Son bir ildə 11700 erməni Ermənistanı tərk edib – “məxməri inqilab” ölkənin boşalmasını önləyə bilmədi...

8 Noyabr 2019 16:07 (UTC+04:00)

Son bir ildə Ermənistanın daimi əhalisi 11 min 700 nəfər azalıb. Bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, cari ilin 1 oktyabr tarixinə Ermənistanın daimi əhalisi 2 milyon 957 min 500 nəfər olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 2 milyon 969 min 200 nəfər olub.

Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Ermənistanın kənd yerlərində yaşayan əhalinin ümumi sayı 1073,8 min nəfərdir. Bu isə ilin əvvəli ilə müqayisədə 6,1 min nəfər azdır. Belə ki, yalnız Lori bölgəsində son bir ildə əhali 2300 nəfər azalıb. Yeri gəlmişkən, Alaverdi şəhərində yerləşən misəritmə zavodu uzun müddət işləməyib və müəssisənin bağlanmasından sonra 650 nəfər işsiz qalıb. Şirak bölgəsində mənzərə daha da pisdir. Burada əhali 3300 nəfər azalıb.

Demoqrafik problemi həll etmək üçün hökumətin hansı addımlar atmasına gəlincə, Baş nazir Nikol Paşinyanın sözçüsü Vladimir Karapetyan deyib: “Yazılı formada müraciət edin, hökumətin bu problemin həlli istiqamətində nə etdiyinə cavab verəcəyəm”.

Yeri gəlmişkən onu da qeyd edək ki, Nikol Paşinyan hakimiyyəti “məxməri inqilab”dan sonra xaricdəki ermənilərin kütləvi şəkildə Ermənistana axın edəcəyini, 2050-ci ildə ölkə əhalisinin 5 milyon nəfərə çatacağını təntənəli şəkildə elan etmişdi. Ancaq məlum olur ki, “məxməri inqilab” ölkə əhalisinin azalması prosesini önləyə bilməyib. Paşinyan hakimiyyətə gələndən sonra ölkə əhalisinin sayı azalıb və bu proses davam edir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun sözlərinə görə, mövcud iqtidarın bu məsələ ilə bağlı verdiyi vədlərin populizmə söykəndiyi bir daha aydın oldu. Politoloq hesab edir ki, Ermənistanda əhalinin azalmasının səbəbləri həm sosial, həm də siyasi-hərbi amillərlə bağlıdır: “Paşinyan hakimiyyətinin həyata keçirdiyi yarıtmaz siyasət ölkə əhalisinin müəyyən hissəsinin ötən bir ildə Ermənistanı tərk etməsinə gətirib çıxarıb. Ermənistanda əhalinin azalması, insanların ölkəni tərk etməsinin səbəbləri bəllidir. Bu bir tərəfdən gündən-günə Ermənistanda əhalinin maddi durumunun ağırlaşması ilə bağlıdır, digər tərəfdən əhalinin mütləq əksəriyyətinin korrupsiyadan əziyyət çəkməsi ilə əlaqədardır. İstər əvvəlki, istərsə də indiki hakimiyyətin dönəmində ölkədə korrupsiya azalmayıb. Baxmayaraq ki, Paşinyan korrupsiya ilə mübarizə ilə bağlı bir sıra bəyanatlar verirdi. Çox keçmədən məlum oldu ki, Paşinyanın bu yöndə səsləndirdiyi fikirlər dekorativ xarakterlidir. Ermənistanda həbs edilən bəzi məmurlar əsasən aşağı ranqda olanlardır. Reallıq ondan ibarətdir ki, “məxmri inqilab”dan sonra Paşinyan hakimiyyəti ölkədə əhalinin azalması prosesinin qarşısını ala bilmir. Ümumilikdə, demoqrafik duruma təsir göstərən amillər təbii və mexaniki amillərə bölünür. Maddi durumun aşağı olması səbəbindən Ermənistanda gənc ailələr bir uşaqla kifayətlənirlər. İkinci və üçüncü uşaqla bağlı tərəddüd edirlər. Mexaniki amillərlə də bağlı vəziyyət Ermənistanın xeyrinə deyil. Yəni ölkə əhalisi xaricdən gələnlərin hesabına artmır. Çünki ölkəyə axın yoxdur”.

E. Manafov onu da qeyd etdi ki, Ermənistanda Azərbaycanla güclü bir müharibənin baş verə biləcəyi ilə bağlı ictimaiyyətdə bir çaşqınlıq var: “Azərbaycan hakimiyyətinin yeritdiyi siyasət göstərir ki, heç vaxt torpaqların işğal altında qalması faktı ilə razı olmayacaq. Yeni bir müharibənin başlaya bilmə ehtimalı erməni gənclərini orduya getməkdən yayındırır. Xüsusən onlar Qarabağda xidmət etməkdən boyun qaçırırlar. Bu amil də gənclərin ölkəni tərk etməsinə təsir edir. Ona görə də Ermənistan əhalisinin ölkədən köç etməsi həm sosial, həm də siyasi və hərbi amillərlə bağlıdır”.

Vidadi ORDAHALLI