Azərbaycandan Ermənistana daha bir sərt zərbə… “Valday”ın ardınca MDB zirvəsi…

11 Oktyabr 2019 19:58 (UTC+04:00)

Diplomatik müstəvidə Ermənistana qarşı Azərbaycanın bir-birinin ardınca endirdiyi zərbələr bu gün işğalçını beynəlxalq müstəvidə də çıxılmaz duruma salır. Son dövrlərdə isə qeyd olunan xüsusda diqqət cəlb edən iki başlıca hadisə əsas müzakirə predmetidir. Bunlardan birincisi Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı, digəri isə onun MDB dövlət başçılarının iclası zamanı səsləndirdiyi fikirlərdir. Hər iki çıxış Ermənistan üçün olduqca sərt diplomatik zərbə sayılmaqla bu işğalçı dövlətin əsl mahiyyətinin yenidən faş olunmasında da mühüm rol oynayır.  

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qretsova İlham Əliyevin çıxışlarında, gözlənildiyi kimi, Dağlıq Qarabağ probleminin ön plana çəkilməsini təbii sayır: “İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi indiyədək həllini tapmamış problem kimi illərdir Azərbaycan xalqının ürəyində qanayan yaradır. O hələ də milyonlarla insanı dərindən narahat edir və milyonlarla ailə üçün problem yaradır. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda hər an yenidən alovlana biləcək qaynar nöqtədir və dördgünlük aprel döyüşləri də bunu bir daha göstərdi.

Həmçinin, Prezident İlham Əliyev üçün dünya və Rusiya informasiya cəmiyyətində münaqişə tərəflərindən birinin, konkret olaraq erməni tərəfinin yaratdığı informasiya blokadasını yarmaq mühüm idi. Erməni diasporunun Rusiya və dünyanın kütləvi informasiya vasitələrində həm akademik, həm də media ekspertləri arasında necə təsir gücünə malik olduğu hamıya məlumdur. Hər kəs erməni diasporunun Rusiya televiziya kanallarındakı siyasi tok-şoularda geniş təmsil olunduğunun şahididir. Milyonlarla insan həmin mənbələrdən informasiya alır. Nəticədə, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında heç də dolğun olmayan informasiya aldığı bir şərait yaranır. İlham Əliyevin nitqi məhz bu informasiya-ekspert blokadasını yarmaq məqsədi daşıyırdı”. Ekspertin qənaətinə görə, ictimai rəyin zəif məlumatlandırdığı bir neçə mühüm məqam var: “Onlardan biri Dağlıq Qarabağın hələ sovet hakimiyyətinə qədər Azərbaycanın tərkibində olması faktıdır. İlham Əliyev vurğulayıb ki, XX əsrin 20-ci illərinin əvvəllərində sovet orqanlarının qərarı ilə Dağlıq Qarabağ Azərbaycana verilməyib, Azərbaycanın tərkibində saxlanıb. Bundan başqa onu da vurğulamaq zəruri idi ki, BMT kimi əsas beynəlxalq institutlar, hər şeydən əvvəl, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini birmənalı şəkildə tanıyır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var.

Yetərincə diqqət yetirilməyən digər mühüm problem, Dağlıq Qarabağla yanaşı, onun ətrafında işğal olunmuş yeddi rayonun da olmasıdır. Dünya və Rusiya ictimai rəyini formalaşdıran bir çox təmsilçilər hesab edirlər ki, azərbaycanlıların və ermənilərin yaşadığı Dağlıq Qarabağda ermənilər daha çox olub və oradan azərbaycanlıları didərgin salıblar. Lakin Dağlıq Qarabağın ərazisindən daha böyük sahəni əhatə edən Dağlıq Qarabağın ətrafındakı yeddi rayon barədə danışılmır. Bu rayonlarda daha çox azərbaycanlı yaşayırdı və etnik təmizləmə çərçivəsində yüz minlərlə sakin oradan didərgin düşüb. Həmin rayonlar indi boşdur və özü-özlüyündə, barbar siyasi praktikanı təmsil edən mübadilə üçün nəzərdə tutulub”.

