Faşist Njdedən sonra Rusiyada daha üç daşnakın xatirə lövhəsi söküldü – İrəvandakı rus səfirliyi əhatəyə alındı…

4 Dekabr 2019 17:36 (UTC+04:00)

Ermənistanda çiçəklənən faşizmə Azərbaycan tərəfindən vurulan zərbə düşmən ölkədə hələ də şok effekti yaratmaqda davam edir. Bu xüsusda əsas diqqət çəkən başlıca məqam nasist cinayətkarı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsindən sonra İrəvanda tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilməsidir. Məsələni şərh edən ekspertlər bildirir ki, baş verənlər Rusiya və Ermənistan arasında növbəti gərginliyin təzahürü, iki ölkənin münasibətlərində yeni çatların göstəricisidir.

Digər tərəfdən belə görünür ki, olaylar yaxın tezlikdə rəsmi müstəvidə də ciddi çəkişmə predmieti olacaq. İlk növbədə o baxımdan ki, Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilməsinin ardınca Rusiyanın Ermənistandakı səfirliyi də millətçi ermənilər tərəfindən mühasirəyə alınıb və burada Kreml əleyhinə çoxsaylı fikirlər səslənib. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, Rusiyaya qarşı fəaliyyət bundan sonra da davam etdiriləcək və Qriboyedovun heykəlinin üstünə boya tökən Şaqen Arutunyan bununla ermənilərin Rusiyaya qarşı qəzəbəini ifadə edib.

