Yaradıcılıq ittifaqlarının büdcədən ayrılması və təsərrüfat hesabına keçidi gündəmdə...

23 Yanvar 2020 16:17 (UTC+04:00)

Çoxu ölkəmizdə fəaliyyət göstərən yaradıcı qurumlara, ittifaqlara Sovet dövrünün qalığı kimi yanaşır. Azərbaycandan fərqli olaraq, keçmiş SSRİ məkanına daxil olan respublikaların çoxunda yaradıcı ittifaqlara fərqli yanaşmalar mövcuddur.

Bu ölkələrin çoxu dövlət müstəqilliyi əldə etdikdən sonra yaradıcı ittifaqların saxlanmasına dövlət büdcəsindən dotasiya ayrılmasını dayandırıb, bu da yaradıcı qurumların təsərrüfat hesablı qurum kimi fəaliyyət göstərməsi ilə nəticələnib. Hətta bəzi dövlətlərdə dövlət büdcəsindən heç bir maliyyə almayan yaradıcı ittifaqlar fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkdikləri və maddi təminat əldə etmədikləri üçün fəaliyyətlərini tamamilə dayandırıblar. Sözsüz ki, bu da həmin qurumlarda təmsil olunan yaradıcı şəxslərin özlərinin maddi təminatına mənfi təsir göstərib.

Bununla belə, dövlət büdcəsindən maliyyə almadan fəaliyyətini uğurla davam etdirən yaradıcılıq ittifaqları da az deyil. Onlar öz layihələri hesabına varlıqlarını qoruya bilirlər. Onlara üzv olan yaradıcı insanlar öz əsərlərini beynəlxalq bazara çıxarmaqla külli məbləğdə qonorar alırlar. Hətta bir çoxunun əsərləri, layihələri beynəlxalq şirkətlərin marağını cəlb edir.

Azərbaycanda isə bütün yaradıcılıq birlikləri, ittifaqları öz varlıqlarını dövlət büdcəsindən ayrılan dotasiya vəsait hesabına qoruyurlar. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqı bir qurum kimi dövlət büdcəsindən maliyyələşirlər. Bir çox hallarda dövlət büdcəsindən onlara ayrılan vəsaitin az olmasından şikayətlənirlər. Özləri isə büdcəyə 1 manat da olsa xeyir gətirmirlər.

Son zamanlar yaradıcılıq ittifaqları ilə bağlı yeni bir məsələ gündəmdədir. Belə fikirlər mövcuddur ki, yaradıcı ittifaqlara dövlət büdcəsindən ayrılan dotasiya dayandırılmalı və onlar öz fəaliyyətlərini təsərrüfat hesablı qurum kimi davam etdirməlidirlər.

Yaradıcı şəxslərin əksəriyyəti bildirir ki, bu qurumlar yalnız bir neçə nəfər üçün fəaliyyət göstərir. Yəni bu təşkilatlara ayrılan vəsaitdən yalnız sədr başda olmaqla müəyyən insanlar bəhrələnir, qalan üzvlər isə kənarda qalır. Yaradıcı şəxslər hesab edirlər ki, bəzi ittifaq sədrləri üçün bu qurumlar gəlir yeridir. Şairlər, yazıçılar, rəssamlar, aktyorlar, memarlar, aşıqlar, eləcə də digər yaradıcı insanlar qeyd edirlər ki, onsuz da bu qurumların yaradıcı adamlara kütləvi olaraq xeyri yoxdur, onlar təsərrüfat hesablı qurumlar kimi fəaliyyət göstərməlidirlər.

Doğrudur, məsələyə fərqli yanaşanlar da var. “Yaradıcı qurumların çoxu təsərrüfat hesabına keçərsə, onlar öz mövcudluqlarını qoruya bilməzlər” deyənlər də var.

Tanınmış şair Ayaz Arabaçı hesab edir ki, yaradıcı ittifaq və birliklərin təsərrüfat hesabına keçməsi o qurumların mövcudluğuna son qoya bilər. Onun fikrincə, bu gün Azərbaycanda özünü saxlayan, öz hesabına üzvlərinə maddi dəstək verə biləcək yaradıcı qurum yoxdur: “Yaradıcı qurumların təsərrüfat hesabına keçməsi, onların dövlət büdcəsindən aldıqları dotasiyanın kəsilməsi ilə bağlı fikir və təkliflərə münasibətim yaxşı deyil. Çünki bu qurumlar dövlət himayəsində olsa yaxşıdır. Yaradıcılıq başqa bir sahədir.Yaradıcı adamların pul qazanmaq kimi bir lüksü yoxdur. Əks təqdirdə onlar da alver havasıyla nəfəs alıb ayrı yol seçərdilər”.

