Azərbaycan 141 ölkənin 58-cisi oldu – qlobal rəqabət indeksində sürətli irəliləyişin sosial-iqtisadi əsasları...

9 Oktyabr 2019 18:25 (UTC+04:00)

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətədavamlılıq reytinqində 141 ölkə arasında 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Azərbaycan hazırda 62,7 bala sahibdir. İlk sıralara Sinqapur, ABŞ, Honkonq, Niderland və İsveçrə çıxıb. Ermənistan 61,3 balla 69-cu, Gürcüstan 60,6 balla 70-ci yerdədir. Ermənistan 11 pillə Azərbaycandan geridədir.

Ümumilikdə, reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.

Görünən odur ki, islahatlar dərinləşir, reytinq yüksəlir və ölkənin nüfuzu artır. Aparılan islahatlar mütəmadi olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst səviyyəyə qalxmasına imkan verib. Ümumiyyətlə, beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda Azərbaycan iqtisadiyyatının real vəziyyəti haqqında müsbət hesabatların təqdim edilməsi təsadüfi deyil. 2015-ci ildən etibarən daha da dərinləşdirilən islahatlar bu sahədə Azərbaycanın reytinqini daha da artırır. Davamlı islahatlar aparıldıqca, ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasını müşahidə edirik. Bu baxımdan qlobal rəqabətədavamlılıq reytinqində Azərbaycanın 11 pillə irəliləməsinin sosial-iqtisadi əsaslarını ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, qeydə alınan irəliləmə bir sıra faktorlarla bağlıdır: “Beynəlxalq reytinq cədvəllərində Azərbaycanın daha münasib yerlərdə sıralanması ölkədə islahatların yeni dalğasının başlanmasına start verilməsi ilə bağlıdır. Bu islahatlarla son bir neçə il ərzində bir çox sahədə irəliləyişlər əldə edilib. Belə pozitiv nəticələrin iqtisadiyyatımızın bütün sahələrində əldə olunması isə aparmaq istədiyimiz islahatların başlıca hədəfidir. Bu sırada ən mühüm yer ölkə iqtisadiyyatının qeyri-neft sektorunun indikindən 3-4 dəfə üstün templə inkişafını təmin etməkdir. Bu baş verdikdə, heç şübhəsiz, biz bu cür reytinq cədvəllərində birinci onluqdan aşağı yerə layiq görülməyəcəyik. Hökumətin rəhbərliyinə yenicə təyinat almış peşəkar iqtisadçı Əli Əsədovun bu məsələdə ciddi dönüş yarada biləcəyinə inanıram. Bütövlükdə, 2015-ci ilin sonlarından ölkədə postneft dövrünün başlandığı elan edildikdən sonra sürətlənən iqtisadi islahatlar iqtisadiyyatın real sektorunun dinamik inkişafını təmin etməyi hədəfləyib. Məsələn, Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə institutudur. Onun hesabatını heç bir təşkilatın hesabatı ilə müqayisə etmək mümkün deyil. Bir müddət əvvəl sözügedən bank Azərbaycanı hesabatında ən çox islahat aparmış bir ölkə kimi qeyd edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu tam doğru bir yolla irəliyə aparır”.

Vidadi ORDAHALLI