Tərtərdə qəsdən adam öldürməyə cəhd edən şəxs Bakıda tutuldu - FOTO

13 Dekabr 2019 16:14 (UTC+04:00)

Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində saxlanıb.

Belə ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib və onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.        

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfərin həmin nəqliyyat vasitəsində saxlanması təmin edilib.

Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “Metanarol” və 11 ədəd “Deksametazon” həbi aşkar edilərək götürülüb.

Saxlanan şəxslər cinayət işinin istintaqının aparılması üçün  Tərtər RPŞ-yə təhvil verilib.