Bütün bunlarla yanaşı, MDB dövlət başçılarının iclasının da dünya mediası tərəfindən böyük auditoriyaya yayımlanmasını nəzərə alan Prezident İlham Əliyev Ermənistana, onun hazırkı rəhbəri Nikol Paşinyana növbəti sarsıdıcı zərbəni endirdi. Ermənistanda faşizmin yenidən çiçəklənməsini bütün dünyanın diqqətinə çatdırdı. Qeyd edək ki, İlham Əliyev çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb. Bildirib ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb. Faşizmin üzərində qələbə qazanılmasına Azərbaycan xalqı da böyük töhfə verib və İkinci Dünya müharibəsində qələbə naminə Azərbaycan böyük qurbanlar verib.  Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib:“Təəssüf ki, MDB məkanında, xüsusilə Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbilə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoymuşdu”. Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib. İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb:“Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”. Bununla bütün dünyanın bir daha diqqətinə çatdırıldı ki, Ermənistan hələ də nasiszmin mədhi siyasətini davam etdirir. Ermənistanın paytaxtının mərkəzində nasist general Qaregin Njdeyə böyük heykəl ucaldılmasının xüsusi vurğulanması bu xüsusda tutarlı fakt kimi təqdim olundu. Xatırladaq ki, heykələ əlavə olaraq, İrəvanda Njdenin adına meydan və metro stansiyası verilib, onun “irsi” isə Ermənistanın dövlət məktəblərində uşaqlara tədris edilir. Halbuki, Njde Vermaxtın “erməni legionu” komandirlərindən biri kimi nasistlərlə əməkdaşlıq edib. Bu hərbi hissə Krımda, Qafqazda və Fransanın cənubunda döyüşüb. Hərbi cinayətlərinə və nasistlərlə əməkdaşlıq etdiyinə görə sovet məhkəməsi ona 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Bundan başqa o da məlum faktdır ki, Ermənistan digər erməni nasist generalı olan  Drastamat Kanoyanı da mədh edir. Ermənistan hökuməti Drastamat Kanoyan adına Milli Strateji Tədqiqatlar İnstitutu da yaradıb, Müdafiə Nazirliyi isə onun adına hərbi qulluqçuları və hərbi təlimlərdə müvəffəqiyyət qazanmış mülki şəxsləri təltif etmək üçün medal təsis edib. Bütün bunlar Ermənistanda faişizmin yenidən çiçəklənməsinin real təzahürüdür və Azərbaycan rəhbərliyi tərəfindən daha bir mötəbər beynəlxalq tribunada dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu hal, eyni zamanda, Ermənistanın işğal siyasətinin nələrin üzərində köklənməsinin də üzə çıxarılması baxamından vacib önəm kəsb edir.

Digər tərəfdən ekspertlər hesab edir ki, Prezident İlham Əliyev tərəfindən MDB dövlət başçılarının iclasında bu məsələnin qaldırılması başqa bir parametr baxımından da olduqca önəmlidir. Söhbət burada Ermənistanın beynəlxalq hüququ növbəti dəfə kobud şəkildə pozmasının təsbit edilməsindən gedir. Belə ki, hələ 2015-ci ilin  martında BMT Baş Assambleyası "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnamə qəbul edib. Sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Assambleyası "nasizm hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını ifadə edir. Özü də BMT Baş Assambleyasının bu qətnaməsi Rusiyanın təşəbbüsü ilə qəbul olunub. Həm də xatırlatmaq lazım gəlir ki, rəsmi Moskva dəfələrlə İkinci Dünya müharibəsinin nəticələrini yenidən yazmaq və təhrif etməyin yolverilməz olduğunu bəyan edib. Amma milyonlarla insanın həyatı bahasına başa gəlmiş alman nasizmi üzərində bu tarixi qələbəyə erməni faşist ideologiyasının kölgə salmağa cəhd göstərməsi də özünü aydın büruzə verir. Məhz bütün bunlar MDB dövlət başçılarının iclasında Prezident İlham Əliyev tərəfindən olduqca tutarlı arqumentlərlə ifşa olundu. Ermənistan baş naziri Nikol Paşinyanın bunlara cavab vermək cəhdi isə iflasa uğradı. Əksinə, onun Njdeni müdafiə etməsi Ermənistandakı indiki hakim rejimin də faşizmə yuvarlanmasının daha bir təsdiqi oldu. Faktiki olaraq, Paşinyan göstərir ki, o da sələfləri kimi faşist ideologiyasına meydan açır. Bu isə o deməkdir ki, Paşinyan da Njde və Dro kimi cinayətkar əcdadlarının yolu ilə gedir. Baş verənlər həm də onu nümayiş etdirir ki, Ermənistanda  faşizmin, terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsi olaraq qalır. Çünki Njde tərəfindən formalaşdırılmış faşizm, şovinist erməni millətçi ideologiyası, irqçilik meyli müasir mərhələdə Ermənistan hökumətinin ideologiyasının əsasıdır. Bundan irəli gəlir ki, Ermənistanda faşizmlə yanaşı, dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəti yürüdülür. Faşizmin və terrorizmin populyarlaşdırılması üçün erməni millətçilərin bu cür fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi fonunda özünü aydın göstərir. Bütün bunlar MDB dövlət başçılarının iclasında Azərbaycan tərəfindən uğurla ifşa olundu, dünyanın diqqətinə çatdırıldı. Bu fonda dünya Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə bir daha şahidlik etdi. Elə bu da “Valday” Beynəlxalq Diskussiya Klubundan sonra Türkmənistanda Ermənistana vurulan növbəti sərt zərbə sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.