Radikal cəbhəçi piketçilərin “Əli Kərimli özü haradadır” ittihamları...

9 Oktyabr 2019 16:19 (UTC+04:00)

Məlum olduğu kimi, oktyabrın 8-də son günlər üzvlərinin müxtəlif vəhşiliyi, səsyazıları və digər biabırçılıqları ilə məşhurlaşan “Milli Şura” və AXCP-nin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında 50 nəfərlik piketi keçirilib. Lakin keçən müddətdə piketlə mitinqin fərqini belə bilməyən, başda Əli Kərimli olmaqla, AXCP üzvləri sosial şəbəkələrdə vətəndaşlara, aksiya keçirirmiş kimi, piketə dəstək verməyə dair çoxsaylı çağırış etdilər.

Cəbhəçilər yenə də həmişəki ənənələrinə, çirkin niyyətlərinə sadiq qaldılar. Ərazidə təxribatçı hərəkətlərini davam etdirdilər, piketin qaydasında, tam dinc şəraitdə keçməsinə baxmayaraq, şəhərin mərkəzində, xüsusilə də sıravi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz yürüş keçirməyə, polis əməkdaşlarını provokasiyaya çəkməyə çalışdılar. Nəticədə onların təxribatına aldanan bəzi şəxslər arasında xəbərdarlıq edilib ərazidən uzaqlaşdırılan da oldu, saxlanan da.

Ən maraqlı məqamlardan biri də o oldu ki, piketçilərdən biri Ə.Kərimlinin piketə gəlməməsinə etiraz etdi. Belə ki, sözügedən piketçi qışqıraraq “Ə.Kərimli özü haradadır” deyə aksiya iştirakçılarından soruşub. Bu artıq onu göstərir ki, sıravi cəbhəçilər arasında Ə.Kərimliyə yönəlik narazılıqlar artır. İnsanları qanunsuz aksiyalara təhrik edən Ə.Kərimli özü piketə gəlmir. Bu da, öz növbəsində, tərəfdarları arasında ona qarşı narazılıqların daha da artmasına təkan verir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu onu göstərir ki, artıq sıravi cəbhəçilər Ə.Kərimlinin əsl mahiyyətini dərindən dərk etməyə başlayıblar: “Görürlər ki, Ə.Kərimli riyakarlıqla, saxtakarlıqla məşğuldur. İnsanları piketə çağırır, özü isə kənarda gizlənir. Eyni zamanda, düşünülmüş şəkildə piket iştirakçılarını qanundankənar hərəkətlərin edilməsinə təhrik edir. Bu, açıq-aşkar, sözügedən aksiyada özünü büruza verirdi. Görünən odur ki, sıravi cəbhəçilər get-gedə Ə.Kərimlinin yalanlarına alət olmaq istəmirlər. Bu səbəbdən ona açıq şəkildə etiraz etməkdən çəkinmirlər. Başqa bir tərəfdən, adətən, piketə az sayda adam gəlir, hansısa tələblər irəli sürüb gedirlər. Ancaq bunlar isə, qanunsuz olaraq, piketi mitinqə çevirmək, güc nümayiş etdirmək istədilər. Buna da imkan verilmədi və qanun çərçivəsində bunun qarşısı alındı. Bununla belə, sözügedən aksiyalar həm də o məqsəd daşıyır ki, bunu təşkil edənlər kimlərəsə hesabat verirlər. Onların məqsədi çəkilişlər aparıb hesabat vermək idi. Buna da müəyyən mənada nail oldular. Burada xalqın istəyindən yox, bir qrup adamın istəyindən söhbət gedir. Ona görə də bilərəkdən aksiyada təxribat törətdilər”.

Vidadi ORDAHALLI