Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin anım mərasimi keçirildi - FOTO

11 Dekabr 2019 17:29 (UTC+04:00)

Dekabrın 11-də Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzsiz və danılmazdır.

Bildirilib ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

İlqar Abbasov Şəhər prokurorluğunun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını vurğulayıb.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Ömür, Tale, Epoxa” filmi nümayiş etdirilib.

Baki-xeber.com