Xatırladaq ki, Qriboyedovun heykəlinin üstünə boya tökən Şaqen Arutunyan Nikol Paşinyanın sədri olduğu “Mənim addımım” hakim fraksiyanın deputatı Yercanik Akopyanın köməkçisi olub. Onun hərəkəti isə erməni gəncliyinin faşizm ruhunda tərbiyə edildiyini bir daha sübut edir. Elə  Nikol Paşinyanın Njdeni can-dillə müdafiə edib ondan sovet xalqlarının xilaskarı obrazını yaratmağa cəhd göstərməsi də bu tərbiyənin nəticəsidir. Onun partiyasının nümayəndəsi isə özünü bir faşistin davamçısı sayaraq ermənilərin Qafqazda torpaq sahibi olmaları üçün canından keçmiş rusiyalının abidəsinə qarşı təhqiredici addım atır.  Baş verən hadisəni Ermənistan parlamenti sədrinin müavini Alen Semonyan ört-basdır etməyə cəhd göstərib: “Bu adam Qriboyedovun kim olduğundan, nə iş gördüyündən belə xəbərsizdir”. Erməni xalqını torpaq sahibi edən bir insanı deputatın köməkçisi olmuş bir nəfərin tanımaması inandırıcı deyil. Njdeni tanıyan Qriboyedovu da çox yaxşı tanıyar. Parlamentin sədr müavininin ona bəraət qazandırmaq cəhdi isə çox gülünc və uğursuz sayılır. Digər tərəfdən, “armenianreport” portalı yazır ki, Rusiya olanları cavabsız da buraxmayacaq. Məhz belə bir vaxtda digər maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Rusiyada təkcə  Qaregin Njdenin xatirə lövhəsi sökülməyib. Armavir erməni icmasının rəhbəri Qriqori Karapetyan erməni mediasına açıqlamasında nəinki Njdenin xatirə lövhəsinin söküldüyünü, eyni zamanda üç xatirə lövhəsinin - Andranik Ozanyan, Hamazasp Babacanyan və Hovhannes Bağramyanın da xatirə lövhələrinin söküldüyünü qeyd edib. Şəhər hakimiyyəti lövhələrin qanunsuz olaraq qoyulduğunu bildirib. Karapetyan deyib ki, bu addımın atılmasında məqsədin kilsənin nüfuzunu aşağı salmaq olmasına əmindir. Onun sözlərinə görə, məsələ artıq Armavir rəhbərliyi səlahiyyətindən çıxıb və yalnız iki ölkənin siyasi rəhbərliyi səviyyəsində həll edilə bilər.  O, Moskvadakı erməni konsulluğu ilə dəfələrlə danışdığını qeyd edib. Karapetyan bildirib ki, diplomatik kanallarla Njdeyə qarşı Rusiyanın mövqeyini öyrənmək lazımdır: “Ermənilər üçün “qəhrəman” hesab edilən Njdenin Rusiyada necə qəbul olunmasına aydınlıq gətirilməlidir. Bunu bilmək istəyirik. Njdenin xatirə lövhəsi bərpa ediləcək, yoxsa bu “qəhrəman” yalnız ürəklərdə seviləcək?”.
Karapetyan qeyd edib ki, vilayətdə erməni icmasının birliyi bir çoxlarının xoşuna gəlmir, bu məsədlə də məsələni qızışdırıb, parçalanmaya nail olmaq istəyirlər. Erməni kilsəsinin nümayəndəsi tərəfindən xatirə lövhəsinin sökülməsinə niyə icazə verilməsi barədə məsələyə toxunan Karapetyan bildirib ki, belə bir qərar qəbul edildikdən sonra artıq kilsə burda heç bir müqavimət göstərə bilməz. O qeyd edib ki, məsələ artıq siyasi xarakter alıb və diplomatik səviyyədə həll olunmalıdır. Amma etiraf edib ki, bu məsələdə ermənilərin istəyinə nail olması artıq müşküldür. Bunu rusiyalı tarixçi Oleq Kuznetsov məsələyə növbəti dəfə münasibət bildirərkən bir daha təsdiq edib. O,  Azərbaycanın bu məsələdə başlatdığı kampaniyanın artıq məntiqi nəticələrini verdiyini də vurğulayıb: “Xatırladım ki, Prezident İlham Əliyev bu il oktyabrın 10-da Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasətinin mövcud olması barədə məsələ qaldırdı. O bu məsələni müzakirə etmək üçün deyil, həll etmək üçün qaldırdı. Və əgər Rusiyanın hakim qüvvələri müttəfiqi olan Ermənistana ən sərt diplomatik yollarla təsir etməsə, onlar Azərbaycanın bunu güc yolu ilə etməsinə mane ola bilməyəcəklər”. Qriboyedovun heykəlinin təhqir olunması hadisəsinə gəldikdə isə, Kuznetsovun fikrincə, artıq əminliklə söyləmək olar ki, Ermənistanda 2000-ci ildən etibarən məqsədyönlü şəkildə hakim qüvvələrin apardığı nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasəti uğurla həyata keçirilir: “Mən bu məsələ ilə bağlı emosiyalardan və “vandalizm” kimi hüquqi terminlərdən istifadə etməyəcəyəm. İstənilən sağlam düşüncəli şəxs üçün İrəvanda Qriboyedovun heykəlinin təhqir olunmasının səbəbi aydındır. Mən ermənilərin kütləvi şəkildə Cənubi Qafqazda müasir Azərbaycanın sərhədləri daxilində, əsasən də Dağlıq Qarabağda peyda olmasında məhz Qriboyedova borclu olmaları üzərində də dayanmayacam”. Kuznetsov əlavə edib ki, baş vermiş insident hazırki və gələcək rusiyalı məmurlara ermənilərlə yaxınlıq etməmələri barədə bir işarədir: “Onlar fürsət yaranan anda Qriboyedovun heykəli ilə etdikləri kimi münasibətləri murdarlayacaq, xatirələrin üzərinə çirkab tökəcəklər. Bu sizə lazımdır? Erməni millətçilərdən bu cür davranış gözləyirdim. Bir ildən artıq müddətdir ki, mən “Ermənistan - nasizmin qələbə çaldığı ölkə” adlı silsilə məqalələr nəşr etməyə başlamışam və üzərindən qısa müddət keçməsinə baxmayaraq, təcrübə mənim yanılmadığımı göstərdi. Ermənistanda nasist Njdeyə pərəstiş edən və bu yolda cinayət işləməyə hazır olan böyük bir gənc nəsil formalaşıb. Faşist Almaniyasında “Hitlerügend” gənclər təşkilatı mövcud olduğu kimi, müasir Ermənistanda da bu “Njdeyugend”dir. Ancaq mən buna daha təəccüblənmirəm. Muasir Ermənistan nasizmdən təmizlənməlidir, bu, Almaniyada 1945-1955-ci illərdə tətbiq edildiyi kimi güc yolu ilə edilməlidir. Ümid edirəm ki, artıq Moskvada bunu anlamağa başlayıblar”. Daha sonra Kuznetsov Njdenin Armavirdəki xatirə lövhəsinin müdafiəsinə İrəvandakı Rusiya səfirliyini mühasirəyə alan yerli ultramillətçilərin deyil, həmçinin, Rusiya Ermənilər İttifaqının da qalxdığını xatırladıb. O, ittifaqın prezidenti Ara Abramyanın intellektual bacarıqlarının araşdırılmasının vacib olduğunu qeyd edib: “Məcmu şəkildə bütün bu faktlar erməni cəmiyyətinin xəstə olmasını, nasizmlə xəstələndiyini və bu xəstəliyin cərrahi vasitələrlə, qaynar şişlə yandırılaraq məhv edilməsinə ehtiyac duyulduğunu göstərir”.

Nahid SALAYEV