42 Çin yük vaqonu Azərbaycan üzərindən Avropaya çatdı – ildə azı 21 trilyon dollarlıq yükün qazancına sahib olacağıq…

7 Noyabr 2019 16:48 (UTC+04:00)

Son dövrlərdə Azərbaycan və Çin arasında iqtisadi müstəvidə əlaqələrin daha dinamik xarakter alması müşahidə olunmaqdadır. Hazırda hər iki tərəf bu istiqamətdə münasibətlərin daha da dərinləşməsi məqsədilə fəaliyyətlərini genişləndirir. Bu mənada, Şanxayda keçirilən ikinci Hongqiao Beynəlxalq İqtisadi Forumunda Azərbaycan-Çin iqtisadi əlaqələrinin xüsusi diqqət mərkəzində yer alması təsadüf sayılmır.

Müzakirələrdən bir daha bəlli olub ki, hər iki ölkə iqtisadi əlaqələrin daha da genişlənməsində xüsusi maraqlı tərəf qismində çıxış edir. Bu fonda diqqət həm də ona yönəlir ki, Çin özünün “Bir kəmər, bir yol” təşəbbüsü ilə qlobal iqtisadi inkişafda yeni bir addım atıb. Azərbaycan da bu təşəbbüsün fəal iştirakçılarındandır. Xatırladaq ki, Azərbaycan və Çin İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair anlaşma memorandumu imzalayıb. Buna qədər isə, coğrafi mövqeyindən bəhrələnərək, Azərbaycan Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırıb. Ölkəni qonşuları ilə birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaradılıb. Orta dəhliz adlandırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti isə bu mənada təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, o eyni zamanda, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu həm də “Şərq-Qərb” nəqliyyat dəhlizinin mühüm hissəsidir.

Burada bir məsələni də xatırladaq ki, Çinin elan etdiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası həm də Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu fonda Bakı-Tiflis-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Yəni bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Yeri gəlmişkən qeyd edək ki, Çin məhsullarının Avropaya ixracında bundan sonra Azərbaycan ərazisindən daha geniş şəkildə istifadə etmək qərarına gəlib. Söhbət ondan gedir ki,  Çinin ilk yük qatarı məhz Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropya yola salınıb. Çinin Sian şəhərindən yola düşən və Bakı-Tiflis-Qarsla Ankaraya çatan “China Railway Express” yük qatarı artıq Türkiyədən Avropaya yola salınıb. 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan xatırladır ki, Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 21 trilyon dollardır. İndi bu ticarətdə daşımaların artıq müəyyən hissəsinin məhz Bakı-Tiflis-Qarsla reallaşdırılmasına başlanır. Onun sözəlrinə görə, Bakı-Tiflis-Qars  yükdaşımada bu mənada yeni mərhələnin əsasını qoyub.

Xatırladaq ki, Çin “Bir kəmər, bir yol” strategiyası ilə özünün dəmir yolu əlaqələrini sürətlə şaxələndirir. Bu strategiya Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Çinin 2013-cü ildə irəli sürdüyü bu strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Hər iki istiqamət Azərbaycan üzərindən keçir və ölkəmizə yükdaşımalardan böyük mənfəət qazandırır.

İndilikdə isə Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən Bakı-Tiflis-Qars regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla, onu tranzit daşımalar mərkəzinə çevirir. Burada onu da xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da istfiadəyə verilməsi onun sözügedən dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsinə çevrilməsinə gətirib çıxarıb. Belə ki, bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların Bakı-Tiflis-Qars  üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən mühüm logistika mərkəzi kimi çıxış edir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən liman ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona, o cümlədən 100 min konteynerə bərabərdir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə infrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi  artıq öz nəticəsini verir.

Amma təbii ki, Bakı-Tiflis-Qarsın Azərbaycan üçün əhəmiyyəti təkcə yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Məsələ burasındadır ki, bu dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Xatırladaq ki, 2017-ci il dekabrında Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlayıb. Elə bundan sonra Bakı-Tiflis-Qarsın Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi aktuallaşıb. Digər tərəfdən o da məlumdur ki, ötən ildən Bakı-Tiflis-Qarsla Naxçıvana yüklərin daşınmasına başlanıb. Belə ki, bu yolla daşınan yüklər Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb. Amma qarşıdakı dövr ərzində yolun Qarsdan Naxçıvana kimi uzadılması və qatarların birbaşa muxtar respublikanın ərazisinə daxil olması nəzərdə tutulub.

Bu məqsədlə Qars-İqdır-Aralıq-Dilucu dəmiryol xətti tikintisinin Naxçıvan istiqamətində davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Sözügedən xətt Bakı-Tiflis-Qars yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə tərəf bütün Türkiyə ərazisindən keçən Qars-Kapıkule xəttinə, daha sonra Avropaya doğru uzanacaq. Beləliklə, Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat-Sivas-Erzincan-Qars dəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək. Həmin xətt də məhz Naxçıvandan keçəcək. Bununla da Bakı-Tiflis-Qars Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı demək olacaq və bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir.

Nahid SALAYEV