Demokratiya beşiyi sayılan Fransada müsəlmanların təzyiq altında yaşadıqları rəy sorğusu ilə təsdiqləndi...

7 Noyabr 2019 17:25 (UTC+04:00)

Özünü demokratik və tolerant ölkə hesab edən Fransada, əslində, milli, dini və iqri zəmində kəskin ayrıseçkiliklər müşahidə edilməkdədir. Bu ölkədə xüsusən də müsəlmanlara qarşı xoşagəlməz münasibətin olduğu üzə çıxıb.

Fransanın İctimai Rəy İnstitutunun (İFOP) ölkə əhalisi arasında keçirdiyi sorğuya əsasən, bu ölkədə müsəlmanlar dini, milli, irqi ayrıseçkiliyə məruz qalırlar. Sorğunun elan edilən nəticələrinə görə, Fransada hər 10 müsəlmandan 4-ü irqi və dini ayrıseçkiliyə məruz qalıb.

Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrıseçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrıseçkiliklə üzləşiblər.

Sorğuya əsasən, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında isə bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakılıq halları isə müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz olub.

Bildirilib ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrıseçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45 faizi, kişilərin isə 35 faizi ayrıseçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrıseçkiliyə məruz qaldıqlarını, 37 faizi isə təhqir olunduqlarını bildiriblər.

Tanınmış ekspert Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, müsəlmanlara qarşı ayrıseçkilik Fransa cəmiyyətinə xas olan xüsusiyyətdir. A.Həsrətin sözlərinə görə, Fransa o dövlətdir ki, tarix boyu burada qeyri-fransızlara və qeyri-xristianlara qarşı ayrıseçkilik prinsipləri ilə yanaşılıb. “Fransa tarix uzunu işğalçılıqla məşğul olub və xüsusən də Şimali Afrikada bu və ya digər şəkildə soyqırımlar törədib. Eyni zamanda, həmin ölkələrin əhalisini gətirərək Avropada qul kimi işlədiblər, onlara vəhşi heyvan münasibəti bəsləyiblər, onları ayrıseçkiliyə məruz qoyublar. Təbii ki, belə bir ölkədə başqa dindən olan insanlara münasibət yüksək səviyyədə ola bilməz. Ümumiyyətlə, fransızlarda belə bir fikir var ki, onlar hamıdan üstündür, başqa xalqlar ikinci dərəcəlidir. Bu baxımdan, Fransada müsəlmanlara da münasibət yüksək səviyyədə deyil. Müsəlmanlara qarşı dözümsüzlük də fransızların özlərini başqa xalqlardan üstün tutmasından qaynaqlanır. Fransanın özündə bir neçə müsəlman icması var və bu icmanın nümayəndələri də sözsüz ki, fransız mədəniyyətini mənimsəyiblər, Fransanın qayda-qanunları ilə yaşamaqla bərabər, həm də öz etnik, dini mədəniyyərlərini də qoruyub saxlamağa üstünlük verirlər. Fransa hakimiyyəti isə burada yaşayan müsəlman icmasının öz milli, dini kimliyini qorumasına, təbliğ etməsinə, yaşatmasına tolerantlıqla yanaşa bilmir, dözümlülük göstərmir. Fransanın radikal dinçi və millətçi kəsimləri də müsəlmanların bu davranışını həzm edə bilmir, müsəlmanlardan tələb edirlər ki, onlar, ümumiyyətlə, öz dillərindən imtina etsinlər. Burada yaşayan müsəlmanlara “siz din, dil və adət-ənənə baxımından fransızlar kimi olmalısınız” deyə basqı göstərilir. Heç şübhəsiz ki, Fransada müsəlmanlara qarşı milli, dini və irqi ayrıseçkiliyin olması multikulturalizmə, tolerantlığa, birgəyaşayış qaydalarına, insan azadlığı prinsiplərinə ziddir. Ona görə də bu ölkədə müsəlmanlara qarşı belə dözümsüzlük var”.

A.Həsrətin sözlərinə görə, bu dözümsüzlük də onunla nəticələnir ki, Fransanın ayrı-ayrı şəhərlərində məscidlər yandırılır, müsəlmanlar təhqir edilir, onlara qarşı hücumlar, kütləvi çıxışlar təşkil edilir. “Fransada müsəlmanlara qarşı ayrıseçkilik edilməsi, onların ölkəni tərk etməsi və sairlə bağlı çağırışlar, müsəlmanların təqiblərə məruz qalması Azərbaycan kimi multikultural və tolerant ölkədə təəccüblə qarşılanır. Bu bizim vətəndaşları ciddi narahat edən məsələdir. Bizim ölkədə başqa dinlərdən olan insanlara qarşı hər hansı dini, milli və irqi ayrıseçkilik yoxdur, amma özünü demokratiyanın “beşiyi” sayan Fransa kimi dövlətdə müsəlmanlara qarşı bu şəkildə ayrıseçkilik var, bu, rəsmi sorğunun nəticəsi ilə də bir daha öz təsdiqini tapır” - deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA