“Freedom House”un “Azərbaycan düşmənçiliyinə” son qoymaq üsulu – gündəmdə ideya var...

7 Noyabr 2019 18:52 (UTC+04:00)

“Freedom House” hüquq müdafiə təşkilatı hər zaman Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edib. Elə bir hesabatları olmayıb ki, orada Azərbaycanla bağlı obyektiv mövqe tutsunlar. Mütləq şəkildə qərəzli yanaşma özünü göstərib.

Məlum olduğu kimi, adıçəkilən təşkilat dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında 48-ci çıxarıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən, qurumun hesabatları siyasi xarakter daşıyır. Gürcüstan və Ermənistan təşkilatın reytinqində müvafiq olaraq 10 və 13-cü yerlərdə qərarlaşıb. Təşkilat illərdir "ənənəsinə" sadiqlik nümayiş etdirir. Sən demə, Ermənistan internet azadlığına görə dünya liderlərindəndir və bu səbəbdən dünyada 13-cü yerdədir. Hansı ki, müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz. Ona görə ki, bu mümkün deyil.

O da məlumdur ki, Azərbaycanda çoxsaylı qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bir sıra QHT ötən illər ərzində xeyli peşəkarlaşıb, geniş beynəlxalq əlaqələrə malikdir, bir sözlə, işini yaxşı bilir. Bu baxımdan ölkədəki QHT-lərlə “Freedom House” təşkilatının rəhbərliyi arasında birbaşa dialoq təşkil olunmalıdır. Gəlib vəziyyətlə yerindəcə tanış olsunlar, bir sıra məsələlərə aydınlıq gətirilsin və hesabatlarda əksini tapan yanlış dəyərləndirmələrə son qoyulsun. Bütün bunların fonunda, ekspertlər belə bir dialoqun keçirilməsinə necə baxırlar?

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, belə bir görüşün keçirilməsi çox faydalı nəticələr verə bilər: “İnformasiyanın birinci əldən ötürülməsi çox vacib məsələdir. Çox təəssüflər olsun ki, Azərbaycan QHT-ləri bəzi hallarda beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmirlər. Düzdür, bəzi beynəlxalq QHT-lər var ki, onların aydın siyasi və digər maraqları var. Bundan çıxış edərək illərdir Azərbaycana münasibətdə qeyri-obyektivliyə yol verirlər. Çünki bunların informasiya mənbələri qeyri-obyektivdir. “Freedom House” təşkilatına ötürülən məlumatların bir hissəsi Azərbaycandan gedir. Həmin informasiyaları da radikal müxalifət mövqeyindən çıxış edən şəxslər ötürürlər. Bununla belə, erməni lobbisi də çox fəal şəkildə işləyir. Onlar çalışırlar ki, insan hüquq və azadlıqları ilə bağlı daim Azərbaycanı qaralasınlar. Çox təəssüf ki, bu zaman Azərbaycandakı bəzi QHT-lərdən də bir alət kimi istifadə edilir. Ona görə də yaxşı olardı ki, Azərbaycandakı QHT-lərlə “Freedom House” arasında birbaşa əlaqə yaransın. Yaxşı olardı ki, bu qurumun rəhbərliyi ilə birbaşa normal görüşlər keçirək. Bunun nəticəsində birtərəfli informasiyanın getməsinin qarşısı alınacaq. Azərbaycanla bağlı qərəzli rəyin formalaşmasında birtərəfli informasiyaların rolu böyükdür. Belə olsa, sonrakı dövrdə onlayn əlaqə yaradılacaq. Hesab edirəm ki, belə təmaslar sayəsində Azərbaycanla bağlı qərəzli hesabatlar azalacaq. Təşkilat obyektiv informasiya əldə edəcək”.

Vidadi ORDAHALLI