Türkiyə və İran: şüar siyasətinin bəzi aspektləri

11 Oktyabr 2019 17:51 (UTC+04:00)

Müasir dövrdə Azərbaycanın (Ermənistan istisna olmaqla) bütün qonşuları ilə dərin tarixi köklərə söykənən möhkəm münasibətləri var. Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və milli maraqlar əsasında formalaşdırılan meyillər müşahidə olunur. Türkiyə ilə İran Azərbaycanın qonşuluğunda yerləşən və böyük iddiaları olan dövlətlərdir. Hər iki dövlət müxtəlif tarixi dövrlərdə Azərbaycanın hazırkı torpaqlarına sahib olub.

İranla Azərbaycan arasında münasibətlər hər zaman dostluq və qarşılıqlı etimad prinsipləri əsasında qurulub və indi də bu istiqamətdə inkişaf etməkdədir. İranla Azərbaycan arasında olan ənənəvi dostluq münasibətlərinin, iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə böyük ümidlər vardır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi ticari-iqtisadi və siyasi münasibətlərə müsbət təsir göstərəcəkdir.

Azərbaycan regionda maraqları təmsil olanan böyük dövlətlərin təsir dairəsinə və alətinə çevrilmədən müstəqil siyasət yürüdür. Bu incə xətti qorumaq şərti ilə milli mənsubiyyət,milli identiklik və dini kimlik məsələsinə hər zaman aydınlıq gətirməyə ehtiyac duyulur.Qonşuluğumuzda yerləşən bu dövlətlərin Azərbaycanla bağlı öz maraqları və planları var. Bu məqalədə Türkiyə və İranın Azərbaycanla münasibətlərinə nəzər salmağa çalışacağıq.

Cənubi Azərbaycanda ictimai-siyasi vəziyyətə təsir edən şüarlar

İki ölkə arasında tarixi, etnik, dini əlaqələrimiz dərin köklərə malikdir. Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, tarixi sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır.

Azərbaycan tarixinin böyük bir hissəsi İranla, daha dəqiq desək, Cənubi Azərbaycanla bağlıdır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı 2 əsr ərzində “farslaşdırmağa” çalışan İran hakimiyyəti qismən də olsa istədiyinə nail olmağı bacarıb. Bunun üçün Azərbaycan türklərinin bütün insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması prosesi davam etdirilir. İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq, müstəqil teatra, radio və televiziyaya sahib olmaq, qəzet və jurnal çap etdirmək hüququ əlindən alınıb.

İran hakimiyyəti sayı 40 milyona yaxınlaşan azərbaycanlılara potensial təhlükə kimi baxır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız həqiqətən də İranın suverenliyinə və ərazi bütövlüyünə təhlükə ola bilərmi? Bu cür düşüncənin formalaşması üçün əsaslar da kifayət qədərdir. Çünki ötən əsrdə İranda baş verən hər dörd üsyanın əsas hərəkətverici qüvvəsi cənubi azərbaycanlılar, Təbriz şəhəri isə bütün inqilabların beşiyi olub. 1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə başlayan milli-azadlıq (Məşrutə) hərəkatı, Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi milli-azadlıq hərəkatı, Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin (tarixi-siyasi ədəbiyyatda “21 Azər hərəkatı” adı ilə tanınır) fəaliyyəti və 1979-cu ildə İran İslam İnqilabında azərbaycanlı soydaşlarımızın üzərinə böyük məsuliyyət düşüb. Göründüyü kimi, İranın taleyüklü məsələlərində hər zaman azərbaycanlı toplumu əsas rol oynayıb. Cənubda yaşayan soydaşlarımızın əsas məqsədi milli kimliyin təsdiq olunmasına nail olmaq və Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklərə təkan vermək olmuşdur. Qeyd etmək lazımdır ki, 1945-1946-cı illərdə Azərbaycanın güneyində müxtəlif mətbuat orqanları, o cümlədən, “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Covdət” (Ərdəbil), “Urmiyyə, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələri nəşr olunmuş, bu mətbuat oqranlarının səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı öz əksini tapmışdır.

