Azərbaycanın artan hərbi üstünlükləri ətrafında Ermənistanda müzakirələr genişlənir...

6 Noyabr 2019 19:27 (UTC+04:00)

Azərbaycanın hərb sənayesində əldə etdiyi uğurlar işğalçı Ermənistanda getdikcə daha böyük təşviş doğurur. Burada hesab edilir ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll olunacağı təqdirdə Ermənistanın sərt hərbi zərbələrə məruz qalmasına gətirib çıxaracaq.

Baş verənlərə münasibət bildirən Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan qeyd edib ki, Bakının hərb sənayesi ilə yanaşı müdafiə xərclərini artırması da İrəvan üçün əlavə problemlər deməkdir:“Silah balansı problemi gündəmdədir, rəqib silah növü baxımından müəyyən üstünlüklərə malik olmamalıdır. Amma Azərbaycan artıq çox ciddi üstünlüklərə malikdir. İndi çox müzakirə olunur ki, onların büdcəsində daha çox ayırmalar var, bizimki daha azdır. Bəli, həqiqətən də belədir”. O qeyd edib ki, Azərbaycanın büdcə ayırmaları Ermənistanınkından fərqlidir:“Siz istəyirsiniz ki, mən bunun pis şey olduğunu deyim. Mən bunu deyəcəm, bu pis şeydir. Azərbaycanın büdcə ayırmaları, onların silahlı qüvvələrinin quruluşu bir az fərqlidir. Amma hərbi sahədə üstünlüklərini artırması da danılmazdır”. Erməni hərbi ekspert Qraç Petrosyan isə bildirir ki, Azərbaycanın daha bir üstünlüyü müdafiə sənayesi ilə bağlıdır: “Bu gün müdafiə sənayesi Ermənistanın ən zəif yeridir və bu sahədə ciddi boşluqlar mövcuddur”. Onun sözlərinə görə, Ermənistanın müdafiə sənayesi yoxdur: “Lakin bu haqda danışmaq istəmirlər və daim hərbi sirr olduğunu vurğulamaqla ictimaiyyətdən gizlədirlər. Əgər hansısa Rusiya şirkəti gəlib Ermənistanda “Kalaşnikov“ avtomatları istehsal edirsə, bu, bizim hərbi sənayemiz deyil. Bizdə zavodlar var, hansı ki, avadanlıqların təmirini həyata keçirir. Sovet vaxtlarında mövcud olan zavodlar da sıradan çıxıb. Ordu üçün heç bir ciddi istehsal yoxdur”. Erməni hərbi ekspert Azərbaycanı nümunə göstərib: “Azərbaycanın müdafiə sənayesi güclənir, həmçinin, Türkiyə ilə birgə hərbi zavodları var. İsraildən, Rusiyadan və digər ölkələrdən müasir slahlar alırlar. Onlar beynəlxalq sərgilərdə öz istehsalları olan bir neçə yüz növ hərbi avadanlıqlarını sərgiləyirlər. O haqda düşünməliyik ki, Azərbaycanın müdafiə sənayesinin inkişafı fonunda biz nə edirik?!”. Petrosyan qeyd edib ki, Azərbaycan mümkün qədər qısa müddətdə əraziləri qaytarmaq üçün çalışır və hərbi xərclərin artırılmasından tutmuş, müdafiə sənayesinin inkişafına qədər bir sıra istiqamətlərdə atılan addımlar buna hesablanıb.

Ekspertlər qeyd edir ki, Azərbaycan müdafiə sənayesinin uğurlarından Ermənistanın narahat olması, əslində təbii haldır. Çünki ötən dövr ərzində bu sahədə əldə edilən uğurlar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüklərinin artmasına birbaşa təsir edib. Xatırladaq ki, ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Burada istehsal olunan məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb. Bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. Bu isə həmin məhsulların yüksək keyfiyyətinin göstiəricsi sayılır. Ən əsası, ordunun bir çox ehtiyacları birbaşa daxili istehsal hesabına ödənilir. Müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili üçün də yeni addımlar atılır. Elə bunun nəticəsidir ki, cari ildə qəlpəli fuqaslı yandırıcı gülləli mərmilər, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, snayper tüfəngi, xüsusi təyinatlılar üçün patrul maşını, zirehdələn-yandırıcı-izburaxan gülləli mərmilər, müxtəlif növ döyüş sursatları, artilleriya və tank topları üçün mərmilərin gövdələri, gilizləri, avtomatik topun istehsalı mümkün olub.

