Azərbaycan bankları 2015-ci ildən daha fəallaşan sağlamlaşma tələblərinə niyə uyğunlaşmır...

6 Fevral 2020 18:18 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində bank sektorundakı mövcud vəziyyətdən narahatlığını ifadə edib.

Xüsusən Prezident özəl bankların iqtisadiyyatın inkişafında rolunun aşağı olmasını vurğulayaraq ölkədə biznes kreditlərin verilməməsini vurğulayıb. Qeyd edək ki, Prezident dəfələrlə öz çıxışında bank sektorunun sağlamlaşdırılmasının vacibliyi barədə çıxış edib. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib. 2015-ci ildən bu günə kimi bank sektorunun sağlamlaşdırılmasına dair tapşırıqlar verilməsinə baxmayaraq, bank sistemi hələ də normal vəziyyətdə deyil. Onu da qeyd edək ki, aidiyyəti qurumlar 2015-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması ilə bağlı lazımi işlər görsə də, hələ də istənilən nəticə əldə olunmayıb.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, banklar üzərində nəzarətin gücləndirilməsi üçün güclü qanun olmalıdır: “Danılmaz faktdır ki, bu gün banklar istehlak kreditlərinə üstünlük verirlər. Bunun da bir neçə səbəbi var: 1. İstehlak kreditlərində faiz dərəcəsi daha çoxdur. Buna görə də banklar daha çox qazanc əldə edirlər. Biznes kreditlərində isə faiz dərəcəsi daha azdır.

2. İstehlak kreditlərini qaytarmaq banklar üçün daha asandır. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, hər bir halda, vətəndaş bankın qarşısında acizdir. Yəni vətəndaş istər rəsmi, istərsə də qeyri-rəsmi heç nə edə bilmir. Sahibkar isə bankdan götürdüyü pulun yarısını məhkəməyə və yaxud icra nümayəndəsinə versə, işi uda bilər. 3. Banklar istehlak kreditləri verəndə dövlətə arxalanırlar. Çünki ötən il fevralın 28-də Prezident problemli kreditlərlə bağlı qərar verdi. Qərara görə, dövlət problemli kreditlərin bir hissəsinin banklara qaytarılmasını öz üzərinə götürdü. Dövlət bununla da sosial narazılıqların qarşısını aldı.

Banklar da bilirlər ki, sahibkarlara verdikləri kredit üçün dövlət heç nə etməyəcək. Amma istehlak kreditlərini vətəndaş qaytarmasa və banklar da heç cür krediti vətəndaşdan qaytara bilməsələr, dövlət işə qarışacaq. Amma Prezidentin banklara xəbərdarlıq etməsi o demək ola bilər ki, dövlət daha banklara köməklik etməsin. Dövlət əks mövqe tuta bilər. Bütün sivil dünyada vətəndaşların özlərini müflis elan etmələri üçün qanun var. Kim krediti verə bilmirsə, müflis elan olunur və krediti silinir. Azərbaycanda da, əvvəl-axır, bu qanun tətbiq olunmalıdır. Yoxsa ki, qohumundan tap krediti ödə, yaxud da özünü öldür və s. kimi hallar olmamalıdır”.

Həmsöhbətimiz bildirdi ki, bankların sağlamlaşdırılması istiqamətində 2015-ci ildən bu yana əməli tədbir görülməyib: “Yəni əvvəl bu işlə Mərkəzi Bank məşğul oldu. Sonra isə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdılar. Amma bu palatanın fəaliyyəti də qeyri-qənaətbəxş oldu. Bir sözlə desək, bu işi düzgün idarə edənlər olmadı. İndi də bu iş Mərkəzi Banka verilib, amma Mərkəzi Bankda yenə eyni işçilərdir. Yəni bu vəziyyətin yaranmasının əsas günahkarı Mərkəzi Bankın rəhbərliyidir. Həm də bu problemin həll edilməsi üçün konkret plan yoxdur. Həmçinin, adekvat qanunvericilik yoxdur. 2004-cü ildə bir dəfə, 2014-cü ildə isə ikinci dəfə Mərkəzi Banka bank məcəlləsinin hazırlanması haqqında tapşırıq verildi. Amma ortada heç nə yoxdur. Bu məsələdə qanunvericiliyimiz də bərbaddır. Banklar üzərində nəzarət də zəifdir. Prezident də bu məsələyə toxunaraq bildirdi ki, banklar üzərində nəzarət gücləndirilməlidir. Güclü nəzarət üçün də gərək güclü qanun olsun. Azərbaycanda müflisləşən bankların tarixinin təhlili göstərir ki, banklar üzərində normal nəzarət olmayıb. Normal nəzarət olsaydı, banklar gəlib bu vəziyyətə çıxmazdılar”.

Günel CƏLİLOVA