“Real” hay-küylə hərəkatdan partiyaya çevrildi, çox asanlıqla da dağılıb getdi - Səbəb...

7 Noyabr 2019 17:45 (UTC+04:00)

Respublikaçı Alternativ Partiyasının (Real) Ali Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib. O, istefa bəyanatını mətbuat konfransında səsləndirib.

Azər Qasımlı sədr İlqar Məmmədovu “Real” Partiyasında avtoritarizm qurmaqda ittiham edib və bunu noyabrın 3-də partiyanın bütün strukturlarını buraxmaqla, qurultaya hazırlaşmasında göstərib.

Onun fikrincə, İlqar Məmmədovun təklif etdiyi strukturlarda nə hesabatlılıq, nə məsuliyyət, nə yerli təşkilatlar, nə də üzvlərlə kommunikasiya olacaq: “Sadəcə, bir sədr olacaq. O da zaman-zaman fitvalar verəcək, statuslar yazacaq. Bütün üzvlər də sədrin nə dediyini gözləyəcək. Sədr deyəcək mitinqə gedin, onlar da gedəcək. Yəni İlqar Məmmədovun təklif etdiyi strukturun mahiyyəti bundan ibarətdir”.

Azər Qasımlı deyib ki, o özünü bu strukturda görmür: “Gözəl sözlərin arxasında gizlənmək olar, zatən, tarix də bu cür yazılıb. Hitler də, kommunistlər də gözəl sözlərin arxasında gizlənərək totalitar rejim yaradıb. Müəyyən zamandan sonra “Real” Partiyası sıradan çıxarılacaq. Mən başlanan prosesin arxasında bunu görürəm”.

Ancaq Azər Qasımlı siyasətdən getmədiyini bildirib: “Siyasətdən, “Real” ailəsindən getmirəm. Yalnız İlqar Məmmədovun partiyasından gedirəm. Mən özümü bu partiyada görmürəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyanın adamı olmaq lazımdır. Ancaq indiki mərhələdə, yaxın bir ildə mən partiya yaratmayacağam. Bu, siyasətdən kənar qalmağım kimi qəbul edilə bilməz”.

A.Qasımlı partiyada onun mövqeyini digərlərinin bölüşməsi ilə bağlı suala konkret cavab verməyib: “İlqar Məmmədovun təkliflərinin keçməsi sıfıra bərabər idi. Mən şəxsən bu təkliflərin keçməməsi üçün çox çaba göstərdim. Buna görə bütün məclis üzvlərindən qurultaya getmələrini xahiş etdim. Əks təqdirdə həmin məclisdən iki “Real” Partiyası çıxacaqdı. Mən isə bunu istəmirdim, çünki bu, 90-lardan qalan ənənədir. Ona görə bu prosesdə iştirak etmədim. Hesab edirəm ki, düzgün addım atmışam”.

Partiyanın icra katibi Natiq Cəfərli bu hadisə ətrafında yaranan bəzi rəylərə sosial şəbəkə vasitəsilə toplu şəkildə cavab verib: "Real”a İlqara görə gələnlər sırağa gündən, Erkinə, Natiqə, Rəsula, Xalidə görə gələnlər dünəndən, Azərə görə gələnlər isə bu gündən getsinlər. “Real” bu ölkənin indiki dönəminin (gələcəkdə daha yaxşıları mütləq olacaq) son şansı, dəyərləri, vizionu, aydın hədəfləri olan təşkilat, şəxsi uğur hekayəsi olan liderlərin partiyasıdır. “Real” həm də yol açmaq üçün yarandı, sabah biz olmasaq da, “Real” olacaq - çünki şəxs üzərində qurulan təşkilat deyil və bunu ən çox da bu gün qapını çırpıb gedənlər bilirlər. “Real” həm də şəxsi maraqlarını, içiboş ambisiyalarını, incikliklərini ümumi faydaya görə içinə gömməyi bacaran şəxsiyyətlərin təşkilatıdır. “Real”ın təməl fəlsəfəsi kollektiv kimlikdir, həmişə də belə olacaq! Siyasətə gəlməyi öyrənmək kimi, getməyi də bacarmaq lazımdır, gedərkən də içdiyin qabın içinə tüpürməmək böyüklüyü də vacibdir. Zaman-zaman müxtəlif səbəblərə görə “Real”ın vitrinində olan sevimli, önəmli insanlar sıralarımızı tərk edib, amma hər biri “Real”ın təməl fəlsəfəsinə sadiq insanlar olduğu üçün, bunu şouya çevirməyiblər. Həmin insanları hamınız tanıyırsınız, onlara bir daha təşəkkür edirəm və tezliklə onları yenidən "yuvada" görəcəyimizə ümid edirəm, hətta buna əminəm! “Real” ölkə tarixində öz rolunu oynayıb, oynayır, oynayacaq da! Hədəf Cümhuriyyət - gerisi təfərrüat".

