Aşağı doza narkotik satışının rəsmiləşdirilməsi Azərbaycan üçün yolverilməz sayıldı

21 Oktyabr 2019 17:18 (UTC+04:00)

“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq”. Bu sözləri Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei media nümayəndələrinə açıqlamasında deyib.

Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkələrdə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir: “Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz. İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər. Bu halda həmin şəxsin cəzası narkotikdən istifadə etməyən şəxslə müqayisədə daha çox olur. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir.

Mən hesab edirəm ki, Azərbaycanda da, gec-tez, yüngül narkotik vasitələrdən istifadə leqallaşdırıla bilər. Bəlkə bu, 20-30 il çəkəcək, ancaq cəmiyyət artıq bu yöndə gedir. Cəmiyyətdə, mətbuatda bu məsələ müzakirə edilir, deputatlar bu barədə danışır, müxtəlif məqalələr nəşr olunur. Əgər bu məsələ gündəmdədirsə, gec-tez, bu addım atılacaq. Onu da deyim ki, hazırda Azərbaycanda ağır narkotik dərman olan metadon hökumət tərəfindən xəstələrə təmənnasız verilir. Məqsəd odur ki, həmin xəstələr başqa narkotik vasitə istifadə etməsinlər, narkotiklə bağlı cinayət törətməsinlər, sifilis, QİÇS, hepatit kimi xəstəlikləri iynə vasitəsilə yaymasınlar. Müalicə məqsədilə narkotik tərkibli bu dərman vasitədən istifadə edilməsi, əslində, bu istiqamətdə ilk addımdır. Cəmiyyət də artıq bunu qəbul edib. Bir müddət sonra yüngül narkotik vasitələrin leqallaşdırılması da qəbul ediləcək”.

Yüngül narkotik vasitələrin leqallaşdırılması təklifi ölkə ictimaiyyəti tərəfindən sərt qarşılandı. Hər kəs yüngül narkotik vasitələrdən istifadənin leqallaşdırılmasının əleyhinə olduğunu bildirdi.

Millət vəkili Fərəc Quliyev bildirdi ki, o, yüngül narkotik vasitələrdən istifadənin leqallaşdırılmasının əleyhinədir. Onun fikrincə, bu istiqamətdə cəzalar daha da ağırlaşdırılmalıdır: “Bu barədə mövqeyim fərqlidir. Parlamentdə "Narkotik vasitələrin istifadəsi, onun əkilib-becərilməsinə qarşı mübarizə” ilə bağlı qanunda dəyişiklik olanda bildirmişdim ki, bu istiqamətdə ən sərt tədbirlər görülməlidir. Hesab edirəm ki, narkotikin ölkəyə gətirilməsi, becərilməsi, daşınması və s. hallarla bağlı qəbul olunan qərarlarda çox yüngül cəzalar nəzərdə tutulub. Bu cəzaları həddən artıq ağırlaşdırmaq lazımdır. Bunun kökünü kəsmək üçün ciddi tədbirlər görülməlidir. Mövcud olan xəstələrin müalicəsinin aparılması başqa məsələdir. Ancaq yüngül narkotik vasitələrdən istifadəni leqallaşdırmaqla gələcəkdə böyük fəsadlara yol açmış olarıq. Düzdür, bir sıra Avropa ölkələrində yüngül narkotikdən istifadəyə yol verilir. Amma bu o demək deyil, Avropada nə baş verirsə, biz onu öz ölkəmizdə tətbiq etməliyik. Onların texnologiyasından, inkişafa nail olduqları sahələr üzrə müəyyən uğurlarından yararlanmalıyıq. Ancaq zərərli vərdişlərin təbliğini leqallaşdırmaq deyil, bu istiqamətdə ağır cəzalar tətbiq etmək lazımdır”.

Günel CƏLİLOVA