Ermənistanın “Spayka” pendiri ilə bağlı Rusiyanın jesti – siyasi təzyiq motivlərindən də danışılır...

8 Noyabr 2019 16:34 (UTC+04:00)

Rusiya gömrüyü Ermənistandan yollanan 21 ton "mavi" pendiri geri qaytarıb. Erməni mediasının məlumatına görə, "Spayka" erməni şirkətinin yeni açılan pendir fabrikində istehsal olunan 21 ton mavi pendir "Yuxarı Lars" keçid məntəqəsində 24 gün ərzində saxlandıqdan sonra Rusiya gömrükçüləri tərəfindən geri qaytarılıb. Erməni tərəfinin səylərinə baxmayaraq, Rusiya tərəfi sözügedən pendirin ölkəyə buraxılmasına rədd cavabı verib.

Məlumata görə, noyabrın 5-də Rusiya gömrükçüləri yük maşınının sürücüsünə Rusiyaya pendir keçirə bilmədikləri barədə şifahi şəkildə məlumat veriblər. Çünki pendirin Orta Asiya və Cənub-Şərqi Avropada istehsal olunduğu barədə ekspert rəyi alıblar. Daşıyıcı tərəf isə pendirin Ermənistanda istehsal olunduğunu iddia edir. Ancaq hələ də şirkətə ekspert rəyi verilməyib. Avropada istehsal olunan pendirlərin idxalına Rusiyada qadağa var. Erməni mətbuatı Rusiyanın bu addımına qəzəblə reaksiya verib. Onlar bunu onunla əsaslandırmağa çalışırlar ki, Rusiya Gömrük Xidmətinin əməkdaşları da həmin zavodda olub, pendir fabrikinin şəraiti ilə tanış olublar. Belə olan halda, pendir niyə geri qaytarılıb?

Bu onu göstərir ki, Rusiya ilə Ermənistan arasında bir sıra məsələlərlə bağlı fikir ayrılıqları tərəflərin bir-birinə qarşı ara-sıra siyasi təzyiq vasitələrini işə salmasına gətirib çıxarır. Bir müdət əvvəl Ermənistan Rusiya şirkətini hərbi tenderdən kənarlaşdırdı. Digər tərəfdən, Rusiya Dəmir Yolları (RDY) Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı sazişin müddətini uzatmaq istəmir. Bəzi məlumatlara görə, Rusiya bu sazişi ləğv edə bilər. Bununla belə, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olmasına baxmayaraq, bu ölkənin sürücülük vəsiqələri Rusiyada tanınmır. O baxımdan, “Spayka” pendirinin geri qaytarılması Rusiyanın Ermənistana yönəlik növbəti siyasi təzyiqi sayıla bilərmi? Yəni bunun məhz siyasi motivlərlə bağlı olduğuna ekspertlər necə yanaşırlar?

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Ermənistan istehsalı olan pendirin geri qaytarılması Kreml tərəfindən həyata keçirilən siyasi təzyiqin tərkib hissəsi sayıla bilər: “Bununla bağlı bir sıra nümunələr gətirmək olar. Məsələ ondadır ki, Kreml Paşinyana etibar etmədiyi üçün, Ermənistan hakimiyyətinin bəzi gözləntilərinə konkret cavab vermir. Qeyri-müəyyən vəziyyət yaradaraq Paşinyanı intizarda saxlayırlar. Məsələn, Rusiya Dəmir Yolları Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı sazişin müddətini uzadıb-uzatmayacağı ilə bağlı konkret heç bir açıqlama vermir. Bununla yanaşı, Ermənistanın ən böyük gözləntisi qazın qiyməti ilə bağlıdır. Bu barədə də hələ heç bir razılıq ortada yoxdur. Paşinyan çalışdı ki, Putin Aİİ-nin tədbiri ilə bağlı İrəvanda olanda bununla bağlı razılıq əldə etsin, amma alınmadı. Vəziyyət o yerə gəlib çatıb ki, Paşinyan dekabrda Moskvaya işgüzar səfər edəcək. Çox güman ki, əsas müzakirə olunan məsələlərdən biri də qazın qiyməti ilə bağlı olacaq. Ermənistan hakimiyyəti bununla bağlı çox narahatdır. Yuxarı Lars keçidində pendirə qoyulan məhdudiyyət göstərdi ki, Kreml Paşinyan hakimiyyətinə siyasi təzyiqlər göstərməkdə maraqlıdır. Belə olmasaydı, o zaman 21 ton pendirdən ötrü belə qərar verilməzdi”.

Vidadi ORDAHALLI