AŞ-dən qəribə hesabat – köçkünlərə ev verilməsini, erməni təcavüzünü bir kənara qoyub, hələlik evi olmayan köçkünlərə görə Azərbaycanı tənqid edir…

13 Dekabr 2019 16:15 (UTC+04:00)

Dekabrın 11-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanda ifadə azadlığının vəziyyəti, hüquqşünasların hüquqlarının pozulması və məcburi köçkünlərin hüquqlarına dair hesabat dərc edib. Məruzə Avropa komissarının nümayəndə heyətinin iyulun 8-dən 12-dək Azərbaycanda keçirdiyi görüşlərin əsasında yazılıb.

Komissar Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxslərin Azərbaycan hökuməti üçün prioritet mövzulardan biri olduğunu bildirib. Hesabatda o qeyd olunur ki, bəzi məcburi köçkünlər hələ də yataqxanalarda ağır şəraitdə yaşayırlar: “Yerləşdirildikləri mənzillər üzərində sahiblik hüququ əldə edə olunmayıb, mənzil təminatı zamanı məcburi köçkünlərin spesifik ehtiyacları nəzərə alınmayıb”.

Komissar hakimiyyəti məcburi köçkünlərin bütün iqtisadi və sosial hüquqlara, özəlliklə də adekvat mənzil və işlə təminata çıxışını yaxşılaşdırmağa çağırır.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan köçkün həyatı yaşayır. Azərbaycanda ifadə azadlığının vəziyyəti, hüquqşünasların hüquqlarının pozulması və məcburi köçkünlərin hüquqlarına dair hesabat dərc edilən zaman minlərlə vətəndaşımızın nə səbəbdən köçkün həyatı yaşadığı deyil, hələlik evi olmayan qaçqınlara ev verilməməsi hesabatda yer alır.

Son illər ölkədə aparılan iqtisadi-sosial işlər bütün dünyanın diqqətindədir. Məcburi köçkünlərə dövlət tərəfindən yaradılan şərait xarici mətbuatda belə dəfələrlə işıqlandı. Danılmaz faktdır ki, məcburi köçkünlərin mənzillə təmin olunması istiqamətində görülən işlər davam etdirilir, onlar üçün müəyyən edilən müavinətin həcmi də artıb. Bu sahədə görülən işlərə baxmayaraq, məcburi köçkünlərin hüquqlarına dair xarici hesabat dərc edilən zaman hələlik mənzil almayan şəxslərə görə ölkəmizin tənqid edilməsi düzgün deyil.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana qərəzli mövqe nümayiş etdirirlər. Həmin təşkilatlar erməni təcavüzü nəticəsində 1 milyon insanın məcburi köçkün həyatı yaşamasını dünyaya yaymalıdırlar: “Onların nə səbəbdən köçkün həyatı yaşamasını, yaşayış haqlarının niyə pozulduğunu demək əvəzinə, ölkəmizə qarşı mənfi niyyət yürüdürlər. İnsan hüquqlarından danışan təşkilatlar bunu diqqətdə saxlamaq, Ermənistanın üzərinə yürümək əvəzinə, hələlik ev almayan məcburi köçkünlərə görə ölkəmizi qınaması düzgün deyil. Bu günə qədər beynəlxalq təşkilatlar bu kimi məsələlərə obyektiv yanaşmayıblar. Son açıqlama ilə bağlı konkret şəkildə bildirilməlidir ki, bəzi məcburi köçkünlərin hələ mənzillə təmin olunmaması fikri düzgün deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan 1 milyondan artıq məcburi köçkünü yerləşdirib, onlar üçün mənzil şəraiti yaradıb, bu işlər heç də asan məsələ deyil. Dünyanın heç bir ölkəsi bu cür ağır yükün altından çıxa bilməzdi. Bunu dünyanın diqqətinə çatdırmaq əvəzinə, Azərbaycanın üzərinə yürüməsi düzgün deyil. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi və cəmiyyəti onların məlum fikrinə əhəmiyyət verməməlidir”.   

Günel CƏLİLOVA