Azərbaycanın nəqliyyat sektorunu dünyada populyar edən ən mühüm keyfiyyətlər…

19 Oktyabr 2019 16:08 (UTC+04:00)

“Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar məhz bu baxımdan Azərbaycan əlverişlidir”

 

Nəqliyyat sisteminin inkişafı hər bir ölkənin iqtisadi həyatında xüsusi önəm daşıyır. Son illər respublika səviyyəsində yolların yenidən qurulması, bərpası və genişləndirilməsi, körpülərin, yol ötürücülərinin, yeraltı keçidlərin, habelə, çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi uğurla həyata keçirilir.

Xüsusilə də beynəlxalq nəqliyyat-kommunikasiya tranzit dəhlizlərinin yaradılması və perspektiv dəhlizlərin formalaşdırılması istiqamətində aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycanın istər regional, istərsə də qlobal nəqliyyat sistemində geosiyasi çəkisi artır və bu proses postneft dövrünün çağırışlarına adekvat reaksiya verilməsinə öz müsbət təsirini göstərir.

Azərbaycanın nəqliyyat sektorunun inkişaf etməsi beynəlxalq təşkilatların diqqətindən yayınmır. Beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda Azərbaycanın nəqliyyat sektoru 12-ci yerdə qərarlaşıb.

Bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən iqtisadi müşavirədə də ölkənin nəqliyyat sektorunun vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Prezident çıxışı zamanı Azərbaycanın nəqliyyat sektorunun beynəlxalq təşkilatların hesabatlarında 12-ci yerdə olduğunu qeyd edib.

Ekspertlər ötən illərlə müqayisədə Azərbaycanın nəqliyyat sektorunun inkişaf etdiyini vurğulayır.

İqtisadçı ekspert Fuad İbrahimli bildirdi ki, Azərbaycan hökuməti nəqliyyat sektorunu qeyri-neft sektorunun inkişaf etdirilməsində lazımlı istiqamət kimi görür: “Nəqliyyat yalnız sərnişin və yük daşımalarını həyata keçirmir, eyni zamanda, məhsuldar qüvvələrin inkişafında, təbii ehtiyatların və əmək resurslarının istehsal dövriyyəsinə operativ cəlb olunmasında, əhali məskunlaşmasında və məhsuldar qüvvələrin ərazi üzrə optimal yerləşdirilməsində mühüm rol oynayır. Dünya ölkələri arasında iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının əlverişli tənzimlənməsinin həyata keçirilməsi hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar və daha çox səmərə əldə etsinlər. Məhz bu baxımdan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Republikasının əlverişli nəqliyyat sisteminə malik olması dünyanın bir çox ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə münbit şərait yaradır. Təbii ki, bu kimi amillər beynəlxalq tədqiqatçıların diqqətindən yayınmır”.

Günel CƏLİLOV