Səbaildə ictimai asayişi pozan, Xətaidə isə polisə silahlı müqavimət göstərən şəxslər barəsində cinayət işləri açıldı - FOTO

13 Dekabr 2019 18:02 (UTC+04:00)

Daxili işlər orqanları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində baş verən bir neçə cinayət faktının üstü “isti” izlərlə açılıb.

Belə ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanaraq 39-cu Polis Bölməsinə gətirilib. Qeyd edək ki, saxlanan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər. Bölmədə araşdırma aparılan zaman onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və qohumu  Mahmud Məmmədov olmaları müəyyən edilib.

Hər iki şəxs barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin  xuliqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Keçirilən daha bir əməliyyat zamanı isəpolis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub.

Belə ki, dekabrın 12-də Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən  2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Mağazanın sahibi baş verən hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri - Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, Kamran Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, qanunsuz olaraq üzərində odlu silah gəzdirmə və hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddələri ilə dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda, Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə  məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb və onun Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib.

Qeyd edək ki, Elşad Məmmədov saxlanan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirib və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Saxlanılan zaman Elşad Məmmədovun  üzərindən “Makarov” tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində  Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.