Azərbaycan “ASAN” brendinin Mərkəzi Asiya dövlətlərinə transformasiyası başladı...

9 Oktyabr 2019 15:52 (UTC+04:00)

Azərbaycan cəmiyyətində fəaliyyətilə özünü artıq çoxdan doğruldan “ASAN xidmət” modeli artıq qonşu respublikaların, eləcə də uzaq ölkələrin diqqətini cəlb edir. Sosial xidmət sahəsində bənzəri olmayan bu modelin başqa ölkələrdə də tətbiq edilməsi reallaşmaqdadır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin bildirdiyinə görə, artıq bu modelin ixracı ilə bağlı başqa dövlətlərdən bizə müraciətlər edilir: “Tacikistan və Qırğızıstan “ASAN xidmət” modelinin ixracı ilə bağlı Azərbaycana müraciət ediblər”.

O bildirib ki, hazırda “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı müraciət edən bəzi ölkələrlə danışıqlar aparılır: “Bu yaxınlarda Özbəkistanla da saziş imzalamışıq. Bu, bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Bu ölkələrdən onunda “ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlamışıq. İxrac istiqamətində işlərimiz bundan sonra da davam edəcək. Təkcə “ASAN xidmət” modeli ilə bağlı yox, ümumiyyətlə, Azərbaycanın elektron hökumət, İT həlləri proqramları artıq dünyaya ixrac olunur” - deyə Ü.Mehdiyev vurğulayıb.

 “ASAN xidmət” modelinin başqa ölkələrə ixrac edilməsinin əhəmiyyətindən danışan tanınmış iqtisadçı-ekspert, professor Əli Əlirzayev “Bakı-Xəbər”ə bildirdi ki, bu modelə dünya dövlətləri arasında marağın artması təbiidir. İlk dəfə Azərbaycanda yaradılan və tətbiq edilən, özünü praktikada tam olaraq doğruldan “ASAN xidmət” modelinin bütün dünya üçün əhəmiyyət kəsb etdiyini deyən Ə.Əlirzayevin sözlərinə görə, keçmiş Sovet İttifaqına daxil olan respublikaların bu modelə maraq göstərməsi çox əhəmiyyətlidir. “Azərbaycanda tətbiq edilən “ASAN xidmət” mexanizmi çox yaxşı mexanizmdir və faydasını da hər kəs görür. Bu həm praktiki cəhətdən, həm də insanların asanlıqla öz problemlərini həll etmək baxımından çox əhəmiyyətlidir. Bu sahədə xidmətə ehtiyacı olan adamların bu təsisata maraq göstərməsi onu deməyə əsas verir ki, bu model tam olaraq özünü doğruldub. Bu modelin tətbiqi bir sıra cəhətdən əhəmiyyətli oldu, o cümlədən də sosial xidmət sahəsində korrupsiyanın, rüşvətxorluğun qarşısının alınmasında, şəffaflığın təmin edilməsində onun rolu danılmazdır. Bir çox insan ayrı-ayrı idarələrə gedib vaxt itirirdi, indi isə vahid mərkəzə müraciət etməklə işlərini həll edir. Bu vahid mərkəzin idarə olunması şəraitində insanların bir-birinə yalan satmağı, rüşvət almağı mümkün deyil. Ona görə də hesab edirəm ki, Azərbaycan şəraitində belə bir modelin tətbiqi çox doğru addımdır. Ora müraciət edən insanların danışığından eşidirik ki, orada vaxtımız itmir, artıq xərcimiz çıxmır, dövlət rüsumu nədir, o pul ödənir. Düşünürəm ki, bu modelin tətbiqinə başqa ölkələrin maraq göstərməsi təsadüfi deyil. Xarici ölkələr də bu modelin Azərbaycanda özünü doğrultduğunu görüb, özləri də bunu tətbiq etmək istəyirlər. Xüsusən də sovet rejimindən çıxan ölkələr bu modelə maraq göstərirlər. Bu ölkələrin hamısının idarəetmə sistemi Azərbaycanla eyni olub. Tacikistan, Özbəkistan və digər ölkələr “ASAN xidmət” modelinin öz ölkələrinə ixrac edilməsinə nail olmaqla sosial xidmət sahəsində yeni bir istiqamət açmış olurlar. Onlar da bu sahədə inkişafa nail olmaq istəyirlər” - deyə Ə.Əlirzayev qeyd etdi.

O hesab edir ki, “ASAN xidmət” modelinin digər xarici ölkələrdə də tətbiqi qaçılmazdır. Onun sözlərinə görə, bu model asan xidmət üsulu kimi diqqəti çəkir.

İradə SARIYEVA