Milli Məclisin gənc deputatlar korpusu ictimai gözləntilərə uyğun fəaliyyət göstərə bildimi...

13 Dekabr 2019 18:07 (UTC+04:00)

Növbədənkənar parlament seçkiləri ərəfəsində gündəmə gələn əsas məsələ Milli Məclisdə gəncləşmə siyasətinin aparılmasıdır. Deputatlığa namizədliyin irəli sürülməsi üçün heç bir yaş məhdudiyyəti olmasa da, gənclərin parlamentdə təmsil olunması son vaxtlar ən çox qabardılan məsələlərdən biridir.

Bu günlərdə buraxılmış Azərbaycan Milli Məclisində şərti olaraq gənc – yaşı 40-dan az olan deputatlar təmsil olunurdu. Belə ki, V çağırış parlamentdə təmsil olunmuş gənc deputatlar müxtəlif dairələrdən seçiliblər. MM-in ən gənc üzvünə gəlincə, bu, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılovdur. Cəmi 29 yaşında deputat olan İsmayılov 1986-cı ildə anadan olub. Bundan başqa, digər gənc üzvlər bunlardır: Ülviyyə Həmzəyeva (1982), Sevinc Fətəliyeva (1980), Naqif Həmzəyev (1984), Müslüm Məmmədov (1980), Cavid Osmanov (1980), Vüsal Hüseynov (1980), Sona Əliyeva (1980), Kamran Bayramov (1980), Elşən Musayev (1980).

Bir çoxu gənc deputatların parlamentdə təmsil olunmasına bir dinamizm mənbəyi kimi yanaşır. Hesab edirlər ki, gənclərin orada seçiciləri təmsil etməsi keyfiyyət baxımından ciddi nəticələrə gətirib çıxara bilər.

Bu baxımdan maraqlıdır, buraxılmış parlamentin gənc deputatlar korpusu ictimai gözləntilərə uyğun fəaliyyət göstərə bildimi? Cəmiyyətin onlarla bağlı gözləntiləri özünü doğrultdumu?

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, sonuncu parlamentdə təmsil olunan gənc deputatların cəmiyyətin gözləntilərini doğrultduğunu demək mümkün deyil: “Baxmayaraq ki, əvvəllər onlarla bağlı müəyyən gözləntilər var idi. Gözlənirdi ki, gənc deputatlar Milli Məclisin işində aktiv iştirak edəcəklər. Ancaq tam məsuliyyətimlə deyirəm ki, sonuncu parlamentdə təmsil olunan gənc və cavan deputatlar onlara bəslənən ümidləri doğrultmadı. Ən başlıcası ona görə ki, sözügedən deputatların böyük hissəsi parlamentin plenar iclaslarında passiv fəaliyyət göstərməklə yadda qaldı. Hansısa fəal təşəbbüskarlıq nümayiş etdirdiklərinin şahidi olmadıq. Qanunverici orqanın fəaliyyətində bu özünü göstərmədi. Olsaydı, mütləq bu özünü göstərərdi. Digər tərəfdən, elə həmin cavan deputatlardan birinin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük müzakirələrə səbəb oldu. Bu çoxlarının yadındadır. Deməli, parlamentdəki cavan deputatlar siyasi baxımdan yetərincə yetkin olmayıblar. Tez-tez deyilir ki, gənclər parlamentdə təmsil olunmalıdır. Mənim 41 yaşım var və prinsipcə, bunun tərəfdarıyam. Ancaq gərək parlamentdə o gənclər təmsil olunsunlar ki, siyasi baxımdan onlar tam yetkin olsunlar. Siyasi baxımdan yetkin olmayan gəncin orada təmsil olunması arzuolunan deyil”.

Vidadi ORDAHALLI