindən çox ad dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə Sovet dövrü bəs etmədi. Ermənistanın məsul işçilərindən biri olan Manuk Vardanyanın sözlərinə görə, ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi Sovet dövründən sonra da davam etdirilib. Erməni şovinistlərinin bunda məqsədi öz halal torpaqlarımızdan bizim izlərimizi silmək olub. Bundan əlavə, erməni şovinistləri burada həm də azərbaycanlı, erməni və kürd əhalisinin sayının dəyişdirilməsi məqsədini də güdüblər.

Tarixçilər vurğulayırlar ki, əsrlər boyu Ermənistanın şərqində yaşamış azərbaycanlılar iyirminci əsrdə sosial sahədə sıxışdırılaraq diskriminasiya olunublar. Məlum olduğu kimi, 1918-1920-ci illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovulub və keçən əsrin 40-cı illərində erməni gəlmələri üçün yer əldə etmək üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olunub. O da məlumdur ki, 1988-1989-cu illərdə son etnik təmizləmə vaxtı isə yerdə qalanlar qovuldular.

Tarixçi Həyat Məhərrəmova qeyd edir ki, XIX yüzillikdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi azərbaycanlıların deportasiyası ilə nəticələnib. “Bu dövrdən müxtəlif adlar altında azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması prosesinə başlanıb və nəticədə yüzminlərlə soydaşımız öz ata yurdundan didərgin salınıb. Burada əsas məqsəd etnik türkləri, müsəlmanları öz yurdlarından qovmaq, Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq idi. Məlumdur ki, Azərbaycan türklərinin iyirminci əsrdə ardıcıl olaraq köçürülməsi bu siyasətə, ideologiyaya xidmət edib. Sirr deyil ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıblar, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib”.

Tarixçi xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

H.Məhərrəmovanın vurğuladığına görə, sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. “Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib”.

H.Məhərrəmova vurğuladı ki, ermənilərin dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyasına ilham verən dövlətlər bunun uğursuz ideya olduğunun fərqinə varsalar da, kənardan ermənilərə havadarlıq ediblər.

Tarixçinin qeyd etdiyinə görə, müasir tədqiqatlarda göstərilir ki, ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl buna xüsusi hazırlaşıblar. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyiblər. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın - indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.

O vurğuladı ki, hazırda Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib.

Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıblar. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, UNESCO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlər göndərilsə də, nəticə hələ ki, yoxdur.

Fransa, Rumıniya, Azərbaycan, Türkiyə, Ukrayna, İtaliya parlamentariləri tərəfindən imzalanmış Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarında göstərilir ki, "Böyük Ermənistan yaradılmasına yönəldilmiş azərbaycanlı əhalinin məcburi köçürülməsi yüz ildən artıq bir dövrü əhatə edir”

O qeyd etdi ki, Azərbaycan türklərinin ermənilər tərəfindən deportasiya edilməsi faktına siyasi qiymət Heydər Əliyev tərəfindən verilib. “Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Həmin Fərmanda deyilir: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.