Broyler toyuqların fəsadları barədə daha bir qorxunc şayiə - uşaqlarda vaxtından qabaq cinsi yetkinlik başlayır…

11 Dekabr 2019 17:25 (UTC+04:00)

Broyler istehsalı toyuqların və toyuq məhsullarının orqanizmə təsiri təəssüf ki, ürəkaçan deyil. Bu barədə ara-sıra informasiyalar verilir. Xarici və yerli mütəxəssislər broyler toyuqlarının insan sağlamlığına zərərli olduğunu dəfələrlə bəyan ediblər. Xüsusilə uşaqların orqanizminə mənfi təsir etdiyi bildirilir.

Qeyd olunur ki, həmin toyuqlar uşaqlarda vaxtından tez cinsi yetişkənlik yaradır. Ekspertlər və pediatrlar da təsdiq edirlər ki, broyler toyuqları uşaqlarda vaxtından tez cinsi yetişkənlik yaranmasına səbəb olur.

Pediatr Sara Mansurovanın sözlərinə görə, broyler toyuqları həddən artıq piylənməyə, şəkərli diabetə və orqanizmdə digər ciddi problemlərə yol açır. Bundan başqa, onların yemlərinə qatılan preparatlar uşaqlarda zamanından tez cinsi yetkinlik yaradır: “Yəqin ki, bişirərkən şahidi olmusunuz, bu toyuqların əti çox şişkindir, amma sümükləri çox balaca və kövrəkdir. Bu isə göstərir ki, həmin toyuqlar süni böyüdülür. Son zamanlar isə bu toyuqların verdiyi zərərlərin nəticəsi ilə daha tez-tez qarşılaşırıq. Bir valideyn 3 yaşlı uşağını həkimə gətirmişdi, məlum oldu ki, körpədə artıq cinsi yetkinlik baş verir. Araşdırma aparıldı və məlum oldu ki, uşaq həmin toyuqların ətindən tez-tez yediyi üçün, onda cinsi hormonlar tez inkişaf etməyə başlayıb. Hətta broylerləri çox yeyən uşaqlar o qədər öyrəşirlər ki, həyət toyuğunu yemək istəmirlər. Bundan başqa, uşaqlarda immunitet sistemini də broyler toyuqları aşağı salır. Bu toyuqlar hər kəsə zərərlidir, uşaqlara isə qətiyyən vermək məsləhət deyil”

Pediatr Vaqif Qarayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qida təhlükəsizliyi bütün dünyada strateji məsələdir. Xəstəliklərin artması səbəblərindən biri də keyfiyyətsiz qidadır: “Bunun üçün müəyyən işlər görülsə də, hələ də istənilən nəticə əldə olunmayıb. Məlumdur ki, broyler toyuqlarının hamısı eyni formada, eyni çəkidə olur. Həmin toyuqların qısa müddətdə yetişib, iri formada olması üçün onlara antibiotik vurulur. Toyuqların şişkin olmasının səbəbi də antibiotiklərdir. Həmin antibiotiklərin zərəri isə müxtəlifdir. Bu  toyuqlarla qidalanan şəxs xəstələnən zaman mikroblara qarşı antibiotik qəbul edir. Lakin yediyi toyuğun tərkibində antibiotik olduğu üçün, dərman kimi qəbul etdiyi antibiotik ona təsir etmir. Beləliklə, insan xəstələnən zaman qəbul etdiyi antibiotik mikrobları öldürmür. Bunun da səbəbi broyler toyuqlarına vurulan antibiotiklərdir.

Bəllidir ki, broyler toyuqlarının qısa müddətdə böyükhəcmli olması üçün onlara antibiotiklərlə yanaşı, müxtəlif tərkibli qatqılar vurulur. Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə ictimaiyyətə xəbərdarlıq edilib. Broyler toyuğu və ayrıca satılan toyuq qaraciyəri də olduqca təhlükəlidir”.

Günel CƏLİLOVA