Bundan əlavə, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov kimi bəstəkarları İranın musiqisindən ilhamlanaraq, öz məşhur əsərlərini yaratmışlar. Hətta bu yaxınlarda bütün Azərbaycanda trendə çevrilən “Səni deyirlər” mahnısı bayağı və el şənliklərinə uyğun olmasına baxmayaraq, əhali arasında dərhal populyarlıq qazandı, şimali və cənubi azərbaycanlılar arasında olan bütün fiziki sərhədləri qırdı. Azərbaycanda qısa bir zamanda ildırım sürəti ilə yayılan mahnıda Urmiya gölünün qurudulmasına etiraz ifadə olunur. Qeyd edək ki, İranın şimal-qərbində yerləşən Urmiya gölünün vəziyyəti son 50 il ərzində pisləşib. Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Rəsmi statistikalara əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur. Göldə suyun səviyyəsinin düşməsi 1995-ci ildən başlayıb. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran Urmiya gölündəki böhran vəziyyətini aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində işləyir. Urmiya gölünün quruması ilə İranın Mazandaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran, Qəzvin və bəzi digər əyalətlərində ekoloji fəlakət baş verəcək. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə davamlı olaraq maliyyə yardımları edir.   

Orta əsrlərdə Azərbaycan şairləri və yazıçıları əsasən fars dilində yazıb-yaradıblar. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin fars dilində yazılması indiyə qədər İran və Azərbaycan arasında mübahisə predmetinə çevrilir. Lakin Azərbaycan rəhbərliyinin humanitar sahədə yürütdüyü uğurlu siyasətin nəticədir ki, son illərdə Nizaminin məhz Azərbaycan şairi olması, Gəncədə yaşaması və o dövrün əsas ədəbi dilinin fars dili olması səbəbindən öz əsərlərini bu dildə yazdığı əsaslı dəlillərlə sübuta yetirilmişdir.

Təbrizdə yaşayan azərbaycanlıların əsas qürur mənbəyi “Traktorsazi” (Tirəxtur və ya Tıraxtur) futbol klubudur. Klubun sponsoru Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodudur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. məşhur futbolçular yetişdirmişdir. Təbrizin 85 min nəfərlik “Səhənd” stadionunda keçirilən hər bir oyun xalq bayramını xatırladır. “Traktor” azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. “Traktor” hər il ardıcıl olaraq 2009/2010-cu ildən sonrakı mövsümlərdə ən çox tamaşaçısı olan komanda kimi seçilib. İranda “Nəvəd” adlı televiziya verilişində “Traktor” azarkeşlərinə “İranın ən çoşqun azarkeşləri” ünvanı verildikdən sonra bu klubun azarkeşləri “Coşqunlar” ləqəbi ilə şəhərdə və idman dairələrində məşhurlaşdı. Hazırda bu klub İranda yaşayan Azərbaycan türklərinin kimlik mübarizəsinin simvollarından birinə çevrilib. Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 %-ə qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, paytaxt Tehran da daxil olmaqla ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. İranın yürütdüyü siyasətə qarşı “Yaşasın Azərbaycan!”, “Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı”, “Azərbaycan var olsun, istəməyən xar olsun”, “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!” şüarları komandanın oyununa, əzmkarlığına və yeni-yeni qələbələrə köklənməsinə təsir edən əsas amillərdəndir. “Traktor” azarkeşlərinin ən sevimli şüarı “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”dir.

“Traktor” azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri hesab edirlər. Stadionda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq tez-tez “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirirlər.

