“Qarabağ klanı” ayrıca Qələbə partiyası yaradaraq Paşinyanı devirmək üçün hərəkətə keçdi…

6 Noyabr 2019 17:45 (UTC+04:00)

Son dövrlərdə mövqeyi kifayət qədər sıxışdırılan “Qarabağ klanı” yenidən siyasi aktivlyini bərpa edərək Nikol Paşinyana qarşı sərt mövqe nümayiş etdirmək qərarına gəlib. Ermənistan mətbuatı yazır ki, klanın aktivləşməsi göstərişi Rusiyadan gəlib. Məsələ burasındadır ki, Moskva Paşinyanın artıq mümkün qədər tez devrilməsində indi xüsusi maraqlı tərəf qismində çıxış edərək, bu məqsədlə “Qarabağ klanı”ndan istifadə etməyi düşünür.

Qeyd edilənlər fonunda Ermənistanın keçmiş prezidenti, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”la devrilən Serj Sarkisyanın yenidən siyasi səhnəyə qayıtması təsadüfi sayılmır. Ölkəsində Rusiya rəsmiləri ilə görüşdən sonra Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Linn Treysi ilə də görüşüb. Burada Sarkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb. Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır və Respublika Partiyası ilə görüşlər müntəzəm xarakter daşıyacaq. Erməni mediası yazır ki, “Qarabağ klanı” bu fonda, Rusiyadan əlavə, ABŞ-dan da dəstək almağa çalışır. Belə bir vaxtda diqqət çəkən daha bir hadisə digər sabiq prezident Robert Köçəryanla bağlıdır. Ermənistanın “1in.am” portalı yazır ki, Köçəryanın tərəfdarları yeni hərəkat yaradaraq aktiv siyasətə start veriblər: “Robert Köçəryanın tərəfdarlarının yaratdığı “Qələbə” hərəkatının nümayəndələri Qeqarkunik vilayətinin Qavar şəhərində ikinci prezidentə dəstək üçün imza toplayıblar. Hərəkatın nümayəndələrindən biri öz çıxışında qeyd edib: “Biz Ermənistanın qarşısında duran problemlərlə bağlı fikirlərimizi sizinlə bölüşmək istəyirik. Sizlərin çoxu, bu və ya başqa səbəbdən, İrəvanda nə baş verdiyini bilmir. Bu gün Ermənistan çox ciddi çağırışlarla qarşı-qarşıya qalıb. Ona görə də biz ölkəmizin arzularımızın vətəni olması üçün sizinlə söhbət etməyə, birgə düşünməyə və fikirlərimizi bölüşməyə, nə edəcəyimizə qərar verməyə gəlmişik. Bizim hərəkatımızın şüarı “Birləşmə”dir, sizi bizə qatılmağa çağırırıq”.

Hərəkat imza toplamağa 26 oktyabrda “Qələbə” parkında başlayıb. Təşəbbüsün üzvləri artıq Çarentsavan və Abovyan şəhərlərində olublar. Biz “Qələbə”nin Köçəryan trayektoriyasını çoxdan, hələ bu təşəbbüsün üzvləri vətənpərvər şüarların və hay-küylü bəyanatların kölgəsində gizlənərkən açmışdıq. Ən azı, bir həftədir ki, “Qələbə” hərəkatı “açılıb” və Köçəryan üçün imza toplayır. Əlbəttə, cəmiyyətə bu müddətdə Köçəryan üçün neçə imzanın toplanması, məsələn, ikinci prezidentin tərəfdarlarının tirajladığı tərifli çıxışlardan daha maraqlıdır. Köçəryanı dəstəkləyən bu növbəti təşəbbüs də, digərləri kimi, imitasiya xarakteri daşıyır, məqsəd – Ermənistanın ikinci prezidentinin tərəfdarlarının olduğunu göstərməkdir. Düzdür, Köçəryanın təsəvvür etdiyi “arzuların vətəni”ndə iki misilsiz cinayət baş verib, bir əyalət adamı ölkəni və cəmiyyəti talayaraq milyardlıq varidat sahibi olub, ölkə qanlı keyf məclislərilə, korrupsiya tarixçələrilə zəngin əraziyə çevrilib.

