Texniki Universitetdə Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirildi - FOTO

8 Noyabr 2019 15:17 (UTC+04:00)

Noyabrın 8-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə təntənəli bayram mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev   universitetin professor-müəllim heyətini və tələbələri bayram münasibəti ilə təbrik edib.

Rektor çıxışında:“Üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə   Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək milli hökumətin  yerləşdiyi binanın üzərində ucaldılıb.Cümhuriyyətimizin süqutundan 70 il keçdikdən sonra ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzərində qaldırılıb.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub”.

Çıxışında müqəddəs bayrağımızın hərb meydanında ucaldılmasından danışan rektor AzTU-nun 50 qəhrəman tələbəsinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb.

Daha sonra çıxış edənlər- “İctimai fənlər” kafedrasının professoru Əyyub Kərimov və Tələbə Gənclər Təşkilatının(TGT) sədri Zərifə Əlizadə Dövlət Bayrağı və  Azərbaycan Konstitusiyası günlərinin önəmindən, müstəqil dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas QanunununAzərbaycan vətəndaşlarına açdığı imkanlardan danışıblar.

 Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirdə AzTU Televiziya Studiyasının tələbələrin iştirakı ilə 9 noyabr- "Bayraq Günü" münasibətilə  hazırladığı flashmobun vidoeçarxı nümayiş etdirilib. https://www.youtube.com/watch?v=Joc19-RwP_E