Paşinyana qarşı yeni partiya – keçmiş DTX sədrinin Rusiya himayəsində olduğu deyilir

12 Fevral 2020 19:15 (UTC+04:00)

Rusiyanın mövcud Ermənistan hakimiyyətinə simpatiyasının olmadığı heç kimə sirr deyil. Elə bu səbəbdən Kremlin Nikol Paşinyan iqtidarına qarşı hərəkətə keçəcəyinə dair Ermənistanda baş tutan məlum “məxməri inqilab“dan sonra müxtəlif proqnozlar verilir.

Əvvəllər hesab edilirdi ki, Moskva Paşinyana qarşı “Qarabağ klanı“ndan istifadə edəcək. Amma bu klanın erməni əhalisi arasında nüfuzunun olmaması və mövqeyini əhəmiyyətli dərəcədə itirməsi Rusiyanı başqa variantlardan istifadəyə sövq edir. Söhbət Paşinyana qarşı yeni siyasi qüvvənin formalaşdırılması və onun vasitəsilə Ermənistanda yeni hakimiyyət dəyişiklyinə rəvac verilməsindən gedir.

Real vəziyyətin təhlili göstərir ki, Moskva Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyana stavka edir. Vəzifəsindən ayrılan Vanetsyan artıq aktiv siyasətə atılır. O bu məqsədlə partiya yaratdığını bəyan edib. Özü də onun yeni partiyası sağ mərkəzçi olacaq. Vanetsyan “İnterfaks”a müsahibəsində bu xüsusda deyib:“Yeni siyasi qüvvə sağ mərkəzçi olacaq. Hazırda tərəfdarlarımız və mümkün tərəfdaşlarımızla geniş konsultasiya prosesi aparılır. Bütün mümkün müzakirələrdən sonra biz gələcək fəaliyyətlə bağlı konkret proqram və yol xəritəsi təqdim edəcəyik”. Vanetsyan hazırkı hökumətin “məxməri inqilab“ın hədəflərindən uzaqlaşdığını bildirib. Paşinyanın Ermənistana ədalət, həyat səviyyəsinin artırılması, təhsildə, səhiyyədə, sosial sferada xidmətin yüksəldilməsi vədini verdiyini, amma bunu reallaşdırmadığını vurğulayan Vanetsyan, həmçinin, Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu bildirib. Eks-kəşfiyyat şefi bundan sonra da İrəvanla Moskvanın strateji münasibətlərini saxlamalı olduğunu deyib:“Bu gün Ermənistanda hakimiyyəti müxalifətdə olarkən antirusiya mövqeyi ilə çıxış edənlər tutub. Nikol Paşinyanın özü parlamentdə Ermənistanın Avrasiya İttifaqından çıxması təşəbbüsünü irəli sürüb. Onlar Avrasiya İttifaqının Ermənistana təhdid olduğunu bəyan edirdilər”. Baş verənlərlə bağlı Ermənistanın “1in.am” saytı yazır:“Artur Vanesyanın partiya yaratdığını bəyan etməsi, ən azı, formal mənada hakimiyyətə iddia etmək deməkdir.Vanesyan bəyan edib ki, ideoloji nöqteyi-nəzərdən sağ mərkəzçi qüvvə formalaşdırır. Əlbəttə, hazırda Ermənistanın siyasi meydanında ideyalılıq “elektromobil” kimi bir şeydir, yəni o mövcuddur, lakin praktiki olaraq qayda deyil, daha çox istisna təşkil edir. Bu mənada, MTX-nin sabiq rəisinin partiyasının siyasi istiqamətinin Rusiyayönümlü olacağını demək daha əsaslı olacaq. Onun Çeçenistanın rəhbəri Kadırovla birgə Ermənistan məsələsilə bağlı “Ermənistan üçün proqramlar” təşəbbüsü ilə çıxış etməsi haqqında verdiyi bəyanat da bunu təsdiqləyir. O, hələlik hansı proqramlardan bəhs edildiyi haqqında detallı məlumat verməyib. Sabiq MTX rəisinin partiyası, faktiki, inqilabdan sonra yaradılmış, ortaya yeni siyasi durumda rol oynamağa iddia qoymuş növbəti struktur olacaq.

Bununla əlaqədar, sabiq MTX rəisinin siyasətə gəlməsinin, şübhəsiz, arzuolunmaz olduğu haqqında çoxlu söhbətlər gedir. Belə ki, o, öz əvvəlki xidməti vəzifəsinə görə, gizli informasiyalara malikdir və onlardan siyasi rəqiblərinə qarşı istifadə edə bilər. Digər tərəfdən, burada məsələyə, əlbəttə, ən azı, o aspektdə bir şərtlə yanaşmaq lazımdır ki, siyasi meydanda hər hansı bir gizli informasiya nöqteyi-nəzərincə həssas olan qüvvələr varsa, artıq sabiq MTX rəisinin siyasət daxilində və ya xaricində olması ciddi əhəmiyyət kəsb etmir.

Nəhayət, təhlükəsizlik baxımından belə açığın olması bütün sahə və meydanlar üçün də həssaslıq yaradır. Bu səbəblə, inqilabın məqsədlərindən biri də o olmalıdır ki, bölgəyə həssaslığı, zəif yerləri haqqında nə sabiq, nə də indiki MTX rəisində, ümumiyyətlə, heç kimdə informasiya olmayan adamlar girsin. Onların zəif yerləri yalnız öz ideya və proqramları ola bilər. Mövcud şəraitdə məsələ ondan ibarətdir ki, yaxınlaşan siyasi proseslər çərçivəsində Ermənistanda siyasi qüvvələr nisbəti necə formalaşacaq və yeni seçki prosesi öncəsi qüvvələr nisbətinin perspektivi necə olacaq.

Sabah durumun necə olacağı, əlbəttə, başqa məsələdir. Ancaq bu sabahın nə zaman başlayacağı, parlament seçkilərinin nə zaman keçiriləcəyi, Ermənistan vətəndaşlarının hansı qüvvələr arasında seçim edəcəyi, hazırkı iqtidara qarşı hansı qüvvələrin çıxış edəcəyi maraqlıdır. Bu mühüm məsələnin ictimai müzakirəsinə növbə gələcəkmi? Yeni siyasi reallığın rəqabət aparan əsas özəyi necə olacaq, rəqabət nəyin ətrafında gedəcək? Yeni ilə köhnə, indiki ilə keçmiş arasında gedən, əbədi diskurs kimi görünən rəqabət davam edəcəkmi? Artur Vanetsyanın siyasətə gəlməsinin nəticələrini, qoy ictimaiyyət deyil, özü düşünsün. Və belə yanaşma yalnız ona münasibətdə deyil, siyasətə gələn istənilən şəxsə münasibətdə nümayiş etdirilməlidir”. Bütün bunlar Ermənistanda siyasi vəziyyətin dəyişmək üzrə olduğunu göstərir. Artur Vanetsyanın isə bu fonda “Qarabağ klanı“ ilə də birləşmək cəhdləri müşahidə olunur. Nikol Paşinyanın komandasının müəyyən üzvləri ilə də Vanetsyanın təmasları Paşinyanı ciddi təşvişə salıb.

Nahid SALAYEV