Özəl sektorda daha bir sıçrayış - əməkhaqqı 33 faiz artıb

14 Oktyabr 2019 16:37 (UTC+04:00)

Son illər əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü olduğunu bir daha təsdiqləyir. Ölkə iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma enməsinə, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə imkan verib.

Danılmaz faktdır ki, bu gün qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir.

MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər nəticəsində 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əməkhaqqı fondu isə 33,4% artıb. Onun sözlərinə görə, cari il ərzində minimum əməkhaqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verdi.

Özəl sektorda əməkhaqqının artmasına münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Özəl sektorda əməkhaqqının artması, ilk növbədə, iqtisadi potensialın artması ilə bağlıdır. Azərbaycanda əməkhaqqının ödənilməsi ilə bağlı milli iqtisadiyyatın potensialı hələ də yüksəkdir. Məlumdur ki, bu il dövlət sektorunda əməkhaqqının ciddi şəkildə artması özəl sektorda da maaş artmasının yaşanmasına səbəb oldu”.

Həmsöhbətimiz onu da vurğuladı ki, qeyri-neft sektorunda ümumdaxili məhsul daha qabaqlayıcı şəkildə artmaqdadır. Qeyri-neft sahəsində inkişafın qeydə alınması özəl sektorda əməkhaqqının artmasına səbəb olur. Bu sahədə qeydə alınan inkişaf nəticəsində əməkhaqqının həcmi daha da artacaq.

Günel CƏLİLOVA