Azərbaycan əhalisi niyə idmanla məşğuliyyətə bu qədər laqeyddir – cəmi 20 faiz, 45-65 yaşlılarda vəziyyət daha acınacaqlıdır…

11 Dekabr 2019 17:36 (UTC+04:00)

“Sağlam bədəndə sağlam ruh” olar. Yəqin ki, bu deviz hamıya məlumdur. İdman sahəsində çalışan ekspertlər, həkimlər də bildirirlər ki, hər gün yüksək əhval-ruhiyyədə, enerjili və sağlam həyat yaşamaq istəyənlər, ilk növbədə, idmanla məşğul olmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, sağlam həyat ilk növbədə idmanın nəticəsidir.

İdmanın müxtəlif növləri var. Əgər əvvəllər idman deyəndə təsəvvürümüzdə ilk olaraq böyük və möhkəm əzələlər, şişkin bədən, ağır məşq, idman alətləri canlanırdısa, indi vəziyyət dəyişib. Artıq kişilərdən fərqli olaraq, gənc xanımlarımız da idmana böyük həvəs göstərir, müntəzəm idmanla məşğul olurlar.

Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda əhalinin yalnız 20,7 faizi idmanla məşğul olur. Belə ki, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 41,4 faizi, 20-44 yaşlı əhalinin 27,6 faizi, 45-64 yaşlı əhalinin 11,9 faizi idman edir: “İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 52,7 faizi , 20-44 yaşlı kişilərin 40,6 faizi, 45-64 yaşlı kişilərin 17,5 faizi, yaşı 65-dən çox olan kişilərin 8,9 faizi idmanla məşğuldur. Qadınlara gəldikdə isə, onların yalnız 11,4 faizi idmanla məşğul olur.

Azərbaycandakı 15-19 yaşlı qadınların 29,5 faizi , 20-44 yaşlı qadınların 14,3 faizi, 45-64 yaşlı qadınların 7,2 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.

Maraqlıdır, son zamanlar idmanla məşğul olanların sayı niyə azalıb? 

Məşqçi Seymur Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sağlam həyat tərzinin əsas şərtlərindən biri idmanla məşğul olmaqdır. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlər idmanla müntəzəm məşğul olmalıdırlar. İdmanla tək peşakar idmanla məşğul olanlar deyil, eyni zamanda, həvəskarlar, sağlıqlı həyat yaşayan insanlar da idmanın hansısa növü ilə məşğul olur: “Uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması müstəqillik dövründə ən ümdə ictimai əhəmiyyət kəsb edən məsələ kimi həmişə diqqət mərkəzində saxlanıb və qəbul edilən müvafiq qərarlarda öz əksini tapıb. Yetişməkdə olan nəslin sağlamlığını təmin etmək məqsədilə bir tərəfdən təlim-tərbiyə müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı göstərilir, tədris planları yenidən nəzərdən keçirilir, digər tərəfdən isə idman-sağlamlıq komplekslərinin şəbəkəsi genişləndirilir. Dövlətimiz tərəfindən görülən bu tədbirlərin hər birinin əsasında uşaqların fiziki sağlamlığının təmin edilməsi dayanır. İdmanla məşğul olanların sayının artırılması üçün, ilk növbədə, uşaqların, məktəblilərin bu sahəyə diqqətini yönəltmək lazımdır. İdman klubları, məşq salonları hər kəsə açıq olarsa, idmanla məşğul olanların sayı artar. Uşaqlar üçün təbiət qoynunda, dəniz sahilində kifayət qədər uşaq-idman düşərgələri təşkil olunmalıdır. Burada dincələn uşaqlar üçün müxtəlif marşrutlar üzrə turist yürüşləri keçirilməlidir. Düşərgələrdə uşaqların çox sevdiyi, onlar üçün xüsusilə vacib olan müxtəlif istiqamətli bədən tərbiyəsi hərəkətləri, sağlam və kütləvi idman işləri ilə müntəzəm məşğul olmaları təmin edilməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, insanlar idmanın əhəmiyyətini tam dərk etmirlər. İdman insana hava, su kimi lazımdır:  "İdman sağlamlıqdır. Təsəvvür edin, ailədə hər iki valideyn idmanla məşğul olursa, o ailədə övlad sağlam həyat tərzi, bədənin tərbiyəsi, gözəl düşüncə, dünyaya gözəl baxış götürə bilər. İdmanla məşğul olanda sən bədənini, qamətini düzgün saxlayır və sağlam həyat tərzi sürürsən. İdman bədənin tərbiyəsidir. İnsanın tərbiyəsi birinci onun bədənindən, insan fiziologiyasından başlayır. İstər xanımlar, istər bəylər  gələcəyə dolğun baxmaq, sağlam düşünmək üçün idmanla məşğul olmalıdırlar. İdman ancaq güclü olmaq demək deyil”.

Məşqçi onu da vurğuladı ki, peşəkar idmançılardan əlavə, bu gün idmana maraq göstərənlər arasında qadınlar üstünlük təşkil edir: “İllər əvvəl idman etmək üçün çox az xanım müraciət edirdi, amma indi vəziyyət dəyişib. Əvvəllər ölkədə bu qədər idman kompleksi yox idi. 5 il bundan öncə bizə müraciət edənlərin 30 faizini xanımlar təşkil edirdi. Çünki bəylərimizin əksəriyyəti düşünürdü ki, xanım idman etməz, idman ancaq kişi işidir. İndi belə deyil. Xanım da ailə başçısıdır, dünyaya uşaq gətirir. O, sağlam olmalıdır ki, sağlam uşaq  tərbiyə edə bilsin. 2010-cu ildə bir ay ərzində 100 xanıma məşqçilik edirdimsə, indi ay ərzində 1000-1500 xanım məşqlər üçün müraciət edir. Xanımların 70 faizi çəki atmaq istəyənlərdir”.

S.Həsənov sonda onu da vurğuladı ki, idman etmək hər yaşda faydalıdır. Buna görə də idmana bir əyləncə kimi baxmaq lazımdır. Peşəkar idmançılardan fərqli olaraq, idmandan  həzz almaq lazımdır, ondan yalnız rəqabət vasitəsi kimi istifadə edilməməlidir.

Günel CƏLİLOVA