AMEA-nın əməkdaşlarının “13-cü maaş” tələbləri xəbərlərinin əsl mənbəyi...

11 Dekabr 2019 17:01 (UTC+04:00)

11 min nəfər əməkdaşı olan Azərbaycan Milli Elmlər Akademiyasında köklü islahatlardan söhbət getdiyi bir vaxtda bu qurumda çalışanların müxtəlif tələblər irəli sürdüyü bildirilir. Sosial şəbəkələrdə yayılan fikirlərə görə, AMEA əməkdaşları, xüsusən də elm sahəsində az-çox nailiyyəti olan şəxslər akademiya rəhbərliyindən “13-cü maaş” tələb edir. Yayılan məlumatlara görə, alimlər hesab edirlər ki, onlara “13-cü maaş” verilməlidir.

AMEA alimlərinin “13-cü maaş”la bağlı tələbi nə dərəcədə yerindədir? AMEA rəhbərliyi onların bu tələbini ödəməlidirmi? “13-cü maaş” kimlərə verilə bilər?

Məsələyə bildirilən rəsmi münasibətlərə keçməmiş, “13-cü maaş”ın nə olduğuna toxunmaq istəyirik.  “13-cü maaş” nədir, kimlərə verilir və nə cür hesablanır?

Ekspertlər qeyd edirlər ki, “13-cü maaş” ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır. “13-cü maaş” anlayışının hələ sovet vaxtlarında yarandığını deyən ekspertlər bildirirlər ki, əslində, bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar. Lakin sovet vaxtlarında xalq arasında bu mükafata “13-cü maaş” deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əməkhaqqı məbləğində mükafat verilirdi.

Bunun hüquqi əsaslarına gəlincə, ekspertlər deyirlər ki, nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərə işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilə, əlavə məzuniyyət verilə, əməkhaqqına fərdi əlavə edilə bilər.

Elm üzrə ekspertlər qeyd edirlər ki, “13-cü maaş”ı ala bilməyə layiq AMEA sistemində bir-iki alim var, həmin maaş onlara verilə bilər.

AMEA-nın ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov “Bakı-Xəbər”ə bildirdi ki, AMEA rəhbərliyinə alimlər tərəfindən “13-cü maaş”la bağlı heç bir müraciət daxil olmayıb: “AMEA-da, ümumiyyətlə, bu barədə heç bir məlumat yoxdur. Quruma bununla bağlı heç bir müraciət daxil olmayıb. Hesab edirəm ki, deyilənlərin heç bir əsası yoxdur”.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, artıq bu məsələni bəzi alimlər gündəmə gətiriblər. “Azərbaycanın tanınmış təhsil ekspertlərindən biri, bizim görkəmli alimimiz Etibar Əliyevin məhz “13-cü maaş”la bağlı təklifi oldu. Hesab edirəm ki, o, akademiyanın əməkdaşlarına “13-cü maaş”ın verilməsi ilə bağlı təklifi irəli sürməklə çox ciddi amilləri nəzərə alıb. Akademiya əməkdaşlarının maaşı həddən artıq azdır və bugünkü bazar qıymətləri ilə heç cür adekvat deyil. Ona görə də düşünürəm ki, AMEA əməkdaşlarına “13-cü maaş”ın verilməsi, əslində, yaxşı bir ənənə ola bilərdi və həqiqi elm adamlarının əməyinin stimullaşdırılmasına müsbət təsir göstərərdi. Əslində, bu onların gələcək fəaliyyətinə ciddi təkan olacaq. Nəzərə alsaq ki, AMEA-nın digər əməkdaşları ilə akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşlarında xeyli fərq var, onda fəlsəfə, elmlər doktorlarının da, şöbə müdirlərinin, kiçik və böyük elmi işçilərin, laborantların da əlavə vəsaitlə təmin olunmasına ehtiyac var. Onların arasında bu qədər əməkhaqqı fərqinin olması ədalətsizlikdir. Fikrimcə, AMEA rəhbərliyi bu müqayisəni apararaq akademiya əməkdaşlarının “13-cü maaş” alması ilə bağlı təklif və tələblərə baxmalıdır. Tutalım, kimsə AMEA-nın müxbir, yaxud həqiqi üzvü seçilibsə, digəri bu istiqamətdə seçilməyibsə, onunla müxbir üzvlərinin və həqiqi üzvlərin maaşları arasındakı kəskin fərq absurddur. Təsəvvür edin ki, kiçik elmi işçi 350, böyük elmi işçi 450 manat maaş alır, amma müxbir üzvünün maaşı 1500-dən, akademikin rütbə maaşı isə 2 min manatdan artıqdır. Bu da kifayət qədər ciddi fərq yaradır. Halbuki, AMEA-da bütün işləri görən, tapşırıqları icra edən akademiklər, müxbir üzvləri deyil, onların tabeliyində işləyən kiçik, böyük elmi işçilərdir.

Ona görə də hesab edirəm ki, Etibar Əliyevin təklifi ilə AMEA əməkdaşlarına “13-cü maaş”ın verilməsi çox faydalı olar” - deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA