Milli Arxeologiya Fondu niyə tam formalaşa bilmir...

7 Fevral 2020 18:01 (UTC+04:00)

Zəngin maddi-mədəni irsə sahib olsaq da, çox təəssüf ki, muzey fondlarını nəzərə almasaq, ölkəmizdə arxeoloji fondun yaradılmasına elə də maraq göstərilmir. Bu, əlaqədar qurumların bu sahəyə biganə münasibətinin təzahürüdür. Azərbaycanda Milli Arxeologiya Fondunun formalaşdırılması prosesi ləngiyir. Halbuki, illər əvvəl bu fondun yaradılması gündəmə gəlib, hətta onun üçün ayrıca bina ayrılacağı da nəzərdə tutulub. Lakin, bildiyimiz kimi, hələ də ölkəmizdə Milli Arxeologiya Fondu normal şəkildə qurulmayıb.

Onu da bildirək ki, bu gün Qarabağ arxeologiyasına aid arxeoloji materiallar baxımsızlıq ucbatından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zirzəmisində çürüməkdədir. Qarabağ arxeologiyasına aid qiymətli eksponatlara bu şəkildə münasibət, sözün açığı, insanda təəccüb və təəssüf doğurur. Erməni saxtakarlıq edib özünə qondarma tarix düzəldir, “arxeoloji nümunə” yaradır, biz isə olanımıza sahib çıxa bilmirik.

Çürüyən arxeoloji nümunələrə, eksponatlara sahib çıxıb onları vahid bir fondda toplaya bilmirik.   “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, maddi-mədəni irs üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda Milli Arxeologiya Fondunun formalaşdırılmasının böyük əhəmiyyəti var və o bununla bağlı əlaqədar qurumlara müraciət də edib. “Azərbaycanda Arxeologiya Fondunun formalaşdırılması çox vacibdir. Mən bu fondun formalaşdırılmasına göstəriş verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə və Azərbaycan Milli Elmlər Akademiyasının

Prezidenti, akademik Ramiz Mehdiyevə məktubla müraciət etmişəm. Çünki arxeoloji materiallar dağıdılmış vəziyyətdədir, bu sahədə pərakəndəlik var və vahid data yoxdur. Məsələn, mənim investisiya proqramından gözlədiyim işlərdən biri məhz Milli Arxeologiya Fondunun formalaşdırılmasıdır. Bu çox vacibdir. Çünki arxeoloji materialların bu şəkildə pərakəndə halda olmasının qarşısı alınmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeologiya fondu akademiyanın zirzəmisində yerləşir, heç bir standartlara uyğun olmayan şəkildə qorunur. Buna belə yanaşmaq olmaz. Yaxud Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondu da muzeyin zirzəmisində yerləşir. Yəni materiallar, mədəni irs sərvətləri aidiyyəti yerlərdə qorunmurlar. Bu da həmin materialların aşınmasına, dağılmasına, məhv olmasına gətirib çıxarır. Arxeoloji materialların yeganə xilas yolu Azərbaycanın vahid Milli Arxeologiya Fondunun yaradılmasıdır”.

Bu fondun investisiya proqramı çərçivəsində də yaratmağın tam mümkün olduğunu deyən F.Xəlillinin sözlərinə görə, fondun elektron bazası da yaradılmalıdır. Ekspert qeyd etdi ki, o, Dövlət İnvestisiya Fonduna Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunun vahid elektron bazasının yaradılması ilə bağlı üç il ardıcıl olaraq layihə göndərib, amma nəticəsi olmayıb

Qeyd edək ki, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri F.Xəlillinin Milli Arxeologiya Fondunun yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə ünvanladığı müraciətdə “Bizim təkliflərimizdən biri Milli Arxeologiya Fondunun yaradılmasıdır. Azərbaycanın vahid Milli Arxeologiya Fondu bu gün pərakəndə şəkildə ölkənin müxtəlif yerlərinə yayılmış, sənədləşdirilməmiş və uyğun şəraitdə qorunmayan bütün arxeoloji materialları həmin fondda milli sərvət kimi toplamaq, sənədləşdirmək, mühafizə etmək, sərgiləmək və məlumat bazasını hamıya əlçatan etmək vəzifəsini görəcəkdir. Milli Arxeologiya Fondunun yaradılması arxeologiya elmi sahəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun yaratdığı monopoliyanı da aradan qaldıra bilər. Dünya təcrübəsində olduğu kimi, AMEA digər institut, muzey, universitetlərə arxeoloji qazıntı aparmaq üçün vəkalətnamə vermə hüququnu özündə saxlamaqla elm sahəsində sağlam rəqabəti gücləndirəcək…” - deyə qeyd edilir.

İradə SARIYEVA