Ermənipərəst Zatulindən Azərbaycan-Rusiya dostluğuna yeni təxribat – Rusiya Qəbələ RLS-in müddətinin uzadılmasını rəsmən xahiş etməyib...

7 Noyabr 2019 15:50 (UTC+04:00)

Azərbaycan KTMT üzvü olmadan silahları bazar qiymətlərinə alır, KTMT üzvü olan Ermənistan isə bunu faktiki olaraq pulsuz əldə edir. Bu fikirləri “Azadlıq” radiosunun erməni bölməsinə müsahibəsində Rusiya Dumasının deputatı Konstantin Zatulin səsləndirib. Azərbaycanın Rusiyadan daha çox silah alması, nəticədə balansın pozulmasıyla bağlı suala cavabında Zatulin Rusiyanın bunun üçün addımlar atdığını deyib.

Bununla belə, Zatulin Qəbələ RLS-lə bağlı bəzi həqiqətə uyğun olmayan fikirlər səsləndirib: “Siz bilirsiniz ki, Rusiya və Ermənistan arasında qırıcı tədarükü barədə yeni razılaşma var, üstəlik, Ermənistandakı Rusiya hərbi bazasının gücləndirilməsi də gündəmdədir. Siz onu da bilirsiniz ki, Azərbaycan ərazisində bizim heç bir bazamız yoxdur. Qəbələ RLS ilə bağlı müqaviləni uzatmaq istədikdə isə, faktiki olaraq, bizə rədd cavabı verildi və ona görə də biz onu öz ərazimizdə tikməyə məcbur olduq. Sözsüz ki, mən Ermənistan və Azərbaycanın Rusiyanın tərəfdaşı kimi statusunda fərq görürəm. Mən Azərbaycanla münasibətlərimizin yaxşı olmasının tərəfdarıyam və ümid edirəm ki, bu, Ermənistanın xeyrinə olacaq, Azərbaycanı düşünülməmiş addımlar atmasından çəkindirəcək”.

Zatulinin ermənipərəst mövqedən çıxış etməsi heç kəsə sirr deyil. Ancaq elə məsələlər var ki, Zatulin açıq-aşkar yalan danışır. Məsələ ondadır ki, Rusiya Qəbələ RLS-lə bağlı müqaviləni uzatmaq marağında olmayıb. Öz ərazisində daha müasir RLS inşa edib. 2012-ci ildə Qəbələ RLS fəaliyyətini dayandırıb. Ondan əvvəl artıq Rusiyada bunun daha müasir analoqu olan stansiya tikilmişdi. O baxımdan, Zatulinin bu fikirlərini ekspertlər necə şərh edirlər?

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Zatulinin Qəbələ RLS-lə bağlı dedikləri tamamilə yalandır: “O zaman nə Rusiya, nə də Azərbaycan Qəbələ RLS-in fəaliyyətinin davam etdirilməsində maraqlı deyildi. Həm rentabellik, həm də digər məqamlar baxımından Rusiya RLS-in fəaliyyətinin davam etdirilməsində maraqlı deyildi. RLS müasir tələblərə cavab vermirdi. Çünki müasir elmi-texniki inkişafın ümumi fonunda sözügedən RLS həqiqətən də köhnəlmişdi. Bu səbəbdən imkanları yetərincə deyildi. Rusiyanın özündə Qəbələ RLS-dən 10 dəfə güclü analoji fəaliyyətə malik müxtəlif stansiyalar fəaliyyət göstərir. Ona görə də deyilənlər həqiqəti əks etdirmir. Zatulin bu cür təxribat xarakterli fikirlər səsləndirməklə Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyir. Zatulin erməni lobbisinin maraqlarından çıxış etdiyi üçün belə yalanlar uydurur. Onun Ermənistana olan rəğbəti hər zaman özünü göstərib. O üzdən, bu deyilənlər Zatulinin növbəti təxribatıdır”.

Vidadi ORDAHALLI