İsraildə saxta “erməni genosi”dinə dəstək başladı – yəhudilərin özlərinə qarşı erməni qətliamı, dost Azərbaycan unudulur?...

6 Noyabr 2019 18:22 (UTC+04:00)

Son günlər İsraildə qondarma “erməni soyqırımı”nın tanınması çağırışları artır. Müxtəlif formada bununla bağlı tələblər səslənir.

Bu arada İsrailin sabiq iki naziri belə bir tələblə çıxış edib. Belə ki, İsrailin keçmiş maliyyə naziri Yair Lapid özünün “Twitter” səhifəsində yazıb ki, ölkəsi də analoji addım atmalıdır: “ABŞ Nümayəndələr Palatasında “erməni soyqırımı”nı tanımaq üçün verilən səs tarixi həqiqətə və ədalətə verilən səs idi. Türkiyənin dünyanı qorxutmasına imkan verməməliyik. “Soyqırım”ı tanımaq üçün İsrailin “erməni soyqırımı”nı tanıması üçün mübarizəni davam etdirəcəyəm”.

İsrailin keçmiş təhsil və ev işləri naziri Gideon Saar özünün “Twitter” səhifəsində oxşar qeyd yerləşdirib: “ABŞ Nümayəndələr Palatasının 100 il əvvəl ermənilərin kütləvi qətllərini “soyqırım” kimi təsnifləşdirmək barədə mənəvi və prinsipial addımını alqışlayıram. İsrail də bu vəhşiliyi etiraf etməlidir”.

Bununla yanaşı, İsraildə bir neçə jurnalist Netanyahu hökumətini qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb. Söhbət "The Jerusalem Post" qəzetinin dərc etdiyi yazıdan gedir. Məqalədə Osmanlı dövlətində guya ermənilərin sistematik şəkildə öldürülməsindən bəhs olunur.  Müəlliflər qeyd edirlər ki, İsrail soyqırımdan sonra qurulan bir dövlət kimi, hökumət tərəfindən qırğınlara və sistematik qətllərə məruz qalan azlıq olmağın nə olduğunu çox yaxşı bilir. Müəlliflər ABŞ Konqresinin Nümayəndələr Palatasının artıq “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdiyini də xatırladırlar. 

Yəhudi jurnalistlər “xüsusən indi Türkiyə Prezidenti Ərdoğanın İsraili təhdid etməyə davam etdiyi zaman buraxılmış səhvləri düzəltməyin vaxtının gəldiyini” düşünürlər.

İsraildə qondarma “soyqırım”la bağlı çağırışların artması təəssüf doğurur. Ona görə ki, siyasi münasibətlərdəki fikir ayrılıqları səbəbindən tarixə bu cür yanaşmaq doğru deyil. Yəhudilər nəzərə almalıdırlar ki, bir vaxtlar məhz ermənilər nasistlərlə fəal əməkdaşlıq edərək onları qırıblar. Bu heç də uzaq tarixdə baş verməyib. Başqa bir tərəfdən, bu gün İsraillə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. İsrail belə addım atsa, o zaman bu, Azərbaycanla olan münasibətlərə də təsirsiz ötüşməyəcək.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İsraildə belə çağırışların səslənməsi təəssüf doğurur: “İsraildə müəyyən qüvvələr var ki, onlar erməni lobbisi ilə sıx təmasdadır və onların sifarişini yerinə yetirirlər. ABŞ-da yəhudi lobbisində bir qrup da Türkiyə əleyhinə erməni lobbisi ilə əməkdaşlıq edir. Ona görə də biz İsraildə və ABŞ-da ermənipərəst siyasətin aktivləşməsini müşahidə edirik. Hesab edirəm ki, İsraildə sabiq iki nazirin qondarma “soyqırım”la bağlı çağırışı heç də təsadüfi deyil. Fikrimcə, onların bu çağırışı İsrail dövlətinin mövqeyini dəyişə bilməz. Ancaq, istənilən halda, bunun kampaniya xarakteri alması zərərli tendensiyadır. Gərək yəhudilər bəzi dairələrə belə fürsət verməsinlər. Çünki İsrail belə bir addım atsa, bunun bir sıra mənfi fəsadları olacaq. Azərbaycanla İsrail arasında sıx siyasi, hərbi-texniki əməkdaşlıq mövcuddur. Məhz erməni lobbisi də bu əlaqələri zəiflətməyə çalışır. Hesab edirəm ki, rəsmi Bakı İsraildə lobbi fəaliyyətlərini genişləndirməli, erməni avantürasının qarşısını almalıdır. İsraildə müəyyən qruplar yalnız İsrail-Azərbaycan əlaqələrinə kölgə salmaq üçün çalışırlar. Hesab edirəm ki, bunların fəaliyyətinin qarşısı alınmalıdır. Sabiq İsrail nazirlərinə anlatmaq lazımdır ki, Türkiyəyə yönəlik hər hansı addım həm də Azərbaycana qarşıdır. Düşünürəm ki, bu yöndə səyləri artırmaq lazımdır”.

Vidadi ORDAHALLI