Dünya reytinq agentliklərinin hesabatlarında Azərbaycan ən populyar ölkələrdən biri kimi…

14 Oktyabr 2019 18:46 (UTC+04:00)

Aparıcı beynəlxalq reytinq təşkilatlarının bir-birinin ardınca verdiyi proqnozlar, hazırladığı hesabatlar Azərbaycanın iqtisadi inkişaf templərinin kifayət qədər dinamik olduğunu nümayiş etdirməklə yanaşı, həm də ölkənin bu istiqamətdə getdikcə daha böyük nailiyyətlərə imza atdığını göstərir.  Ölkəmiz barədə səslənən fikirlərdən belə bəlli olur ki, Azərbaycan hazırda dünyanın sabit və dayanıqlı inkişaf edən ölkələri sırasındadır. Eləcə də  Cənubi Qafqazda yeganə dövlət kimi məhz Azərbaycan sabit inkişaf tempinə malikdir. Məhz belə vəziyyətdə “Moody’s” reytinq agentliyinin son hesabatı yenidən xüsusi diqqət cəlb edir.

Məlumat üçün bildirək ki, hesabatda Azərbaycanın mövqeyi sabit “Ba2” səviyyəsində təsdiqlənib. Hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risqlərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlib. Böyükhəcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilib. Həmçinin hesabatda qeyd olunub ki, maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlılığının zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi risqini aşağı sala bilər.

“Moody’s” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət hal kimi qeyd edib. Agentliyin qiymətləndirməsinə əsasən, fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır. Qeyd edək ki, “Moody’s” agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatda hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək qiymətləndirilib. Bu günlərdə isə Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində də 11 pillə irəliləyib. Ölkəmiz Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 62,7 bal ilə 58-ci yeri tutur. Ekspertlər bildirir ki,  Azərbaycanın qlobal rəqabətə davamlılıq reytinqində irəliləməsi ölkədə həyata keçirilən institusional islahatlarla bağlıdır. Qeyd edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və ölkələri dördüncü sənaye inqilabına hazırlıq səviyyəsinin ölçüsüdür. Bundan əvvəl isə “Fitch Ratings” agentliyi ölkəmizin iqtisadiyyatındakı mövcud vəziyyəti yüksək qiymətləndirən hesabatını açıqlayıb. Qurumun son hesabatında ölkəmiz öz müsbət mövqeyini qoruyub və “BB+” qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib. Özü də  Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur. Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. ABŞ-ın məşhur "Ceoworld" nəşri də son hesabıtında bu il investisiya yatırmaq üçün ən yaxşı ölkələri açıqlayıb.  Reytinq cədvəli hazırlanarkən 67 ölkə korrupsiyanın səviyyəsi, şəxsi, ticarət və pul azadlığı, əmək, investorların qorunması, infrastruktur, vergilər, həyat keyfiyyəti, bürokratiya və texnologiya kimi 11 fərqli kateqoriyada qiymətləndirilib. Burada Azərbaycan isə 43-cü yeri tutub və Rusiya istisna olmaqla, postsovet məkanında bütün ölkələri qabaqlayıb.

Bu hesabatların siyahısını bir qədər də artırmaq mümkündür və onların hamısını birləşdirən əsas cəhət ölkəmizin iqtisadiyyatına verilən yüksək qiymətdir. Ekspertlər bütün bünların çox mühüm əhəmiyyət kəsb etydini vurğulayır. İlk növbədə o baxımdan ki, bu hal xarici investorların ölkəyə cəlb olunması üçün böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, son 16 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiyanın 50 faizi xarici sərmayəçilərin payına düşür. Deməli, Azərbaycan iqtisadiyyatı ən etibarlı sistemlər sırasına daxildir. İndi yeni reytinqlər fonunda bu xarici sərmayələrin həcminin daha da artması gözlənir.

Digər tərəfdən, reytinqləri Azərbaycana dünyanın ən nüfuzlu qurumlarının verməsi də diqqətdən qaçmamalıdır. Məsələn, bir müddət əvvəl Dünya Bankının "Doing Business 2020" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu hesabatların hamısında son 4 il müddətində Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu, islahatların aparılması istiqamətləri üzrə inkişaf tempi aydın müşahidə olunur. Özü də bütün bunlar dünya iqtisadiyyatının ciddi çətinkliklər yaşadığı bir vaxtda qeydə alınır. Azərbaycanda isə qarşıdakı dövr ərzində də iqtisadi inkiaşf templərinin kiyayət qədər yüksək olması gözlənir. Məsələn, təkcə gələn il üçün gəlirlər 24,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2019-cu il büdcəsinin gəlirlərindən 1 milyard 316 milyon manat çoxdur. 2020-ci ildə büdcə xərcləri isə 25,6 milyard manat proqnozlaşdırılır. Bu da 2019-cu ildə olan xərclərdən 427,7 milyon manat çoxdur. Proqnoza əsasən, gələn il üçün ümumi daxili məhsulun real iqtisadi artımı 82,7 milyard manat olacaq. O cümlədən qeyri-neft, ümumi daxili məhsulunun artımı 54,2 milyard manat təşkil edəcək. Bütün bunlar, öz növbəsində, iqtisadi inkişafın mühüm uğurlarından xəbər verir və ölkəyə beynəlxalq diqqəti daha da artırır.

 Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığı Azərbaycana dünya miqyasında daha yüksək qiymətin verilməsini də istisna etmir. Çünki ölkə iqtisadiyyatında aparılan islahatlar kompleks xarakter daşıyır və iqtisadiyyatın əksər parametrləri üzərində müsbət təsirini göstərir. Belə vəziyyət xarici investorların da ölkəyə marağını artırır.

Tahir TAĞIYEV