Daha bir mühüm uğur isə müxtəlif ölkələr, o cümlədən Qərb dövlətləri ilə əməkdaşlıq sayəsində birgə istehsalın qurulmasıdır. Maraqlıdır ki, əvvəllər bu istiqamətdə Azərbaycanla əməkdaşlıqdan qaçan Qərb şirkətləri indi ölkəmizlə işbirliyinə xüsusi can atır. Özü də buna artıq erməni lobbisi mane ola bilmir. Məsələn, erməni lobbisinin güclü olduğu Fransa üçün indi Azərbaycanla hərbi əməkdaşlıq prioritetdir. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer bu fonda bildirir ki, Fransa energetika, neft-qaz sektoru, bərpa olunan enerji, eləcə də müdafiə sənayesi sahələrində birgə əməkdaşlığın inkişafında maraqlıdır. Artıq Fransanın “Nexter”, “Thales” kimi nəhəng hərbi şirkətləri Azərbaycanla sıx əməkdaşlıq edir.
Ermənistan bildirir ki, rəsmi İrəvan Fransa şirkətlərinin Bakı ilə əməkdaşlğının Qarabağda istifadə olunmayacağına ümid edir. Lakin erməni rəsmiləri sadə həqiqəti unudur ki, dünyada hərbi-texniki əməkdaşlıq sahəsində bağlanan müqavilələrdə bu cür şərtlər qoyulmur. İndilikdə isə Fransa-Azərbaycan əlaqələri, xüsusilə də hərbi-texniki sahədə əməkdaşlıq umumilikdə müsbət dinamikaya malikdir və artıq bir neçə ildir ki, yüksələn xətt üzrə inkişaf edir. Fransanın “Nexter Systems” şirkətinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Filip Devid Azərbaycanla hərbi-texniki əməkdaşlıqda maraqlı olduqlarını açıq bəyan edir.

Xatırladaq ki,  “Nexter Systems” şirkəti dünya ordularının yüksək texnologiyalı müdafiə məhsullarının hazırlanması və istehsalı sahəsində yaranan tələbatını qarşılamaq üçün yaradılıb. “Nexter” bütün qoşun növləri üçün yüngül zirehli avtomobildən ağır tanka qədər istənilən sinifdən olan vasitələrin, artilleriya qurğularının, müxtəlif çaplı və təyinatlı topların, onların quraşdırıldığı turellərin, idarəetmə sistemlərinin, müxtəlif optik avadanlıqların, robotların, kimyəvi mühafizə vasitələrinin, orta və böyük çaplı sursatların istehsalı ilə məşğul olur. Şirkət həmin məhsulları Azərbaycana tədarük etməklə yanaşı, birgə istehsal müəssisələrinin yaradılması istiqamətində də iş aparır. Almaniya, Fransa, Çexiya, İtaliya şirkətləri tərəfindən də analoji addımlar atılır.

Son dövrlərdə Çin də müdafiə sənayesi sahəsində Azərbaycanla işbirliyinə xüsusi diqqət yetirir. Çinin "Aerospace Long-March International Trade" şirkətinin kommersiya direktoru Cui Shiqiang bu istiqamətdə müvafiq addımlar atmağa hazır olduqlarını bildirir: "Şirkət diqqətini əsasən "yer-yer", "yer-hava" və "hava-yer" raket sistemlərinin, dəqiq tuşlamalı PGB bombaları, PUA-lar, terrorizmlə mübarizə vasitələri, sərhəd və sahilyanı ərazilərin müşahidə və nəzarət sistemləri, aerokosmik avadanlıqlar ilə təchizatına, həmçinin Çinin aerokosmik sənayesinin sifarişlərinin böyük bir hissəsinin yerinə yetiririlməsinə yönəldib.
Biz hazırda aerokosmik sahədə bir neçə layihənin müqaviləsini həyata keçirik, mobil və peyk rabitə avadanlıqları, elektron müşahidə və sərhəd nəzarəti vasitələri, şəhər qəza idarəetmə və dispetçer xidməti üçün müasir avadanlıqlar istehsal edirik. Azərbaycanla əməkdaşlıq şirkətin maraqlarına uyğundur. Hesab edirəm ki, bizim peyk və rabitə avadanlıqlarımız Azərbaycanı maraqlandıra bilər. Bura digər hərbi məhsullar da daxildir".

MDB ölkələrindən Rusiya, Ukranya, Belarus da Azərbaycanla hərbi əməkdaşlığı dinamik formada inkişaf etdirir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş əməkdaşı Oleq Jdanov bildirir ki, Ermənistanın narazılığına baxmayaraq, Ukrayna hərbi sənaye kompleksinin yeniliklərini Bakını təqdim etməyə hazırdır: "Bunlara bir neçə istiqamət daxildir. Məsələn,  raketlər, xüsusilə "Smerç" YARS üçün yüksək dəqiqlikli "Olxa" raketləri, eləcə də "Qrad", "Uraqan" və "Smerç" yaylım atəşli reaktiv sistemlər üçün sadə raketlərin bütün növləri aiddir. "Zoopak" artilleriya kəşfiyyat kompleksi, "Polojenie" kontrbatareya mübarizə vasitəsinin son modifikasiyası, hava məkanını qorumaq üçün "Kolçuqa" RLS-i qeyd etmək olar. Hərbi nəqliyyat aviasiya sahəsində isə həm döyüş zonasındakı torpaq uçuş-enmə zolaqlarında vəzifələri yerinə yetirə bilən yaxın mənzilli AN-148, həm də orta mənzilli AN-124 "Ruslan" təyyarələrini göstərmək olar".

Bunlaral yanaşı o da məlumdur ki, Azərbaycan İsraillə etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Ölkəmizdə silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Hazırda Quru Qoşunlarımızda və Hərbi Hava Qüvvələrində İsrail istehsalı olan müxtəlif adda hərbi texnikalardan istifadə olunur. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. “Orbiter-2” aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilir. Türkiyə ilə də işbirliyi sayəsində yeni hərbi texnikaların alışı və istehsalı uğurla həyata keçirilir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın hərbi qüdrətini daha da artırır. Elə Ermənistanı da qorxudan əsas məqamlardan biri məhz budur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.