Erməni lobbisi saxta genosidin tanıdılması ilə ABŞ parlamentarizm tarixinə ən ağır zərbəni vurdu

13 Dekabr 2019 16:32 (UTC+04:00)

ABŞ Senatında keçirilən səsvermə nəticəsində 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qətnamə qəbul edilib. Senator Rob Menendez sosial media hesabında etdiyi paylaşımında qondarma “erməni soyqırımı”nı rəsmən tanıdıqlarını bildirib.

Təmsilçilər Məclisindən də keçən qətnamə imzalaması üçün ABŞ Prezidenti Trampın masasına göndərilib.

Qətnamənin qəbuluna ilk sərt reaksiya Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri Fəxrəddin Altundan gəlib.O, öz “Twitter” hesabında bildirib: “Qəbul edilən qətnamə ikili münasibətlərimizi təhlükəyə atır. Sanksiyalar və təhdidlər milli təhlükəsizlik maraqlarımıza mane ola bilməz”.

Ardınca Türkiyə XİN ABŞ Senatının 1915 hadisələrini “erməni soyqırımı” kimi tanıması ilə bağlı bəyanat yayıb. Bəyanatda Senatın qərarı "tarixin necə siyasiləşdirilməsinin utancverici nümunələrindən biri" kimi şərh edilib: “ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı 12 dekabr 2019-cu il tarixli qərarı hər cür tarixi özünüdərkdən və hüquqi əsaslardan məhrumdur.

Senatın bu qərarı tarixin necə siyasiləşdirilməsinin utancverici nümunələrindən biridir. Ancaq tarixi siyasi məqsədləri üçün istifadə edənlər həqiqətləri görməməzliyə vuraraq, əsla məqsədlərinə çatmayacaqlar. Bu qərar, eyni zamanda, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi yönündəki səyləri də dalana dirəyən təxribatçı təşəbbüsdür”. Bəyanatda Türkiyənin regiondakı maraqlarını qorumaq üçün apardığı mübarizənin bu cür haqsız və mənasız qərarlardan təsirlənməyəcəyi və bu mübarizəyə qətiyyətlə davam edəcəyi bildirilir.

ABŞ Senatının qəbul etdiyi bu utancverici qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyi üçün nə vəd edir və bunun ABŞ-la ölkəmizin münasibətlərinə necə təsiri ola bilər?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın bundan Türkiyəyə qarşı şantaj vasitəsi kimi istifadə edəcəyi məlum idi: “Nümayəndələr Palatasında bu məsələyə veto qoyulanda da bildirmişdik ki, ABŞ bu kartdan daim istifadə etməyə çalışacaq. Təbii ki, bu artıq Türkiyə-ABŞ münasibətlərinə mənfi təsirsiz ötüşməyəcək. Biz bu məsələdə təəssüf ki, həm də bir xristian təəssübkeşliyi görürük. Çünki dünyanın bir çox xristian ölkəsinin parlamentləri  bu “soyqırımı” tanıyıb. Rusiya, Fransa, ABŞ, Almaniya, İtaliyanı buna misal göstərə bilərik. Buna baxmayaraq, Türkiyə həmin dövlətlərin əksəriyyətilə əməkdaşlığını davam etdirir, hətta bunlardan bəzisi strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlib. Onlardan biri Rusiyadır. Hesab edirəm ki, ABŞ-la münasibətlərdə gərginləşmə müşahidə olunacaq. Amma bu, ABŞ-Türkiyə münasibətlərinin birdəfəlik kəsilməsi anlamına gəlməyəcək. Yəni Türkiyə NATO üzvlüyündən çıxmayacaq, ABŞ Türkiyəyə qarşı müharibə elan etməyəcək. Diplomatik əlaqələr davam etdiriləcək. Hər iki ölkənin bir-birinə böyük ehtiyacı olduğu üçün, hadisələr bizim dediyimiz istiqamətdə inkişaf edəcək. Türkiyə artıq bu məsələyə bir qədər soyuqqanlı yanaşmalıdır. Təbii ki, təpkisini də kənara qoymamalıdır. Gec-tez hansısa ABŞ Prezidenti də çıxışında “soyqırım” ifadəsini işlədəcək. Bununla Türkiyənin üzərinə nə maddi, nə də siyasi öhdəlik qoyulmur. Bu, mənəvi bir maraq daşıyır. Türkiyə tam güclənəndən sonra bu, elə də böyük əhəmiyyət daşımayacaq. Heç dövlətlərin yadına belə düşməyəcək. Elə bu məsələni də məhz Türkiyənin başını qatmaq üçün ortaya atırlar. O ki, qaldı Azərbaycana təsirindən, təsirsiz ötüşməyəcək. ABŞ və Azərbaycan arasındakı əlaqələri nəzərə alsaq, münasibətlərin tam kəsilməsi ilə nəticələnməyəcək. Hesab edirəm ki, Azərbaycan rəsmən Senatın qərarına öz etirazını bildirməlidir. Bu məsələdə gözləmə mövqeyində qalmaq olmaz”.

Məhəmmədəli QƏRİBLİ