“Traktor” azarkeşləri təkcə öz doğma komandalarını dəstəkləməklə kifayətlənməyib, Azərbaycanın bütün toplumsal problemlərini öz münasibətini bildirməyə, haqsızlıqlara qarşı etiraz səslərini ucaltmağa çalışırlar. Güney Azərbaycanın simvollarından biri sayılan Urmiya gölünün get-gedə quruması ilə bağlı olaraq “Traktor”un 2010-cu ildə keçirdiyi ev oyunlarından birində stadionda “Urmu gölü səslənir, susuzam, haray, haray” şüarı səsləndi. Bunun nəticəsində həmin il mart ayının 1-də Təbrizdən, Urmiyadan, Güney Azərbaycanın digər bölgələrindən olan yüzlərlə “Traktor” azarkeşinin hər biri Urmiya gölünün üzərindəki körpüdən gölə bir qab su tökdü. Bundan sonra Urmiya gölünə gələn hər bir adam ciddi polis yoxlanışından keçirilir və bəzi məlumatlara görə, bu günəcən bu kampaniyaya qoşulmaq istəyən 100-dən artıq “Traktor” azarkeşi həbsdədir.

İranın əsasən şimal-qərb regionlarında – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbildə Azərbaycan dili və ya özlərinin təbirincə desək, türk dilində və ya Azərbaycan türkcəsində danışılır. İran İslam Respublikasının 7-ci Prezidenti Həsən Ruhani seçki kampaniyası çərçivəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərinə səfərləri zamanı etnik azərbaycanlılara vəd vermişdi ki, seçiləcəyi təqdirdə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək. Bu ilin sentyabrın 23-dən İranın etnik azərbaycanlılar yaşayan bölgəsindəki dövlət məktəblərində Azərbaycan/türk dili tədris oluna bilər. Burada yaşayan etnik azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil üçün mübarizə aparırlar. Dərslər həftədə 2 dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq keçiriləcək. Rəsmi məlumatlarda bu, sinifdənxaric oxu kimi tədris olunacağı deyilir. İran hökuməti bunu “pilot plan” kimi təqdim edir. Dərslər yalnız 4-cü və 9-cu sinif şagirdlərinə keçiriləcək. Dərslərin məzmunu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək. Təbriz Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” adlı fakültə fəaliyyət göstərir. Burada hər il cəmi 30-40 tələbə təhsil alır və 30-40 milyon insandan 30-40 nəfərin bu fakültəni bitirməsi verilən vədə tamamilə uyğun deyil.

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı və Ümummilli lider Heydər Əliyevin“Bir millət, iki dövlət” konsepsiyası

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın (Killigil) komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakarın təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç zaman unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də iki respublika arasında rəsmi münasibətlər olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşməsində böyük rol oynayıb.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Bu vaxtdan etibarən Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib.

“Bir millət, iki dövlət” – Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün istifadə edilən milli konsepsiyadır. Bu konsepsiya xüsusilə Azərbaycan Respublikasının bu sahədə rəsmi mövqeyinin əsasını təşkil edir.

Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Türkiyə hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilməkdədir. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətdir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələrin uğurlu fəaliyyəti bölgədəki inkişafa böyük təsir göstərir. Dünya neft-qaz sənayesindəki bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

Türkiyə tərəfi Azərbaycanın 20% ərazisinin işğalı ilə bağlı həmişə Azərbaycanın mövqeyini müdafiə etmiş, Qarabağ dərdini öz dərdi hesab etmiş, artıq bu problemin aradan qaldırılmasının zamanının gəlib çatdığını vurğulamışdır. Türkiyənin rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.  

Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (İran və Rusiya ilə birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir. Azərbaycanla, demək olar ki, birbaşa quru əlaqəsi olmayan (təcrid edilmiş Naxçıvanla əlaqə istisna olmaqla) Türkiyə yalnız Gürcüstan, Rusiya və İran vasitəsilə Azərbaycana və Orta Asiyaya daxil olmaq, onlarla hərtərəfli əməkdaşlıq etmək imkanına malikdir. Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır.

2014-cü il 22-26 avqust tarixlərində Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri haqqında çəkdiyimiz qısametrajlı filmdə (bax: Azərbaycan və Türkiyə dostluq filmi - İlyas Hüseynovun təqdimatında - https://www.youtube.com/watch?v=_tHpikEJfrY&t=4s) bir sıra önəmli məqamlara diqqət yetirilir.

Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir.

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməlidir.

İlyas HÜSEYNOV
Politoloq