Bakı Rusiyadan sonra İran üçün də Ermənistanı arxa plana atdı – Ermənistanda yeni təlaş…

11 Dekabr 2019 17:14 (UTC+04:00)

Rusiya və Ermənistan arasında münasibətlərin sürətlə pisləşdiyi bir vaxtda Bakı ilə Moskvanın dinamik inkişaf edən əlaqələri İrəvanda ciddi qıcıq yaradır. Artıq Kremldə açıq bəyan edirlər ki, Rusiyanın Qafqazda strateji tərəfdaşı məhz Azərbaycandır.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bu xüsusda bildirir: “Rusiya - Azərbaycan strateji tərəfdaşlığı uzunmüddətli perspektivdə tərəflərə mühüm üstünlükləri verir. Bu, uzunmüddətli yüksəliş dövrü yaşayan bərabərhüquqlu və qarşılıqlı faydalı formatdır, özü də qarşılıqlı əlaqələr iqtisadiyyat, siyasət, ölkələrimizin təhlükəsizliyinin təmin edilməsində və humanitar sahədə çoxvektorlu xarakter daşıyır. Son vaxtlar Rusiya və Azərbaycan möhkəm təməl və sahmanlı əməkdaşlıq mexanizmləri qura biliblər. Artıq Rusiya ilə Azərbaycan arasında xüsusilə etibarlı xarakter daşıyan münasibətlər bərqərar olub ki, bu da bütün sahələrdə qarşılıqlı fəaliyyətə güclü təkan və dinamika verir. Bizim birgə səylərimizlə yeni qarşılıqlı faydalı layihələr həyata keçiriləcək. Axı, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq çoxşaxəlidir, onun potensialı isə hələ uzun müddət tükənməyəcək”.

Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski də bildirir ki, Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqi əslində Azərbaycandır:“Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan kimi əməkdaşlıq formatlarının yaradılmasında Azərbaycanın böyük rolu var.   Xarici siyasət nöqteyi-nəzərindən bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli ölkədir”. Bunlar fonunda erməni mediası yazır ki, İrəvan Moskvadan əlini üzə bilər. “İravnuk” qəzeti isə qeyd edir ki, Ermənistanın yanlış xarici siyasəti nəticəsində İrəvan təkcə Rusiyanı yox, İranı da itirir:“İran Ermənistan üçün mühüm tərəfdaş olub. Amma bu ölkəni son dövrlərdə Ermənistan yox, Azərbaycan maraqlandırır. İran-Azərbaycan işbirliyi dərinləşdikcə İran-Ermənistan münasibətlərində tənəzzül müşahidə olunur, layihələr kağız üzərində qalır. Bu isə Ermənistan üçün müsbət heç nə vəd etmir”.

Həqiqətən də son dövrlərdə İranın Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verməsi diqqətdən yayınmır. Tərəflər birlikdə yeni layihələr həyata keçirmək məqsədilə genişmiqyaslı addımlar atır. Məsələn, İranın sənaye, ticarət və mədənlər naziri Rza Rəhmani bildirir ki, ölkəsi ilə Azərbaycanın iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədilə birgə müştərək sənaye şəhərciyinin inşası barədə razılıq əldə edilib. O qeyd edib ki, sənaye şəhərciyi Azərbaycanla sərhəd bölgədə yerləşən Ərdəbil vilayətinin Parsabad şəhərində salınacaq. Onun sözlərinə görə, şəhərciyin Ərdəbil vilayətində tikilməsi heç də təsadüfi deyil. Belə ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə daxil olan və İranla Azərbaycanı birləşdirən dəmir yolu məhz bu ərazidən keçəcək. Şəhərciyin dəmir yoluna yaxın ərazidə inşa edilməsi idxal-ixrac əməliyyatlarının artması və asanlaşması üçün əlverişlidir. Gələcəkdə bu sənaye şəhərciyində istehsal ediləcək və buraya daxil olacaq mallar Azərbaycan ərazisindən keçməklə Orta Asiya və Rusiyaya göndəriləcək. Nazir nəzərə çatdırıb ki, belə müştərək layihələr hər iki ölkənin iqtisadiyyatının daha da inkişafına böyük təkan verəcək.

Hazırda ölkələrimiz sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrdə uğurla əməkdaşlıq edir. Bu fonda İranın yol və şəhərsalma naziri Məhəmməd İslami də ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. İranın Əlborz vilayətindəki Payam beynəlxalq hava limanının baş direktoru Nadir Sanai isə bildirir ki, əlaqələrin dərinləşməsi fonunda İranla Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq. O bildirib ki, Bakıda səfərdə olarkən Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Qərara alınıb ki, Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar təşkil olunsun. İranın energetika naziri Rza Ərdakanian isə qeyd edir ki, Tehran qonşu ölkələrlə əlaqələrin inkişafına və elektrik enerjisi mübadiləsinin həyata keçirilməsinə diqqətlə yanaşır. Nazir bildirib ki, İranla Azərbaycan arasında, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də yaxşı əlaqələr qurulub. Onun sözlərinə görə, Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək və əməkdaşlığı davam etdirmək üçün proqram hazırlanıb. Bu proqrama əsasən, Azərbaycan vasitəsilə həm də Rusiya ilə enerji mübadiləsi aparılacaq. Bütün bunlardan aydın görünür ki, İranla Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etməsi iqtisadi əlaqələrin də inkişafına təkan verib. Elə bunlardan irəli gəlir ki, indi İran Azərbaycanla münasibətləri daha da sıxlaşdırır. Elə bu fonda Ermənistan İran üçün daha sürətlə arxa plana keçir. Erməni ekspert Vahe Davtyan da qeyd edir ki, Tehran də İrəvan getdikcə arxa plana atılır. Bu xüsusda o, Azərbaycanın fəal iştirak etdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizini ölkəsi üçün zərbə olan yeni transmilli layihə kimi təqdim edir. Bildirir ki, bu layihə nəticəsində Ermənistan yenə də nəqliyyat dəhlizi olma gücünü itirmiş olacaq. Onun sözlərinə görə, bu gedişlə Ermənistan nəqliyyat dəhlizi olma gücünü itirmiş olsa vəziyyət kritik həddə çata bilər: “Bu, Ermənistan üçün ciddi çağırışdır. Nəqliyyat logistik komponentinə dair məsələyə gəldikdə isə, aydındır ki, 2007-2008-ci illərdən sonra “Şimal-Cənub” nəqliyyat keçidinin əsas hissəsi İran-Ermənistan dəmir yolu xətti olaraq nəzərdən keçirilirdi. Bir sıra geosiyasi, daxili siyasi və digər problemlərdən irəli gələrək, bu layihə həyata keçirilmədi. Lakin bunun baş tutmamasına əsas səbəblərdən biri yenə də Azərbaycan tərəfindən İran-Azərbaycan dəmiryol xətlərinin birləşdirilməsini nəzərdə tutan layihənin icrası üzrə fəal iş aparılması olub. Bu layihə yekun olaraq “Şimal-Cənub”nəqliyyat keçidi layihəsinin əhəmiyyətli və strateji tərkib hissəsi kimi tanınır və  Ermənistan nəqliyyat dəhlizi olma imkanlarından artıq tam məhrumdur”.

Nahid SALAYEV