Göründüyü kimi, Azər Qasımlının qəfil istefası “Real”ı silkələyib. Bildirilir ki, yaxın zamnlarda Azər Qasımlının tərəfdarları da onun ardınca partiyanı tərk edəcəklər. Əsasən İlqar Məmmədovun həbsdə olduğu dönəmdə partiyaya çevrilən bu təsisat liderinin həbsdən çıxmasından sonra geriyə gedir. İlqar Məmmədov isə lağ-lağı statuslar yazmaq və bir qrup feminist qadınla aksiyada yanaşı addımlamaqdan başqa hansısa uğura imza ata bilməyib. Ciddi təzyiqlərlə üzləşməyən bir partiyanın qısa müddətdə belə sonluğa yuvarlanmasının kökündə hansı amil dura bilər?

“Bir səbəb də bundan ibarətdir ki, müxalifət bazarını zəbt edənlər yeni qüvvənin meydana çıxmasını istəmirlər”

 “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki,  bunun bir sıra köklü səbəbləri var: “Bizdə müxalifət anlayışı lazımınca dərk edilmir. Onunla peşəkarcasına məşğul olmurlar. Siyasətçilərdən daha çox incik adamların toplumunu xatırladır o qruplar. Mən onlara qüvvə yox, qrup deyirəm. Çünki qüvvə ola bilməyiblər. Bunlar elə başa düşürlər ki, həddən artıq aqressiv olmaqla nəyəsə nail ola bilərlər. Bəzən isə bu aqressiya elə əndazəni aşır ki, onlar hakimiyyətə yox, hətta dövlətə müxalif olurlar. Şüurlarında müxalifətçilik düşüncəsi lazımi şəkildə formalaşmadığı üçün də belə yarpaq tökümlərinə məruz qalırlar.  Əslində, bizim iqtidara da normal müxalifət lazımdır. Dövlətin idarə olunması üçün bu vacib mexanizmdir. Ancaq bu mübarizə düşmənçilik həddində aparılmamalıdır. Cəmiyyət rəqabətsiz inkişaf edə bilməz. İqtidarın addımlarını qərəzli deyil, düzgün tənqid edən müxalifətə hamının ehtiyacı var. Bizimkilər isə hesab edirlər ki, bunlar ən radikal formada dövlətin əleyhinə olmasalar, mandatları əllərindən alınacaq. Məsələn, bu yaxınlarda Cəmil Həsənlinin ABŞ-dan Azərbaycana sanksiya tətbiqini tələb etməsini də bu qəbildən saymaq olar. Belə müxalifət olmaz. Bu, dövlətin əleyhinə çıxış etməkdir. “Real” partiyasının uğursuzluq hekayəsi də bununla bağlıdır. Birincisi, onlar cəmiyyətdə özlərinə sosial dayaq tapa bilmirlər. Çünki İlham Əliyevin xalq içində nüfuzu, xarizması buna imkan vermir. Əhalinin böyük hissəsi bu səbəbdən iqtidarı dəstəkləyir. İkincisi isə, onların öz aralarında baş verən çəkişmədir. “Real” bir qədər fərqli üsulla siyasətə girişdi. Ortaya intellekt qoymaq istədi. Amma fikir verdinizsə, onları da ənənəvi müxalifət linç etdi. Bütün günü sosial şəbəkələrdə onlarla Əli Kərimlinin tərəfdarları arasında dava gedirdi, bir-birini söyürdülər. Bununla da “Real” ənənəvi müxalifətin oyununa düşüb, onların yolunu getməyə başladılar. Bir səbəb də bundan ibarətdir ki, müxalifət bazarını zəbt edənlər yeni qüvvənin meydana çıxmasını istəmirlər. İki səbəb var: hazırkı şərait və digər radikal müxaliflərin intellektual müxalifətin cücərməsinə imkan verməməsi”.

Məhəmmədəli QƏRİBLİ