Sığorta şirkətləri ziyanla işlədiklərini gizlətmək üçün rüblük hesabatdan qaçır...

8 Noyabr 2019 18:12 (UTC+04:00)

2019-cu il tədricən başa çatmaq üzrədir. Azərbaycanın sığorta bazarı ilə bağlı 9 ayı əhatə edən məlumatlara nəzər salsaq, artımların və azalmaların müşahidə olunduğu sahələri görmək olar. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522.5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 201.7 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. Könüllü sığorta bazarı üzrə haqlar 351.7 milyon manat, ödənişlər isə 143.4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170.7 milyon manat, ödənişlər isə 58.3 milyon manat olub.

Cari ilin analoji dövründə sektor üzrə məcmu sığorta haqlarının 67.3 faizi könüllü, 32.7 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1 faizi könüllü, 28.9 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Müqayisə üçün bildirək ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə toplanan sığorta haqlarının həcmi 8,1 faiz azalıb, sığorta ödənişlərinin həcmi isə 7,9 faiz artıb. Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabr ayında sığorta şirkətlərinin nə qədər sığorta haqqı topladığını da elan edib. Məlumata görə, sentyabrda 11 sığorta şirkətinin yığımları 1 milyon manatdan çox olub. 5 sığorta şirkətinin yığımları 2-3 milyon manat arasında dəyişib. 11 sığorta şirkətinin yığımları isə 1 milyon manatdan aşağı olub.

Ümumilikdə, 2019-cu ildə sığorta bazarının kiçildiyi müşahidə edilib. Kiçilmənin yığımların azalması səbəbindən olduğu deyilir. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, sığorta şirkətləri mənfəətlərinin azalmasını, zərərlə işləməsini fərqli yollarla gizlətməyə çalışırlar. Bunu daha çox hesabatların vaxtında açıqlanmaması ilə ört-basdır edirlər.

Maraqlıdır, ekspertlər sığorta şirkətlərinin hesabatları yubatmasını nə ilə əlaqələndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, hesabatların yubadılması bir sıra amillərlə bağlıdır: “Rüblük maliyyə hesabatlarını açıqlamayan, zərərlə işlədiklərini ört-basdır edən şirkətlər bazarda varlıqlarını qorumaq, ya da ümumi dövriyyələrini gizlətmək məqsədilə bunu edirlər. Fikirləşirlər ki, bunu açıqlasalar, bazarda bu şirkətlərə inam azalacaq. Ancaq hesabatın verilməsinin yubadılması da onların xeyrinə işləmir. Hesabatların verilməsinin yubadılması sığorta bazarına olan inamsızlığı daha da artırır. Məlumatların gizlədilməsi sonda vətəndaşların bu sektora inamsızlığına gətirib çıxarır. Nəticədə sığorta bazarının hazırkı vəziyyəti qənaətbəxş hesab edilmir. Baxmayaraq ki, sığorta ilə bağlı qanunvericilik mükəmməldir və dövlət tərəfindən bu sahəyə nəzarət var, amma yenə də bu sahə əhalinin etimadını qazana bilmir. Sığorta şirkətləri arasında boşluqlar çoxdur. Hansı ki, işinin öhdəsindən gələ bilməyən bir sıra belə şirkətlər var. Düzdür, bunu bütün sığorta şirkətlərinə aid etmək olmaz. Elə şirkətlər var ki, özünü doğruldub. Ancaq bir sıra sığorta şirkətləri kütləvi surətdə vətəndaşların etibarını itirirlər. Görürsən ki, icbari sığorta yığımları ilə bağlı şirkətlər arasında əməlli-başlı yarış gedir. Ancaq ortada keyfiyyət yoxdur. Bu gün hansısa sığorta hadisəsi baş verirsə, vətəndaş min bir zülm çəkir. Ona görə də vətəndaşların sığorta şirkətlərinə inam və etimadı azalır”.

Vidadi ORDAHALLI