AXCP radikallarının paytaxtın mərkəzində öncədən hazırlanmış “piket taktikası” niyə baş tutmadı...

9 Oktyabr 2019 17:05 (UTC+04:00)

Son günlər üzvlərinin müxtəlif səsyazıları və digər biabırçılıqları ilə məşhurlaşan “Milli Şura” və AXCP şəhərin mərkəzində icazəli piket keçirdi. Lakin keçən müddətdə piketlə mitinqin fərqini belə bilməyən, başda Əli Kərimli olmaqla, AXCP üzvləri sosial şəbəkələrdə çağırış edərək vətəndaşları piketə dəstək verməyə səslədilər.

Cəbhəçilər piket keçirilən vaxt ərazidə təxribatçı hərəkətlər etdilər, piketin qaydasında, tam dinc şəraitdə keçməsinə baxmayaraq, şəhərin mərkəzində, xüsusilə də sıravi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz yürüş keçirməyə, polis əməkdaşlarını provokasiyaya çəkməyə çalışdılar. Ancaq onların bütün təxribatlarının qarşısı alındı.

İşin ən maraqlı tərəfi isə bu idi ki, həmin aksiyada nə Əli Kərimli, nə də “Milli Şura” sədri Cəmil Həsənli gözə dəydi. Səbəb bəllidir, onların planlaşdırdığı ssenari tam başqa idi və orada iştirak risq tələb edirdi. Radikal liderlər istəyirdilər ki, icazəli aksiyanı bir xaosa çevirsinlər. Şəhərin mərkəzində bir ajiotaj yaratmaqla prosesə sadə vətəndaşları da cəlb etsinlər. Ancaq onların istəyi alınmadı. Radikalların niyyəti niyə alınmadı?

AXCP adına iddia edən digər qanadın funksioneri Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla Ə.Kərimli və tərəfdarları həm də müxalifətin imicinə böyük zərbə vurdular: “Birincisi, bu ölkədə yalnız onlar piket keçirmək istəmir. Başqa müxalifət partiyaları da var ki, onların da piket keçirmək hüququ var. İndi sual oluna bilər: əgər piketə icazə verilmişdisə, niyə qaydalara əməl olunmadı? Təşkilatçılar bunu etməyə borclu idi. Piketin tələblərinə uyğun şəkildə olan sayda adam çıxmalıydı. Bununla Ə.Kərimli bir neçə məqsəd güdürdü. Birincisi, göstərmək istəyirdi ki, guya arxasında güc var. Əslində, bu bir şou idi. Ona aksiya demək olmaz. İkinci məqəsədi isə müxalifətin adına zərər vurmaq idi. Bunu da etdi. Artıq onlar hökumətin əlinə kifayət qədər əsas verdilər ki, gələcəkdə şəhərin mərkəzində aksiyalara icazə verməsin. Ə.Kərimli guya hökumətə güc göstərmək istəyirdi, ancaq müxalifətə yeni bir torba tikmiş oldu.  Ə.Kərimli bununla istəyinə tam nail oldu. Ancaq aksiyası alınmamaqla nə müxalifətə, nə də iqtidara əzələ nümayiş etdirə bilmədi. Göründü ki, heç böyük izdiham da yarada bilmədilər. Bir neçə radikalı xahiş və minnətlə ora çıxarmışdılar. Həmin aksiyanı sivil formada da keçirmək olardı. Tam aydın oldu ki, bunlara normal tədbir yox, qarşıdurma yaratmaq maraqlı olub. Buna da nail olmadılar. Çünki asayiş keşikçiləri də çox normal davranış nümayiş etdirdilər, onların provokasiyasına uymadılar. Əslində, təşkilatçılar hakimiyyətin verdiyi bu imkandan daha yaxşı yararlana bilərdilər. Sonra əllərində əsas olardı deməyə ki, biz nümunəvi davranış ortaya qoyuruqsa, niyə aksiyaya icazə vermirsiniz? Bundan sonra həmin sözü heç bir müxalifət partiyası deyə bilməyəcək. Bu da Ə.Kərimlinin növbəti “xidməti” oldu”.

Məhəmmədəli QƏRİBLİ