Tovmasyanın qızıl qələmi Paşinyanın boğazında niyə “kal armud”a döndü…

27 Yanvar 2020 11:07 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan aldığı bahalı hədiyyə üzündən çətin vəziyyətə düşüb.

Məsələ burasındadır ki, hakimiyyətə gəlişinin ilk dövründə apardığı “təmizləmə” əməliyyatı zamanı o, Konstitusiya Məhkəməsinin başçısını işdən azad etdikdən sonra, guya özü də bilmədən (!) ondan bahalı hədiyyə qəbul edib, lakin sonradan bu addımın ona ciddi başağrısı olacağını gördükdə publikanı aldatmağa yönəlmiş nağıllar uydurmağa başlayıb.

Beləliklə, Paşinyan bildirir ki, guya baş nazir seçildikdən sonra "Ayastan" ümumerməni Fondunun Himayəçilər Şurasının 2018-ci ilin mayında keçirilən iclasında Qrayr Tovmasyanla ilk dəfə görüşüb və nə təsadüfsə, öz üzərində qələm olmadığından, bəzi qeydlər etmək üçün ondan qələmini istəyib. Tovmasyanın cibində isə həmin gün niyəsə qızıl qələm olub və Paşinyan qeydlərini etdikdən sonra qələmi qaytarmaq istədikdə Tovmasyan təkidlə onda qalmasını istəyib. “Nağıl”ın bu yerində Paşinyan özünü daha da dolaşdıraraq deyir ki, guya bir neçə dəfə qələmi atmaq istəyib, amma tərəddüd edib. Soruşan gərək, insan bir qələmi niyə atmaq istəsin ki? Bu tərəddüdünün səbəbini isə o belə izah edir ki, guya Tovmasyanın onun siyasi komandasını cəmi bir neçə gün əvvəl dağıtmış bir insana qarşı yaltaq davranışı ona qəribə görünüb. Hətta onun "cənab Paşinyan can", "cənab Baş nazir can" kimi müraciətlərinin indiyə qədər “qulağını deşdiyini” bildirən Paşinyan daha sonra yazır ki, növbəti dəfə Tovmasyanla Milad bayramında görüşüb, lakin ona yaltaqlanmaq imkanı verməyib. Tovmasyan isə bu dəfə arvadı Annaya yaltaqlanıb, qızına təqaüd ayrıldığına görə ona minnətdarlıq edib.

Nəhayət maraqlıdır, erməni baş naziri niyə bu nağılı indi uydurmağa başlayıb? Bunun bir neçə səbəbi ola bilər. Bu səbəblərdən ən önəmlisi isə öz ölkəsində reytinqinin hər keçən gün düşdüyü bir ərəfədə onun “qələm şantajı” ilə də üz-üzə qoyula biləcəyidir və bu haldan özünü sığortalamaq üçün, sadəcə, qabaqdangəlmişlik edir.

Yəqin, özünü hər şeydən xəbərdar biri kimi təqdim edən erməni baş naziri bir sadə həqiqəti hələ də dərk etməyib: el dilində deyildiyi kimi, loğma boğmadır axı…

SAMİRƏ