Bu yalnız Robert Köçəryan və onun klanı üçün “arzuların vətəni” olub. Cəmiyyət öz vətəni haqqında xəyal qurmağa başlayanda isə inqilab baş verdi, Robert Köçəryan üçün həbsi qaçılmaz etdi. Belə alınıb ki, Ermənistanda “arzuların vətəni”nə ya cəmiyyət, ya da Robert Köçəryan sahib ola bilər və bu müstəvidə bu gün olan hər şey təbiidir. Yalnız aydın olmayan odur ki, Köçəryan cəmiyyətdə kimləri axtarır? Amma təhdid yaradan odur ki, Köçəryanın aktivləşməsi cəmiyyətdə yeni qarşıdurmaya rəvac verə bilər. Çünki ona Rusiyadan yüksək səviyyədə dəstək verilməsi sirr deyil. Bax, bu da Ermənistan üçün olduqca təhlükəli bir haldır. Köçəryan və Sarksiyan tərəfdarları xarici dəstəklə aktivləşsə, ciddi daxili qarşıdurma qaçılmazdır”. Erməni mediasında bu qeyd edilənlərdən bəlli olur ki, düşmən ölkə yeni daxili təlatümlər astanasınaddır. Özü də bu dəfə oyuna kənardan müdaxilə edənlər də var. Bu fonda yayılan digər məlumata əsasən, “Qarabağ klanı” mübarizə müddətində Köçəryanı həbsdən azad edə bilməsə, lider kimi Serj Sarkisyanın  kürəkəni Mikael Minasyanı seçəcəklər. Prosesdə Sarksiyanın özü də maraqlı tərəf qismində çıxış edir. Artıq o, Nikol Paşinyan hökumətini inqilab yolu ilə devirməyi qarşısına məqsəd qoymuş “Adekvat” adlı yeni müxalifət partiyasının lideri də seçilib. Bu siyasi təşkilat Paşinyan hökumətini devirə biləcək lider kimi Serj Sarkisyanın kürəkənini gördüyünü bəyan edib. Partiyanın sədri Artur Danielyan bildirib ki, müxalifətin yeganə lideri və gələcəkdə Paşinyanı inqilab yolu ilə devirə biləcək siyasətçi kimi Mikael Minasyanı görür. Bu, Paşinyanın hakimiyyətə gəlişindən sonra onun tənqidçilərinin təşkilatlanmış daha bir ciddi addımı hesab olunur. Qeyd edək ki, Mikael Minasyan Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanın Vatikan Krallığındakı səfiri olub. O, həm də Ermənistanda mediamaqnat kimi tanınır. Mikael Minasyan özü də son vaxtlar ölkənin ictimai-siyasi həyatında nəzərəçarpacaq dərəcədə fəal görünür. O, hakimiyyətin ünvanına tənqidi çıxışlar edir, özünün media resurslarında məqalələr dərc etdirir, müsahibələr verir. Ermənistan mətbuatı bu fonda hazırda Nikol Paşinyana qarşı vahid siyasi cəbhənin formalaşdırılması istiqamətində məsləhətləşmələr aparıldığını yazır.

 Yeni siyasi qüvvənin tərkibinə həm köhnə, həm də yeni müxalifətçilər daxil ola bilər. İlkin mərhələdə bu sıraya Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası, Köçəryanın tərəfdarları, “Daşnakstyun” Erməni İnqilabı Federasiyasi və “Çiçəklənən Ermənistan“  Partiyasının qoşulacağı da yayılan məlumatlar sırasındadır. Onların əsas hədəfi “Qarabağ klanı”nın yenidən hakimiyyəti ələ keçirməsidir. 

Nahid SALAYEV