Ermənilərin aprel döyüşləri barədə yeni variantına Rusiyadan rəsmi zərbə...

12 Fevral 2020 16:12 (UTC+04:00)

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti” agentliyinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçilik mövqeyi tutub.

Onun sözlərinə görə, Rusiya 2016-cı ilin aprelində Azərbaycanla Ermənistan arasında başlanan müharibəni dayandırdı: “Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında həlledici rol oynadı”.

Hər zaman baş verənləri təhrif etmək üzrə ixtisaslaşan erməni mətbuatı bu dəfə də sözügedən açıqlamanı öz maraqlarına uyğun dəyərləndirib. Erməni mətbuatı iddia edir ki, guya Rusiya vasitəçilik etməklə Ermənistanın əks hücuma keçməsinin qarşısını aldı. Guya Ermənistan ordusu əks hücumla itirilən mövqeləri də geri alardı, digər əraziləri də işğal edərdi: “Azərbaycanın hücumu və aprel müharibəsi başqa bir nöqtədə, əks hücuma hazırlaşan ermənilərin nəzarəti altında ola biləcək ərazilərdə dayandırılsa, Bakı bu gündəmdən qaça bilərmi? Rusiyalı ekspert Yevseyev müharibədən qısa müddət sonra Rusiyanın erməni əks hücumunu dayandırdığını bildirdi. Müharibədən bir qədər sonra Serj Sarkisyan Moskvada Baş Qərargah rəislərinin görüşü barədə elan etdi ki, orada nələrin müzakirə olunduğunu bilmir. Bəs onda niyə Serj Sarkisyan Xaçaturovu Moskvaya göndərdi? Xaçaturovu Moskvaya göndərdikdən sonra Sarkisyanın özü Berlinə uçdu. Orada Merkel ilə görüşdə 80-ci illərin silahlarından və güclü müttəfiqlərinin olmamasından şikayətləndi”.

Göründüyü kimi, ermənilər belə rəy yaratmağa çalışırlar ki, guya onlara imkan verilsəydi, əlavə ərazilər işğal edərdilər. Hansı ki, bu belə deyil. Rusiya müdaxilə etməsəydi, Azərbaycan daha çox ərazini işğaldan azad edərdi. İstənilən halda, ermənilərin məsələyə məlum yanaşması nə dərəcədə əsaslıdır?

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bu cür yanaşma ermənilərin uydurduğu fantaziyadır: “Bəli, Rusiya Azərbaycan və Ermənistan Baş Qərargah rəislərini öz ölkəsinə dəvət etməklə qarşıdurmanın daha da genişlənməsinin qabağını aldı. Ancaq bu o demək deyil ki, ermənilər əks hücuma keçib dönüş əldə edəcəkdilər. Qətiyyən bu belə deyil. Məsələ ondadır ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu kiçik qüvvə ilə düşmən təxribatının qarşısını aldı və bir sıra strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi. Aprel döyüşləri erməni ordusu barəsində uydurulan əfsanələri darmadağın etdi. Ermənilər bu cür açıqlamalar verməklə barələrində saxta mif yaradırlar. Ancaq, əslində, bunların heç bir əsası yoxdur. Ermənilərin əks hücuma keçmək imkanları yox idi. Müharibə bir qədər də davam etsəydi, o zaman Azərbaycan əlavə strateji və taktiki üstünlüklərə sahib olardı. Çünki erməni ordusunun müdafiə səddi tamamilə məhv edilmişdi. Böyük panika yaranmışdı. Əslində, atəşkəs erməniləri xilas etdi. İndinin özündə də Ermənistan ordusunun Azərbaycan Ordusu ilə üz-üzə gəlmək imkanları məhduddur. Ona görə də erməni tərəfinin iddialarının heç bir əsası yoxdur”.

Vidadi ORDAHALLI