Yaradıcı ittifaqların bütün üzvlərinə eyni gözdə baxmamasına, yalnız beş-üç nəfərə “gün ağlaması”na gəlincə, o bildirdi ki, bu, o təşkilatlara rəhbərlik edən şəxslərin daha çox vicdan məsələsidir: “Amma məsələ burasındadır ki, o qurumlardan beş-on nəfər dolanır, artıq vicdan məsələsidir, o da onlarda yoxdur.

Təbii ki, qurumların fəaliyyətində dəyişikliklər olmalıdır. İllərlə yerində pas atmışları arxivin ən tozlu yerinə tullamaq lazımdır. Hər şey sevgi ilə tənzimlənir. İçlərində sevgisi ölmüş adamlardan danışmağa dəyməz”.

A.Arabaçı hesab edir ki, təşkilatların maliyyəsini kəsməkdənsə, bu qurumlarda islahatlar həyata keçirilməlidir. 

Filologiya üzrə fələsfə doktoru Qiymət Məhərrəmli isə hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən yaradıcı qurumlar dövlət büdcəsinə bir yükdür və bu yükün azaldılmasının yeganə yolu onların təsərrüfat hesabına keçirilməsidir. “Yaradıcı ittifaqlar Sovet dövründən qalıb. Həmin dövrdə bu qurumlar Sovet ideologiyasının carçısı idi. Bundan başqa, yaradıcı ittifaqlar dövlətə xeyir verirdilər, onun siyasətini, ideologiyasını öz əsərləri ilə təbliğ edirdilər. Rəssamlar müxtəlif janrlarda çəkdikləri tablolarla, yazıçı-şairlər bədii əsərlərlə, kinematoqraflar filmlərlə və s. SSRİ-ni tərənnüm və təbliğ edirdilər. SSRİ dağılandan sonra bu qurumlar öz əvvəlki funksiyalarını itirdilər. Köhnə funksiyalarından yalnız dövlət büdcəsindən dotasiya almaqları qalıb. Onu da alırlar. Yaradıcı qurumlar dövlətə hazırda heç bir fayda vermirlər, ayrı-ayrı sənətkarlar fərdi şəkildə milli dövlətçilik ideologiyasını, dövlət siyasətini, ölkəmizin nailiyyətlərini təbliğ edirlər. Bu da təbiidir. Biz yaradıcı adamlar hansı yaradıcı ittifaqa üzv olmağımızdan asılı olmayaraq, hər zaman dövlətimizi, onun maraqlarını, milli dövlətçilik ideologiyamızı, azərbaycançılığı təbliğ edirik. Yəni bunun üçün hansısa bir qurumun üzvü olmaq vacib deyil. Yaradıcı qurumlara dövlət büdcəsindən vəsait ayrılması artıq bir çox postsovet ölkəsində dayandırılıb, onlar təsərrüfat hesablı qurumlara çevriliblər. Azərbaycanda da yaradıcı ittifaqların, birliklərin təsərrüfat hesablı qurumlara çevrilməsi zəruridir. Bəlkə bununla dövlət büdcəsindən asılı olan qurumların sayı azala”.

Q.Məhərrəmli qeyd etdi ki, dövlət yaradıcı şəxsləri həmişə qiymətləndirir, mükafatlandırır. Bundan başqa, o bildirdi ki, bir sıra hallarda mükafata, fəxri ada, təqaüdə layiq olan yaradıcı şəxslərin adları qurum rəhbərləri tərəfindən aidiyyəti qurumlara təqdim edilmir. “Bilirsiniz, indi yaradıcı qurumlar bəzilərinin qazanc yerinə çevriliblər. Rəhbərlik, layiq oldu-olmadı, öz istədiyi adamı mükafata, fəxri ada, təqaüdə təqdim edir. Bu da belə təəssürat yaradır ki, bu qurumlar yalnız beş-üç nəfərə işləyir, onlara lazımdır” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA