Ermənilər daha bir yalanın ifşasından rüsvay olacaq - Azərbaycanda ermənifobiya?

14 Yanvar 2020 15:41 (UTC+04:00)

Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma qurum “Sumqayıt hadisələri” və “Bakı qətliamı” ilə bağlı gülünc bəyanat yayıb.

Bəyanatda Sumqayıt və Bakı şəhərində guya ermənilərə divan tutulduğunu, bu səbəblə də 300-ə qədər erməninin öldüyünü bildirən rejim, 1990-cı ilin 20 Yanvar hadisəsinin də mahiyyətini təhrif edib. Belə ki, bəyanatda bu hadisə Azərbaycan xalqının milli-azadlıq mücadiləsi kimi deyil, sovet ordusu tərəfindən mülki erməniləri xilası kimi təqdim edilib və qeyd olunub ki, Bakıdakı “erməni qətliamı”na guya sovet ordusunun 1990-cı ilin 20 yanvar tarixində şəhərə gəlişi ilə son qoyulub: “Bakıda təşkil edilmiş erməni qırğınlarından 30 il keçdi. 1990-cı il yanvar ayının əvvəllərində Sovet Azərbaycanının paytaxtı Bakıda keçirilən mitinqlərdə “Ermənilərə ölüm”, “Yaşasın Sumqayıt qəhrəmanları”, “Yaşasın ermənisiz Bakı” şüarları səslənirdi və əsrlər boyu bu şəhərdə yaşayan ermənilərə qarşı nifrət təbliğ olunurdu. Müxalif “Azərbaycan Xalq Cəbhəsi” hərəkatının təşkil etdiyi mitinqlərdən sonra azərbaycanlılar əllərində ermənilərə aid evləri işarə edən xəritələrlə qruplarla hücum edib erməni icmasının son nümayəndələrini, yaşından və cinsindən asılı olmayaraq, öldürürdülər”.

Bəyanatda Azərbaycan cəmiyyətində ermənilərə nifrət hissinin artması da qeyd olunub və düşmən tərəf bununla bağlı narahatlığını dilə gətirib. Xüsusilə bildirilir ki, guya ermənilərə qarşı ksenofobiya hazırda da Azərbaycanın dövlət siyasətinin tərkib elementidir.

Məlumdur ki, Ermənistan monoetnik ölkədir. Onların himayəsi altında olan separatçı rejimin isə belə bəyanatla çıxış etməyə hüquqi haqqı yoxdur. Həmin qurumun da nəzarəti altında olan ərazidə bir nəfər də olsun azərbaycanlı yaşamır. Belə olan təqdirdə, qondarma qurum adından yayılan bəyanatda hansı məqsədlər güdülə bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qondarma qurumun adından yayılan bəyanatın mahiyyəti tamamilə şər-böhtan üzərində qurulub: “Bəyanatın mahiyyətindən belə başa düşülür ki, guya Azərbaycan erməni millətinə qarşı ksenefobiya siyasəti yürüdür. Əslində, bəyanatı tərsinə oxumaq lazımdır. Çünki həmin siyasəti ermənilər bizə qarşı həyata keçirib və keçirməkdədirlər. Milli zəmində düşmənçilik elə startını Ermənistan və Dağlıq Qarabağdan götürüb. Nəticə etibarilə 300 minə yaxın azərbaycanlı Ermənistandan, min illərlə yaşadığı öz ata-baba yurdlarından didərgin düşdü. O cümlədən, Dağlıq Qarabağın ərazisində yaşayan azərbaycanlılar da ermənilər tərəfindən öz torpaqlarından qovuldu. Artıq Ermənistan və qondarma qurumun “XİN”i adından bəyanatların verilməsi adət halını alıb. Hər il yanvar ayında bir neçə belə bəyanat verilir. Bunun də başlıca məqsədi öz əməllərini pərdələmək, məsələnin mahiyyəti barədə dünya ictimaiyyətinə yanlış məlumat ötürməkdir. Əslində, Azərbaycan dövləti heç vaxt erməni millətinə qarşı düşmənçilik aparmayıb. Rəsmi məlumatlara görə, Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Ancaq Ermənistanda və qondarma qurumun ərazisində, faktiki olaraq, bir nəfər də olsun azərbaycanlı yaşamır. Bundan təbliğat vasitəsi üçün istifadə edirlərsə, belə vacib məqamı niyə unudurlar?  Azərbaycan XİN hər zaman bu məsələnin mahiyyətini obyektiv açan geniş açıqlama verir. Əminəm ki, rəsmi qurumlarımız bu sərsəm bəyanatı cavabsız qoyan deyil”.

Məhəmmədəli QƏRİBLİ