Yeni Milli Məclisin ən gənc və ən yaşlı deputatları…

12 Fevral 2020 16:25 (UTC+04:00)

Ölkədə keçirilən son parlament seçkilərinin nəticəsi, demək olar ki, tam məlumdur. Kiçik dəyişikliklərin ola biləcəyini də nəzərə alsaq, əminliklə yeni tərkibi elan etmək mümkündür. İstərdik artıq seçilmələri şübhə doğurmayan millət vəkilləri ilə bağlı kiçik araşdırma aparaq. Maraqlıdır, yeni millət vəkillərinin yaş tərkibi necə müəyyənləşib və parlamentin cavan və yaşlı deputatlarının kimlər olmasına nəzər salaq.

Yeni parlamentin ən yaşlı deputatı Fəttah Heydərovdur. O, 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbaşar kəndində anadan olub. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. O, 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib.

Yeni mandat alanların sırasında olan Ziyad Səmədzadənin 80, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 75, Mixail Zabelinin 74, Vahid Əhmədovun 73, Madər Musayevin 73, Əhliman Əmiraslanovun 73, Fəzail Ağamalının 73, Hadi Rəcəblinin 73, İsa Həbibbəylinin 71 yaşı var. Onların demək olar ki, hamısı təkrarən deputat seçilir.

Parlamentə düşən və yaşı 40-dan az olan deputatlar da az deyil. Onların adına nəzər saldıqda məlum olur ki, böyük əksəriyyəti ilk dəfədir millət vəkili seçilir. Ən gənc deputatın 26 yaşı var. Bu, Səbinə Xasayevadır. Namizədliyi YAP tərəfindən irəli sürülən Xasayeva 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Qeyd edək ki, S.Xasayeva Lökbatan Bələdiyyəsində sədr müavinidir.

63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən seçilən Cəfərov Kamal Xaqani oğlunun 31 yaşı var. Onun namizədliyi YAP tərəfindən irəli sürülüb.

Digər gənc deputat 99 saylı Şəmkir kənd Seçki Dairəsindən seçilən Həsənov Nurlan Urfan oğludur. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi olan N.Həsənov 32 yaşındadır. O, 1988-ci ildə anadan olub. Namizədliyi YAP tərəfindən irəli sürülüb.

24 saylı Nizami 1-ci Seçki Dairəsindən qalib gələn Nurullayeva Könül Oruc qızı 35 yaşındadır. O, 1985-ci ildə anadan olub. “Eventoc” tədbir əməliyyat komitəsinin baş direktorunun müavini olan K.Nurullayevanın namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Bitərəfdir.

96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən adı qaliblər siyahısında olan Məmmədov Anar İlyaz oğlu 36 yaşındadır. O, 1984-cü ildə anadan olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində şöbə rəisi olan A.Məmmədovun namizədliyi YAP tərəfindən irəli sürülüb.

66 saylı Biləsuvar Seçki Dairəsindən qalib olan Məhərrəmov Bəhruz Abdurrəhman oğlu 1983-cü il təvəllüdlüdür. 37 yaşlı deputat "Paşa Sığorta" ASC-də korporativ hüquq xidmətinin rəhbəri olub. Bitərəfdir.

29 saylı Səbail Seçki Dairəsindən deputat seçilən Arpadarai Nigar Cavid qızı 1982-ci il təvəllüdlüdür. 38 yaşlı deputat bu vaxta qədər “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işləyib. Bitərəfdir. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

59 saylı Salyan Seçki Dairəsinin deputatı Əhmədova Jalə Fərhad qızı 1981-ci il təvəllüdlüdür. 39 yaşlı J.Əhmədova Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib. Bitərəfdir. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Məhəmmədəli QƏRİBLİ